Bu dünyanı nağıl bilək...

Bu dünyanı nağıl bilək...

6 Aprel 2012 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış bəstəkar, musiqişünas, Azərbaycanın əməkdar incəsənət xadimi Aygün Səmədzadənin yaradıcılığına həsr olunmuş "Bu dünyanı nağıl bilək" adlı musiqili ədəbi-bədii gecə keçirilib. ANS PRESS-in məlumatına görə, tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyası tərəfindən təşkil edilib.

Gimnaziyanın rəhbərliyinin, müəllim və tələbə heyətinin təşəbbüsü və səyi nəticəsində ərsəyə gələn yaradıcılıq gecəsində tamaşaçılara olduqca maraqlı zəngin proqram təqdim edildi. Müəllimlər və tələbələrin sevgi ilə hazırladıqları səhnəciklər bəstəkarın yaradıcılığına verilən yüksək qiymətdən xəbər verirdi. Xalq artisti Flora Kərimovanın ifasında səslənən "Ruhumuz qovuşacaq" mahnısı ilə hazırlanmış səhnəcik zalda əyləşənlərin göz yaşlarına səbəb oldu. "Bu dünyanı nağıl bilək", "Tut ağacı", "Məktəb illəri" və digər mahnılar üzərində qurulmuş səhnələr də tamaşaçıların rəğbətini qazandı.
Gördüklərindən təsirlənən Aygün Səmədzadə gecənin bu dərəcədə zəngin olacağını gözləmədiyini gizlətmədi və İncəsənət Gimnaziyasının müəllim və tələbə heyətinə öz təşəkkürünü bu kəlmələrlə çatdırdı: "İndiyədək çox konsertlərim, tədbirlərim olub. Amma heç biri bu gecə kimi məni təsirləndirməyib. Mən bu gecədən həzz aldım... Düşünürəm ki, buranın bir sənət ocağı olmasının tədbirin belə möhtəşəm alınmasında az rolu olmayıb. Mən bu gecədə həm səhnədə, həm zalda musiqiyə olan böyük sevgini və ən əsası səmimiyyət gördüm. Hər nömrənin böyük sevgi ilə hazırlandığını hiss etdim. Gördüklərim və eşitdiklərimdən sonra özümü sizə borclu bilirəm. Bilmirəm nə edim ki, sizin borcunuzdan çıxım".
Gecənin qonaqlarından olan bəstəkarın atası Ziyad Səmədzadə də təəccübünü gizlətmədi: "Heydər Əliyev Sarayında Aygünün iki dəfə böyük konserti təşkil olunub. Amma bugünkü gecə öz möhtəşəmliyi ilə onları kölgədə qoydu!"
Gimnaziyanın direktoru Maya xanım mikrofonu əlinə alıb bəstəkarın sözlərinə cavab olaraq: "Aygün xanım, siz bizi ancaq və ancaq yeni-yeni bəstələrinizlə sevindirə bilərsiniz".
"Bu dünyanı nağıl bilək" musiqili ədəbi-bədii gecəyə 100-ə yaxın mahnının müəllifi olan Aygün Səmədzadənin bəstələrini ifa edən sənətçilər də - əməkdar artistlər Aygün Bəylər, Eyyub Yaqubov, Lalə Məmmədova, müğənnilər Rəşad İlyasov, Ayaz Qasımov, Vüsal Hacıyev, Fidan Süleymanova və bəstəkarın tələbəsi, skripka ustası Səlim qatılmışdılar.
Rəşad Haşımov Aygün Səmədzadənin "Ad günü", Lalə Məmmədova "Məktəb illəri" və "Dəli eşq", Eyyub Yaqubov "Yağış yağır bu şəhərə" və "Bakı haqqında nağıl", Aygün Bəylər "Tut ağacı", Ayaz Qasımov "Ad günün mübarək" və "Neyləyək, bu şəhər ikimizindir", Fidan Süleymanova "Sevgi mahnısı, Vüsal Hacıyev "Gecikmiş etiraf" və "Azərbaycan" mahnılarını ifa etdilər. Səhnəyə çıxan hər bir müğənni ifa etdikləri bəstələrə görə bəstəkara öz xoş sözlərini bildirdilər.
Qeyd edək ki, İncəsənət Gimnaziyasında tanınmış ziyalıların yaradıcılıq gecələrinin təşkil edilməsi artıq ənənə şəklini alıb. İndiyədək gimnaziyada görkəmli bəstəkar, xalq artisti Arif Məlikov, xalq şairi Nəriman Həsənzadənin, əməkdar incəsənət xadimi şair Baba Vəziroğlunun gecələri keçirilib.

O.M.