Səfurə Əlizadə Sezen Aksuya cavab verdi

Səfurə Əlizadə Sezen Aksuya cavab verdi

13 Mart 2012 13:10
Bəyəndim (0) Bəyənmədim (0)
"Qoy elə Donetskdən başlayım"

Türkiyənin pop divası Sezen Aksu yeni albomunda dəyişiklik etmək fikrindədir. Belə ki, həyat yoldaşlarından biri erməni olan Sezen "Sarı gəlin" mahnısını erməni dilində oxuyaraq, albomuna yerləşdirəcək. Əlbəttə, bu hadisə ilə bağlı mübarizə aparılmaqdadır. Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Uluslararası Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) artıq birgə bəyanat qəbul edib. Bəyanatda deyilir:

"Sezen Aksunun Azərbaycanın xalq mahnısı olan "Sarı gəlin"i erməni dilində ifa etməsi və onu erməni xor kapellasının müşayiət etməsi bütün Azərbaycan ictimaiyyəti kimi biz diasporçuları da narahat etməkdədir. Azərbaycan torpaqlarını işğal etmiş, 200 ildir Türk dünyasına qarşı soyqırımı və terror aktlarını həyata keçirən ermənilər mədəniyyətimizə, eləcə də musiqi incilərimizə qarşı mədəni işğal siyasətlərini davam etdirmişlər. Saxta erməni təbliğatının qarşısına çıxmaq əvəzinə tanınmış türk müğənnisi tərəfindən belə bir addımın atılması qəbuledilməzdir və bunu şiddətlə qınayırıq. 26 fevral tarixində Xocalı soyqırımının anma günündə İstanbulun Taksim meydanında keçirilən yürüşdə Azərbaycan və Türkiyə ictimaiyyəti bir yumruq olduğunu göstərmişdir və tədbirdə iştirak edən Türk və Azərbaycan sənətçiləri qədim türk xalq mahnısı olan "Sarı gəlin"i yürüş zamanı canlı ifa etmişdilər. Təəssüflər olsun ki, S.Aksu erməni lobbisinin hiyləsinə ucuz şikar olmuşdur. Biz BDM və ASİMDER olaraq Azərbaycan və Türkiyə ictimaiyyətini Sezen Aksunu qınamağa və onun musiqi albomlarını "boykot" etməyə çağırırıq. Biz S.Aksunu Türk xalqının ona verdiyi böyük ada hörmət etməyə dəvət edirik". Onu da əlavə edək ki, BDM və ASİMDER 19 mart 2012-ci il tarixində saat 15:00-da S.Aksunun İstanbuldakı evinin qarşısında etiraz aksiyası keçirəcək.

Bu hadisədən son dərəcə sarsılan və əsəbiləşənlər arasında Səfurə Əlizadə də var, hansı ki, Azərbaycanı "Eurovision-2010"da təmsil edərək 5-ci yerə layiq görülüb. O, ingilis dilində olan yeni albomunda "Sarı gəlin" mahnısına yer verməyi düşünür. "Əlbəttə, bu əsərin Azərbaycana məxsus olduğunu sübut etmək üçün nəsə edəcəyəmsə, özümü xoşbəxt hiss edərəm", - deyən Səfurə bu günlərdə xalq artisti Aygün Kazımova və "ZH" kişi geyimləri mağazasının rəhbəri müğənni Zamiq Hüseynovla bərabər Donetsk şəhərinə yola düşməyə hazırlaşır. Novruz bayramı ilə əlaqədar təşkil olunacaq konsert proqramında Səfurə yeni mahnıları ilə yanaşı "Sarı gəlin"i də ifa edəcək. 23 saylı orta məktəbin yetirməsi səfər edəcəyi şəhərdə ermənilərin çoxluq təşkil etdiyini düşünür:
- Donetskdə çoxlu erməni var. Qoy elə ilk olaraq oradan başlayım. Görsünlər ki, "Sarı gəlin" sahibsiz deyil! Oğurluqdan əl çəksinlər!
Digər "Eurovision" təmsilçilərimizdən fərqli olaraq, S.Əlizadə Avropada tanınmaqda iddialıdır və eyni zamanda da patriotluğunu nümayiş etdirməkdədir.
Könül Aypara

O.M.