İstedadlı rejissor Tariyel Vəliyev 68 yaşında dünyasını dəyişdi

İstedadlı rejissor Tariyel Vəliyev 68 yaşında dünyasını dəyişdi

24 Aprel 2012 12:32
670
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 10-da bağırsağından cərrahi əməliyyat olunan rejissor Tariyel Vəliyevin vəziyyəti üç gün sonra pisləşib. O, əməliyyatın ilk günlərində özünü yaxşı hiss etsə də, sonradan bəzi orqanları funksiyasını dayandırıb. Mərhum bu gün kənd Əhmədli qəbiristanlığında dəfn olunacaq.

Tariyel Vəliyev 1944-cü il fevralın 24-də İmişli rayonunda anadan olub. Orta təhsilini Bakının 172 saylı məktəbində, ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və LDTMK Akademiyasında alıb. 1967-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində radio rejissoru vəzifəsində işə başlayıb, 1972-ci ildən bu günə qədər televiziya rejissoru kimi fəaliyyətini davam etdirib.
Bu illər ərzində o bir sıra televiziya tamaşalarının, dövlət tədbirlərinin, bayram proqramlarının quruluşçu rejissoru olub. Azərbaycan televiziya məkanında ilk çoxseriyalı televiziya tamaşasının, Aslan Qəhrəmanovun "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" tamaşalarının quruluşçu rejissoru olub. Daha sonra İsi Məlikzadənin "Qaranquş yuvası", Seyid Hüseynin " Məhəbbət macərası", Əzizə Əhmədovanın "Pəncərədən işıq", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam-1", Anarın "Evləri köndələn yar" teletamaşalarını çəkib. Bundan başqa, Heydər Əliyevin hakimiyyətə gəlməsinin 30 illiyi ilə bağlı "Xalqa həsr olunmuş ömür" televiziya verişinin, Qurtuluş günü ilə bağlı "Xilas günü", eləcə də "Heydər Əliyev-75" in quruluşçu rejissoru olub.
1988-ci ildən etibarən ADMİU-də müəllim, sonradan "Kinoşünaslıq" kafedrasının müdiri, indiyədək isə "Televiziya rejissoru" kafedrasının müdiri vəzifəsində çalışıb.

O.M.