Xarkovda Nizami Gəncəvinin heykəlinin ucaldılması üçün ərazi ayrılıb

Xarkovda Nizami Gəncəvinin heykəlinin ucaldılması üçün ərazi ayrılıb

23 Yanvar 14:06
1 574
Bəyəndim (2) Bəyənmədim (0)

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda dahi mütəfəkkir-şair Nizami Gəncəvinin heykəlinin ucaldılması üçün şəhərin mərkəzi parklarının birində ərazi ayrılıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Xarkov şəhər meri Gennadi Kernes Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşündə məlumat verib. N.Gəncəvinin bəşəri şəxsiyyət olduğunu deyən G.Kernes onun heykəlinin ucaldılmasının Xarkov sakinləri və xarici qonaqlar üçün maraq yaradacağını bildirib. Mer yaxın vaxtlarda müvafiq sənədlərin səfirliyə təqdim olunacağını da qeyd edib.

A.Xudiyev bildirib ki, səfirlik Xarkov şəhərində dahi mütəfəkkirin heykəlinin ucaldılmasında maraqlıdır.

“Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də uğurlu birgə layihələr həyata keçirilir. Hər iki ölkənin regionları arasında əməkdaşlıq daha da gücləndirilməlidir. Ukraynada Azərbaycanın dahi şəxsiyyətlərinin heykəllərinin ucaldılması ilə bağlı artıq yaxşı təcrübə var. Son iki ildə Kiyevdə Müslüm Maqomayev, Nəsiminin heykəlləri ucaldılıb”, - deyə səfir əlavə edib.

Mer, həmçinin Xarkovda infrastruktur layihələrinin reallaşmasında Azərbaycan şirkətlərini iştirak etməyə dəvət edib. “Biz bilirik ki, Azərbaycanda uğurlu infrastruktur layihələri həyata keçirilir. Azərbaycan modelinin Xarkovda tətbiqində maraqlıyıq”, - deyə o əlavə edib.

Oxuməni.az