Mehriban ana  - İradə Rəhimli

Mehriban ana - İradə Rəhimli

11 Aprel 2012 16:08
Bəyəndim (0) Bəyənmədim (0)
O, mənəvi dünyasında dünya boyda gözəllikləri yaşada bilir

Kamil insan günəşdən, aydan, ulduzlardan da əzəmətlidir. İnsan dünyanı düzgün göstərən parlaq bir aynadır. Tanrı qarşısında ən qiymətli o kəsdir ki, günəşin parlaq şüalarını əks etdirərək ətrafa nur saçsın. Başqa sözlə desək, çalışıb yaxşılıq toxumu əkmək lazımdır ki, yaxşı bəhrə də götürəsən. Tut yarpağı tədricən atlas olduğu kimi, düzgün təlim-tərbiyə almış hər bir şəxs öz həyat missiyasını dərk etməklə kamillik zirvəsinə yüksələ bilər.

Belə insanlardan biri də yüksək insani və peşəkar keyfiyyətləri özündə cəmləşdirən 23 saylı orta məktəbin direktoru İradə Rəhimlidir. İradə xanım iki övlad anasıdır. O, nəinki öz övladlarının, həm də bütün şagirdlərin mehriban, qayğıkeş anası adlana bilər. İradə xanım həm də gözəl həyat yoldaşı, diqqətcil bacı, vüqarlı övlad, etibarlı dost, vətəni üçün mübariz əsgərdir. Onun etdiyi xeyirxah əməllər sadalamaqla bitmir. O, öz işlərindən əlavə vaxt taparaq Səngəçalda yerləşən vərəm dispanserində olan əsgərlərimizi mütəmadi ziyarət edir, gözdən əlil olan veteran Əlişar müəllimin ailəsinə, evi yanıb külə dönmüş Əzizə xanım və onun qızına maddi-mənəvi yardım edir. Bundan başqa, 2 saylı uşaq internat məktəbini, Şüvəlanda yerləşən əqli cəhətdən qüsurlu uşaqlar üçün körpələr evini diqqətdən və qayğıdan kənarda qoymur. İradə xanım mətin iradəsi ilə xərçəng xəstəliyindən əziyyət çəkən Nəzərli Dəryanın əməliyyatında ona maddi-mənəvi köməklik göstərib. Qəlbi vətənpərvərlik eşqi ilə döyünən İradə Rəhimli Milli qəhrəmanımız Mübariz İbrahimovun ailəsinə tez-tez baş çəkməyi özünə borc bilir. Amalı xeyriyyəçilik olan bu xanım Salyanda kür daşqınına məruz qalmış, bütün mal mülkünü itirmiş bir ailəyə dəstək olaraq onları işlə təmin edib, evlərinin yenidən bərpası üçün köməklik göstərib. Ən əsası isə odur ki, dünyanı qəlbinin gözü ilə görən, amalı gənc nəslin parlaq gələcəyinə xidmət edən İradə xanım gözdən əlil istedadlı gənclərin "İşıqlı gələcək" layihəsində onlara maddi-mənəvi dəstək olub.

Bu gün də bizlərin İradə xanım kimi mütləq insanlara ehtiyacımız var. İradə xanımın bu günlərdə layiq görüldüyü "Mehriban ana" Ordeni geniş ictimaiyyətin sevincinə səbəb olub. Doğrudan da dünyada ana müqəddəsliyini təyin edə biləcək ifadələr yoxdur. Ən səmimi sevgilər, ən coşqun saf məhəbbətlər və vicdani sədaqətlər "Ana" kəlməsində olan həqiqi mənanı ifadə etməkdən belə acizdir. Əlbəttə ki, bizim İradə Rəhimli kimi analara ehtiyacımız var.

"Mehriban ana" Ordeni həqiqətən dərin fəlsəfi və sosial anlama malikdir. Ordenin üzərində yer alan yaşıl rəng qədim zamanlardan bəri həyatın və əbədiliyin rəmzi sayılıb. Bu gəncliyin, baharın, bitkinin və təbiətin fasiləsiz canlanmasının rəngidir. Həmçinin yaşıl rəng münbitliyin nişanəsidir. Bununla yanaşı dünyanın, sülhlün, həyatın simvoludur. Əksər xalqların mədəniyyətində hesab olunur ki, zümrüd qadın mənşəyi "İn"in rəmzidir. Məhsuldarlıq, çiçəklənmə və əmin-amanlıq qadın mənşəyi ilə bağlıdır. Hesab edilir ki, zümrüd dünyaya harmoniya və müvazinət gətirir. Bu daşı özündə gəzdirən adam, zümrüdün şəfəqi müdafiəni, sakitliyi və səbri daşıyır və daş onu xəstəliklərdən sağaldır. Bu ehtimallara və bütün bu təsəvvürlərə görə hesab edilir ki, zümrüd hər zaman analara və analığa himayə edir. Beləliklə, yaşıl sahədə zümrüd daşın yerləşdirilməsinin xüsusi mənası var. Yer kürəsində ən yüksək dəyər kimi həyat özü, onun harmoniyasının və müdafiənin əsası kimi analıq çıxış edir. Daşların sehrli gücü haqqında qədim inanclara görə, qısıl çərçivəyə salınmış zümrüd qara qüvvələrə, qəddarlığa və düşmənçiliyə qarşı ən qüdrətli maneələrdən biri hesab edilir. O təmizliyi, sədaqəti və sevgini təcəssüm edir. Həmçinin hesab edilir ki, qızıl çərçivədə ilan zümrüd yaradıcılıq ilhamının mənbəyidir. Bu kontekstdə qızıl Ordenin rəng qammasının məzmunu alicənablıq və böyüklük ruhu ilə gücləndirilir. Beləliklə, qızıl çərçivəsində yaşıl sahədə yerləşən zümrüd ana təbiət müqəddəsliyini, onun təmizliyini, sevgisini, mehribanlığını əks etdirir və bununla bərabər təbiətin gücünün və əzəmətinin təcəssümüdür. Ağ lentlər Ordenin məna və məzmununu gücləndirir. Xoşməramlılığın və sülhün, təmizliyin və həqiqətin rəmzidir. Həmçinin ağ rəng ana ilə uşağın əlaqəsinin rəmzidir.

Göründüyü kimi, "Mehriban ana" Ordeni kainatın ən ülvi hisslərinin rəmzi olaraq, seçilmiş insanlara verilir. Bu insanlardan biri də mənəvi dünyasında dünya boyda gözəllikləri yaşadan İradə Rəhimlidir.

Mehriban Bəylərqızı

O.M.