Poeziya

Poeziya

14 Sentyabr 2020 11:33
Bəyəndim (2) Bəyənmədim (0)

Nizami Bayramlı

Qorxuram

Qorxuram, günahkar sən ola-ola,

Bütün günahların mənə yazıla.

Qorxuram, günahsız mən ola-ola,

Mənə də günahlar gələ, tapıla.

Qorxuram, bu eşqin sonu olmaya,

Bu eşq də heç ola, puç ola bir gün.

Bütün xəyallarım, ümidlərim də,

Yaşaya mənimçün, ölə səninçün.

Qorxuram, ayrılsaq, mənim yerimə,

Başqası toxuna dodaqlarına.

Qorxuram, nifrətin güc gələ mənə,

Düşəm xəyalının ayaqlarına.

Sahilində batan adam

Yuxum həyatımdan gözəldir deyə,
Xoşbəxt olmaq üçün, yatan adamam.
Hər gün xəyalımın səssizliyində,
Beləcə başımı qatan adamam.

Bu dünya kimlərə tanıdır kimi,
Xatırladım sənə qoy kimliyimi.
İndi ucuz tutma, gülüm, sevgimi,
Bir vaxtlar əlindən tutan adamam.

Nə çətin, nə də ki, asanındayıq,
Daha ayrılığın düz yanındayıq.
Sevgin dəniz idi, mən isə qayıq,
Gəlib sahilində batan adamam.

Bilmədim, görəsən nə oldu bizə?
Kimə daş ataraq, gəlmişəm gözə.
Uzağı sahilə çıxıb, dənizə,
Torpağın bir daşın atan adamam.

Gülən qız

Bu gün lap çox gecikdin,

Görüşümə gələn qız.

Yaman donub qalmısan,

Ağlayan qız, gülən qız.

Məzarınla üz-üzə,

Gələndə, gərək dözəm.

Demişdin, ölümsüzəm,

Nə oldu ay ölən qız?

Tənha qoyub getmisən,

Həyatından küskünü.

Otaqdakı güzgünü,

Masamızın üstünü,

Göz yaşımı silən qız.

Səndən sevgi diləndim,

Məni saldın oda sən.

Get, o torpaq, o da sən,

Dua, rəhmət dilən qız.