UNEC alimlərindən sanballı tədqiqat işi

UNEC alimlərindən sanballı tədqiqat işi

2 Dekabr 11:08
95
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycana erməni işğalı nəticəsində dəymiş zərərin qiymətləndirilməsi metodologiyası hazırlanıb. Monoqrafiya “İşğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsinin metodoloji əsasları” adlanır.

Oxumeni.az-ın məlumatına görə, yeni işıq üzü görən kitab Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun Sosial problemlər şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Fərhad Mikayılov, həmin şöbənin elmi işçisi Nazim Məmmədov və UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, professor Rövşən Quliyevin həmmüəllifliyi ilə ərsəyə gəlib.

Elmi redaktoru UNEC-in rektoru, professor Ədalət Muradov olan kitab Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğalı zamanı, işğal müddətində və işğaldan azad edilən ərazilərdə bərpa işləri aparılarkən dəyən zərərin, itkilərin, ehtiyacların qiymətləndirməsinin nəzəri-metodoloji əsaslarından bəhs edir. Nəşrdə hər bir sahənin fərdi xüsusiyyətləri nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodları işlənilib, nümunələr əsasında açıqlamalar verilib. Bu metodologiyada dünya təcrübəsinə, digər münaqişələrə də diqqət yetirilib. Tədqiqat işində dəymiş zərərin mahiyyətləri, itkilərin növləri, onları necə hesablamaq olar və bu qiymətləndirmənin həyata keçirilməsində gedən ümumi prosedurdan da danışılıb.

Kitabda həm də insan həyatı və sağlamlığına dəyən zərərin, ömür boyu əlil qalan insan talelərinin ehtiyaclarının, qaçqın və məcburi köçkünlərin ilkin xərclərinin qiymətləndirilməsi qeyd edilib. Həmçinin həm işğal olunmuş ərazilər üzrə, həm də işğal nəticəsində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sosial, infrastruktur və istehsal sahələrinə, kənd təsərrüfatına, o cümlədən bitki-heyvandarlığa və ən nəhayət ətraf mühitə dəyən zərərin qiymətləndirilməsinə imkan verən metodoloji əsaslarda kitabda öz əksini tapıb.

Qeyd edək ki, kitabın əsas müəlliflərindən olan Fərhad Mikayılov və dəgər müəllif, professor Rövşən Quliyev də erməni işğalı nəticəsində zərər görüb. Onların hər ikisi Şuşada anadan olub. Tədqiqat işinin hazırlanmasına müəlliflər, xüsusilə Fərhad Mikayılov uzun zaman və böyük zəhmət sərf edib. Onu da bildirək ki, iqtisad üzrə fəlsəfə doktoru Fərhad Mikayılov 4 monoqrafiyanın, 80-ə yaxın elmi məqalə və tezisin müəllifidir. Fərhad Mikayılov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2014-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az