Poeziya

Poeziya

13 Sentyabr 16:41
972
Bəyəndim (0) Bəyənmədim (0)

Ziba Sevindik

Sevgi istədim

Səni gözlədikcə, darıxdım yaman,

Gözlədim, nədənsə gəlib çıxmadın.

Həsrətin qəddimi eylədi kaman,

Bir gəlib üzümə niyə baxmadın?

Nə oldu, gəlişin yubandı belə?

Əzizim, sən axı belə deyildin.

Mən səni sevgimin şahı bilirdim,

Sən kimin önündə qultək əyildin?

Səndən sevən ürək, sevgi istədim,

Sənsə əvəzində göz yaşı verdin.

Mən sənin özünü arzulasam da,

Sən mənə hədiyyə başdaşı verdin.

Sənə olan sevgim təmiz

Ay halıma yanan ağla,

Dərd-qəmimi qanan ağla.

Məni sevən ürəyinə,

Sirdaş, həmdəm sanan ağla.

Sənli günlər mənə yardır,

Ömrüm-günüm bəxtiyardır.

Səndən keçən hər bir günüm,

Gül-çiçəkli xoş bahardır.

Sənə olan sevgim təmiz,

Eşqimiz çağlayan dəniz.

Sənsən mənə bu dünyada,

İnan ki, canımdan əziz.

Bu necə həyatdı?

Vaxt olur, sübhə qədər,

Gecə oyaq qalıram.

Səni anıb beləcə,

Xəyallara dalıram.

Yaman çöküb üstümə,

Dərdin, qəmin buludu.

Ərşə çəkib yuxumu,

Sənsizliyin sükutu.

Qəlbimdə çiliklənib,

Neçə-neçə arzular.

Sən olmasan, bilmirəm,

Dərdim necə azalar?

Gözdən axan yaş ilə,

Suvarıram üzümü.

Allah kəssin bu səbri,

Qəlbimdə bu dözümü.

Kədər doğmadır mənə,

Sevinc ögeydir, yaddı.

Anlamıram, özüm də,

Eh, bu necə həyatdı?