“Türk və İslam Əsərləri Muzeyi kolleksiyasından Azərbaycan xalçaları” sərgisi

“Türk və İslam Əsərləri Muzeyi kolleksiyasından Azərbaycan xalçaları” sərgisi

11 Mart 12:49
2 297
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbulda yerləşən dünyanın ən iri islam mədəniyyəti nümunələrinin saxlandığı Türk və İslam Əsərləri Muzeyində qədim və nadir Azərbaycan xalçalarının sərgisi və kitab-kataloqun təqdimat mərasimi keçiriləcək.

13 mart tarixində, saat 17.00-da təntənəli açılışı baş tutacaq sərgi 13 iyun tarixinədək davam edəcək. “Türk və İslam Əsərləri Muzeyi kolleksiyasından Azərbaycan xalçaları” layihəsi iki ölkə muzeyləri arasında həyata keçirilən ilk layihədir. Layihənin əsas məqsədi Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasında qorunub saxlanılan Azərbaycan xalçalarının elmi atribusiyası sahəsində tədqiqatın aparılmasıdır.

Layihə Azərbaycan Milli Xalça Muzeyinin təşəbbüsü ilə həyata keçirilir. Təşkilatçılar – Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respiblikasının Mədəniyyət Nazirliyi, Türk və İslam Əsərləri Muzeyi və Azərbaycan Milli Xalça Muzeyi.

Üç ay davam edəcək sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı XVII-XIX əsrlərə aid on iki ədəd nadir Azərbaycan xalçası nümayiş olunacaq. Onların arasında Azərbaycan xalçaçılığının unikal qoluna aid “Xətai” (“Əjdahalı”) və “Çələbi”, özünün mükəmməl bədii ornamentlərində Qarabağın gözəlliyini əks etdirən “Qoca” və qədim türk tayfalarının simvolları olan damğalarla bəzədilmiş “Dağkəsəmən” xalçaları da var. Sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı Azərbaycan xalçaları yenilənmiş atribusiya mətnləri ilə təqdim olunacaq.

Oxuməni.az