Tənqidçi ədəbiyyatşünas Qurban Bayramov obrazı şair Şahməmmədin publisistik düşüncəsində

Tənqidçi ədəbiyyatşünas Qurban Bayramov obrazı şair Şahməmmədin publisistik düşüncəsində

10 Aprel 2012 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

Şair-publisist Şahməmməd Azərbaycan ədəbi-mənəvi mühitində ən nadir qələm sahiblərindən biridir ki, onun soyada, təxəllüsə... əlavə təqdimatlara ehtiyacı yoxdur. Əlbəttə, yalnız məlumat xatirinə Şahməmmədin Gülməmməd oğlu Şahməmmədov ol­duğunu yazmaq bugünkü informasiya istəyən oxucu qınağından bizi xilas edə bilər. Şah­məmməd hamar yolu olmayan, şairliyini - içindəki poetik obrazı üzə çıxarana qə­dər zirehli mundiri yandırıb keçməli olub. Zaman-zaman öz həqiqətini - lirik hiss­lə­ri­ni içində daşıyıb. Amma daxilindən gələn bu hisslərin səsini boğmayıb. Əslinə qalsa, bo­ğa bilməyib. Bu səsləri misralara, poetik sözə çevirib, imkanının lövbər ata bildiyi sa­hillərdə göstərməyə çalışıb. Bir sözlə, Şahməmməd özü demişkən, Füzuli nəfəsinin, ru­hunun dolaşdığı (Füzulinin doğulduğu yer Azərbaycandır. Bu, mübahisəsizdir. Amma Boyat adlı Azərbaycan elatı - məkanı çoxdur) Boyatdan keçən yol ilə şairliyə gə­­lib. Bəzən elə vaxt olur ki, hətta müəllifin dediyinin iddiasının həqiqət olduğuna şüb­­hə yeri az qalsa belə, mübahisə eləmək istəyirsən. Ancaq Şahməmmədin nə poezi­ya­sında, nə də publisistikasında bu gün mübahisəyə yer yoxdur.

Şahməmməd öz düşüncəsi, orijinal təfəkkürü ilə bu gün Azərbaycan oxucusuna tam mənəvi haqla yeni bir əsər təqdim etdiyini iddia edə bilər: "Qurban Bayramov - şəx­siyyətin bütövlüyü, böyüklüyün şəxsiyyəti..." (Bakı, MBM-2011. 428 səhifə) əsəri fi­lo­logiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun redaktorluğu ilə işıq üzü görüb. Elə buradaca qeyd edim ki, kitaba yazdığım rəy əsasında bu qeydləri təzədən işləməli oldum.

Əsərin janrını müəllif "essevari tədqiqi publisistika" kimi müəyyənləşdirib. Oxuculara təqdim olunan kitab müəyyən olunan janrla bağlı hər hansı mübahisəyə son ve­rmək gücündədir. Müəllif cəmiyyətə və əlbəttə ki, oxucuya təqdim elədiyi obrazı hə­rə­kətdə götürür. Və elə hərəkətdə də yaradıcılıq müstəvisindən keçirərək cəmiyyətə qay­tarır. Onu sevən, onun yaradıcılığını yüksək qiymətləndirən, sənətinin işığına gə­lən insanların düşüncəsi ilə göstərməyə çalışır.

Müəllif şair olduğu üçün tənqidçi ədəbiyyatşünas Qurban Bayramov haqqında müa­sir­lərinin fikir və düşüncələrini istər ayrı-ayrı tədbirlərdə, istərsə də mətbuat qeydl­ərində göründüyü kimi göstərmir. Sənədliliyə, publisistikanın tələblərinə riayət edərək çıxışların, düşüncələrin elə məqamlarını seçir ki, həmin məqamlarda Qurban Bayramovun mənəvi mühiti, ən başlıcası, poetik mənəvi mühiti olduğu kimi görünür.

"Qurban Bayramov 65" - əslində belə bir ədəbi rubrika ədəbiyyatımızın, sözü­mü­zün bayramı, mənəvi mühitimizin dil birliyi deməkdir. Şahməmməd, bəlkə də, hö­ku­mət səviyyəsində təqdir olunacaq belə bir dil birliyini böyük zəhmət bahasına ara­ya-ərsəyə gətirdiyi əsərdə ifadə edə bilib. "Qurban Bayramov - şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti..." əsəri dörd hissədən ibarətdir. Birinci hissədə müəllif "Fəda­kar alim ömrü"ndən bəhs edir. Bu gün Azərbaycan cəmiyyətində ədəbi-mənəvi zövqümüzün, poetik harmoniyamızın az-çox mükəmməlliyinə görə kimsə etiraz edə bil­mir ki, Səməd Vurğuna borcluyuq. Onu yetirən ailə, elat, bölgə, bütövlükdə Vətən, öl­kə, millət bütün mənəvi istiqamətlərdə tədqiq olunmalıdır. Və Qurban Bayramovun ən böyük xidməti ondan ibarətdir ki, o, S.Vurğun mənəvi irsinin keşikçisidir, vurğun­şü­nas alimdir. Ən başlıcası, bu gün müasir, ədəbi, tənqidi mühitdə barmaqla sayılan müəl­liflərdəndir. Əsərin ikinci hissəsi "Vurğunşünas alim - S.Vurğunun ev muze­yi"n­də adlanır. "Düşüncələr..." bölümündə müəllif Qurban Bayramovun müasir ədəbi pro­sesdə və daha dəqiq desək, ədəbi düşüncədə mövqeyinə, nüfuzuna işıq salır.

Sonuncu hissə "Poeziyanın sirri"ni açıqlayır. Şahməmməd şair olduğu qədər pub­lisist, publisist olduğu qədər şairdir. Ancaq Şahməmmədin ünvanında ən böyük həqi­qət, zənnimcə, budur. Gərək Şahməmməd qədər şair və publisist olasan ki, dostluqda, insa­ni­likdə cəmiyyətə, sözə sevgidən onun qədər yol keçə biləsən.

Şair Şahməmmədin bir maraqlı cəhətini də qeyd etmək istəyirəm. O, Qurban Bayramovun bir ədəbiyyatşünas-tənqidçi kimi, bir alim kimi, ədəbiyyatın enişli-yoxuşlu yollarını bilən böyük bir şəxsiyyət kimi daxili aləmini, cəsarətini açmaq üçün ədəbiyyatda ənənəvi olmayan bir üsuldan istifadə etmişdir. Tənqidçinin "Ədəbiyyat generalları və pərqu yastıq sindromu...", "Müasir poeziyanın imkanları və imkansızlığı..." əsərlərini, "Aşıq gördüyünü çağırar" referatını oxucuların yadına salır və onların gözündə yeni bir səhnə yaradır. O, həmçinin Qurban Bayramovu qiymətləndirən ədəbiyyat xadimlərinin fikirlərinə də geniş yer verir. Müəllif Qurban Bayramovun "Aşıq gördüyünü çağırar" referatına dair 1970-ci ildə filologiya elmlər doktoru Məsud Əlioğlunun yazdığı elmi rəydən də bəhrələnib. "Qurban Bayramov - şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti..." kitabı üzərində Şahməmməd dəqiqliklə, incəliklə, şair ustalığı ilə işləyib. İnanıram ki, bütün bunlar yaradıcı insanların gözlərindən yayınmayacaq.

Şair-publisist, "Kredo" qəzetinin

Baş redaktoru Əlirza Xələfli

O.M.