Bu gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu - "İlaxır çərşənbə"dir

Bu gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu - "İlaxır çərşənbə"dir

13 Mart 2012 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu - "İlaxır çərşənbə"dir. Bu çərşənbəyə xalq arasında "İlaxır çərşənbə" ilə yanaşı, "Yer çərşənbəsi" və ya "Torpaq çərşənbəsi" də deyirlər. İnama görə, "Torpaq çərşənbəsi"ndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

"İlaxır çərşənbə"də əvvəlki çərşənbələrdə icra olunan bütün ayin və mərasimlər daha şən, böyük xalq şənlikləri formasında təkrar qeyd olunur. Mərasim sübh tezdən suya tapınma ayini ilə başlayır. İnsanlar su kənarına gedir, su üstündən atlanır, dərdini, arzusunu axar suya deyir və ondan imdad diləyirlər.
Bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Bu axşam üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur. Bu çərşənbədə bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Süfrəyə ruzi-bərəkət rəmzi kimi 7 qida növü qoyulur. İnamlara görə, insanlar ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlidir, əks təqdirdə o, Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaq.
Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır. Tullanarkən bu sözlər deyilir: "Sarılığım sənə, qırmızılığın mənə", ya da "ağırlığım odda yansın". Tonqal heç vaxt su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Həmin gecə "qulaq falı"na çıxılır. Bu fallara adətən gənc qızlar baxırlar. Axır çərşənbə axşamı duzlu kökə yeyib yatır, su içmirlər. Gecə yuxuda içməyə kimsə su verirsə, o, yuxu görənin qismətidir. Cavan qızlar bir yerə yığışıb bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayılır. Yekun rəqəm qızın həmin yaşda gəlin gedəcəyi anlamına gəlir. Axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatırlar. Gecə yarısı yuxudan durur və şam yandırırlar. İnama görə, şamı götürüb güzgüyə yaxınlaşan zaman insan gələcək qismətini görür. Niyyət tutan bu zaman qorxsa niyyətin baş tutmur.

O.M.