AMEA-nın Tarix İnstitutu illik hesabatını təqdim etdi

AMEA-nın Tarix İnstitutu illik hesabatını təqdim etdi

4 Noyabr 10:54
206
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında institutun 2019-cu ildəki nəşrlərinin təqdimatı keçirilib.

Oxuməni.az-a Tarix İnstitutundan verilən məlumata görə, iclasda institutun 2019-cu ildə gördüyü işlər barədə məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyev AMEA-nın Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institut əməkdaşlarının tədqiqat işlərinə çox yüksək qiymət verib.

İnstitutun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, institut Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Pakistan, Albaniya, Macarıstan, Ukrayna, Çin, Bolqarıstan, Polşa, Misir və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir: “Son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən onminlərlə arxiv sənədləri gətirilib. Bu il elmi müəssisə Rusiyanın “Voprosı İstorii” jurnalı və Çinin Dünya Tarixi İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb”.

Yaqub Mahmudov deyib ki, tariximizə və tarixi şəxsiyyətlərimizə sahib çıxmalıyıq: “Nadir şah Əfşar tarixin gedişini dəyişdirən dahi sərkərdədir. Bu il Nadir şaha həsr olunmuş beynəlxalq elmi konfrans təşkil etdik. 2020-ci ildə isə Nadir şaha həsr olunmuş kitabın təqdimatını edəcəyik. Tarix İnstitutu azərbaycançılıq məfkurəsinə əsasən ASAN Radio və Lider TV-də tariximizin təbliği istiqamətində layihələr həyata keçirir”.

İclasda bildirilib ki, 2019-cu ildə Tarix İnstitutunun əməkdaşlarının 41 adda kitabı və nüfuzlu elmi jurnallarda isə 300-dən çox məqaləsi çap olunub. İnstitut bu il 11 beynəlxalq və 13 respublika səviyyəli elmi konfrans təşkil edib.

Bu il “Azərbaycan Xalq Cümhuriyyətinin siyasi sistemində partiyalar və parlament (1918-1920)” (rus dilində), İrəvan xanlığının tarixinə dair 4 adda broşür (ispan və ərəb dillərində), “Real tarix və “Böyük Ermənistan” uydurması” (türk, ərəb və fransız dillərində), “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix”, “Tiflis əmirliyi”, “Azərbaycanın Şəki bölgəsi 1917-1920-ci illərdə”, “Azərbaycanın Zəngəzur bölgəsi 1918-1920-ci illərdə”, “Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)”, “İngiloylar: zorakı xristianlaşdırmaya və gürcüləşdirməyə qarşı mübarizə tarixindən” və digər kitablar nəşr olunub.

Qeyd edilib ki, bu il rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsova və Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, professor Usamə Əl-Əbdə Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub. Həmçinin, institutun ilk elektron oxu zalının açılışı olub, elmi müəssisə gənc tarixçilərin ilk respublika elmi konfransını da təşkil edib.

Elmi Şuranın iclasında AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, tarixçi alimlər Cəbi Bəhramov, İradə Əliyeva, İradə Bağırova, Rəşad Mustafa və başqaları çıxış edərək Tarix İnstitutunun 2019-cu ildə gördüyü işləri yüksək qiymətləndiriblər.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)