Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

16 Sentyabr 2020 15:20
Bəyəndim (8) Bəyənmədim (0)

Həqiqət Həqiqi

Eşqlə köçərlər

Sənə dünyam desəm, fani görünər,

Uca zirvəm desəm, duman sürünər.

Mən sənə can dedim, çünki əzizim,

Səndəki o cana ruhum bürünər.

Sənə ürək desəm, anidən durar,

Gözlərim yaş süzər, matəmin qurar.

Sənə ruhum dedim, çünki əzizim,

Ruhum sənlə qalar, göylərdə durar.

Sənə süsən-sünbül desəm, biçərlər,

Abı suyum desəm, alıb içərlər.

Mən sənə nəfəsim, dedim əzizim,

Çün, belə sevənlər eşqlə köçərlər.

Dedim, darıxmışam

Dedim darıxmışam, baxışın üçün,

Sənsizlik çətindir, həsrəti zülm.

Dedin, göndərirəm baxışlarımı,

Bürün rənglərinə darıxma, gülüm.

Dedim darıxmışam, təbəssümüncün,

Axıb süzülərdi dodaqlarından.

Dedin, göndərirəm gülüşlərimi,

Göz yaşını silsin yanaqlarından.

Dedim darıxmışam, əllərin üçün,

Əlim isinərdi ovuclarında.

Dedin, tellərinə nəzər sal, gülüm,

Əlimin tumarı saç uclarında.

Sənsən

Dilimdə ən gözəl misra səslənir,

Nöqtəsi, vergülü, nidası sənsən.

O nazı, qəmzəsi olan sevginin,

Eşqi heyran edən ədası sənsən.

Sənsən bu dünyaya olan həvəsim,

Sən yoxsansa, ömür bu qədər bəsim.

Səndən özgə, başqa yoxdur bir kəsim,

Qəlbimin bəlası, qadası sənsən.

Nə bir gələnim var, nə bir gedənim,

Sənsiz qəlbim viran, ay tərk edənim.

Cansız bir əşyadı cismi bədənim,

Canımın hay verən sədası sənsən.

Əcəb yaralandım, könül viranə,

Çoxları başımda olub pərvanə.

Bir sənsən cana can, təksən, yeganə,

Axı bu qəlbimin sevdası sənsən!

Şəmşad Quliyev

Payız küləyi

Oğul itgisiylə sinəsi dağlı,

Bir ürək həsrətlə döyünür hər an.

Elə daxmalar var, qapısı bağlı,

O yerdən sadəcə keçibdir zaman.

Kimsəsiz bir ana yaşayır orda,

Sağında, solunda xatirələr var.

Birdə ki, o oğlu yatan otaqda,

Divardan asılmış əsgər şəkli var.

Ətrafa səs salar, saatın səsi,

Fəsillər dəyişər, bahar, qış olar.

Yoxdur bir yaxını, yoxdur kimsəsi,

Hər axşam kədərlə gözləri dolar.

Pəncərə önündə hər gün dayanar,

Gözləri intizar içində yanar.

Oğlunun son dəfə getdiyi yola,

Qayıdar deyərək, bir xeyli baxar.

Küləklər qapısın hər axşam döyər,

Bir yeni ümidlə coşar ürəyi.

Bəlkə də oğlumdur, gəlibdir deyər?

Həvəsin öldürər, payız küləyi.

Ölsəm, bağışla

Söyləmə düzələr hər şey zamanla,

Çalış, dərdlərimin dilini anla.

Yalan sözlərimlə, andla-amanla,

Sevgimi qəlbindən silsəm, bağışla.

Sınmış ümidlərdən düzü gətirsəm,

Həsrət ocağından közü gətirsəm.

Fikrimdə ayrılıq sözü gətirsəm,

Titrək baxışlarla gülsəm, bağışla.

Ovutsa qəlbini həyat biriylə,

Atsan keçmişini onun əliylə.

Yaşasan xoşbəxtlik düşüncəsiylə,

Ayaq səslərimlə bölsəm, bağışla.

Hirsim taleyimdə tufan qoparsa,

Əlini yad əllər möhkəm tutarsa.

Məni yaddaşından silib çıxarsa,

Özgə qollarında ölsəm, bağışla.

Sənin göz yaşına ehtiyacım var

Dan yeri tələsir gecə olmağa,

Ötüşür buludlar başımın üstə.

Həyatdan əlimi üzən günümdən,

İllərdir yaş gəlir, yaşımın üstə.

Nə vaxtdır yağış da dinmir, danışmır,

Yanımdan əliboş keçir küləklər.

Bəlkə də yadlaşıb indi hardasa,

Mənli ocaqlarda mənsiz ürəklər.

Sükuta qərq olur bu torpaq, bu daş,

Hanı bəs şairin dost-tanışları?

Torpaq onları da basıb bağrına?

Bəs niyə çox deyil məzar daşları?

Bu zülmət evində, soyuq məzarda,

Hələ çəkilməyən ağrım, acım var.

Həyatda hər şeyə ağlayan qadın,

Sənin göz yaşına ehtiyacım var.