MTRŞ : “Artıq xarici serialların dayandırılması ilə bağlı vaxt gəlib çatıb”

MTRŞ : “Artıq xarici serialların dayandırılması ilə bağlı vaxt gəlib çatıb”

18 Aprel 2012 16:09
935
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Televiziya və Radio Şurasının (MTRŞ) aprelin ikinci yarısında iclası keçiriləcək. İclasda yeni serialların çəkilməsi ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq. Bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə bildirib. Onun sözlərinə görə, iclasda ölkə telekanallarında mayın 1-dən xarici serialların dayandırılması məsələsi də müzakirə olunacaq: "Xarici serialların yayımının dayandırılması ilə bağlı qərar qətidir və bu məsələdə hər hansı bir spekulyasiya ola bilməz".

Şura sədri deyib ki, artıq milli filmlərin çəkilməsi üçün telekanallara ayrılan 500 min manat vəsaitin verilməsinə başlanılıb: "Bir neçə kanalın sənədləri artıq hazırdır. Yaxın iki gün ərzində bu maliyyə telekanalların hesabına köçürüləcək. 500 min manat az vəsait deyil. Bu pula yeni seriallar çəkmək mümkündür. Biz yeni seriallar üçün telekanallardan sənədləri gözləyirik".
N.Məhərrəmli qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinə milli filmlərin telekanallarda göstərilməsi üçün tələb edilən məbləğin aşağı salınması ilə bağlı edilən müraciətə cavab verilməməsi də narahatçılıq yaradır: "Artıq xarici serialların dayandırılması ilə bağlı vaxt gəlib çatıb. Biz istərdik ki, bu zaman Azərbaycanın özünün milli televiziya filmləri daha çox göstərilsin. Sovet dövründən indiyə qədər çoxsaylı bədii filmlər var ki, biz onları efirdə demək olar ki, görmürük. Dövlət büdcəsi hesabına çəkilən filmlər üçün telekanalların ödədiyi məbləğ çox cüzi olmalıdır. Bu, filmlərin saxlanmasına və yenilənməsinə sərf olunmalıdır. Azərbaycan tamaşaçısı bu filmlərə baxmalıdır, daha onlar seyflərdə yığılıb qalmamalıdır. Son 10 il ərzində Azərbaycanda dövlət büdcəsi hesabına çoxlu filmlər çəkilib, amma onlar efirlərdə göstərilmir. Bu hansı səbəbdəndir, mən onu bilmirəm. Hazırda filmlərin nümayişinin hər saatına görə 70 manat ödənilir. Nazirlikdə hesab edirlər ki, bu, normal qiymətdir. Telekanallar isə əksinə deyir. Mən də hesab edirəm ki, dövlət büdcəsi hesabına çəkilən filmlər üçün bu, şişirdilmiş qiymətdir".

O.M.