Beynəlxalq Ana Dili Gününə həsr olunan elmi sessiya keçirildi

Beynəlxalq Ana Dili Gününə həsr olunan elmi sessiya keçirildi

19 Fevral 12:44
1 442
Bəyəndim (2) Bəyənmədim (2)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan elmi sessiya keçirilib.

Oxuməni.az xəbər verir ki, tədbirdə İnstitutun direktoru, akademik Möhsün Nağısoylu çıxış edərək Beynəlxalq Ana Dil Gününün tarixindən danışıb. O bildirib ki, hər bir xalqın dili onun ruhudur: "Hər bir xalqın varlığı onun dili ilə bağlıdır. Dünyada 200-ə yaxın dövlətin olmasına baxmayaraq cəmi 70 dil var. Bir çox dillər də var ki, artıq onlar yox olmaq təhlükəsi ilə üz-üzədirlər. Dilin ölməməsi üçün insanlar öz dillərində danışmaqdan utanmamalıdır".

Akademik Azərbaycanda yol kənarlarındakı reklam lövhələrində əks olunan yazıların digər dillərdə olmasına etiraz edib: "Ölkədə bir çox lövhələrdəki yazılar ingiliscə, italyancadır. Bu, yolverilməzdir. Dil haqqında qanunda da qeyd edilir ki, xarici dildə olan hissə ana dilində olan hissədən həcmcə böyük olmamalıdır. İnsanlar xarici dili bilməyi qürur mənbəyi hesab edirlər. Doğrudur, dil bilmək gözəldir, amma bəziləri övladlarını, nəvələrini rusdilli bağçalara qoyduqları ilə öyünürlər. Bəs ana dilini necə? Birinci növbədə ana dilini bilmək və ana dilində danışmaq lazımdır. Hamını Beynəlxalq Ana Dili Günü ilə bağlı təbrik edirəm və ana dilini sevməyə, ana dilindən danışmağa səsləyirəm".

Daha sonra filologiya elmləri doktoru, professor Buludxan Xəlilov ana dilinin tətbiqindəki qüsurlardan danışıb. O bildirib ki, televiziyalarda aparıcıların danışıqlarında qüsurlar var: "Əvvəllər diktorlar efirə çıxmazdan əvvəl müəyyən müddət təcrübə toplayırdı. Amma indi elə deyil. Qüsurlardan digəri dərsliklərin bir qismində nəzəri biliklərin zəif olması ilə bağlıdır. Buna görə şagirdlər məktəbi bitirir, ali məktəbə qəbul olur, amma sözləri sətirdən-sətirə keçirə bilmir. Durğu işarələrindən istifadəni yaxşı mənimsəmirlər. Bu da nəzəri bilgilərin zəifliyindən irəli gəlir. Ümumiyyətlə, dil ilə təkcə dilçilər məşğul olmalı deyil, cəmiyyətin hər bir üzvü dilin yaşaması üçün müəyyən işlər görməldir".

Daha sonra digər məruzələr dinlənilib.

Oxuməni.az