Dərslikləri virtual reallıq dəstləri əvəz edəcək

Dərslikləri virtual reallıq dəstləri əvəz edəcək

30 Oktyabr 2019 17:02
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliyanın La Trobe Universiteti yeni test layihəsinin təqdimatını elan edib. Ali məktəbin II kurs tələbələri 2 həftə ərzində anatomiya fənnini öyrənərkən virtual reallıq dəstləri ilə işləyəcəklər. Tədris proqramı dəyişməyəcək, əsas maraq mövzusu məhz gənclərə biliklərin ötürülməsi üsullarıdır. Məlumata görə, ali məktəb artıq əlavə reallıqda işləmək üçün kifayət sayda "HTC VR" dəstlərini və "iPad" planşetlərini alıb.

Test üçün "Anatomiya" mövzusu təsadüfən seçilməyib, çünki virtual rejim və əlavə reallıq tədris materialının vizuallaşdırılması üçün əla seçimdir. Müəllimlər artıq tələbələrə anatomik strukturları əlavə reallıqda insanlara tətbiq etməyə imkan verən proqram hazırlayıblar. Tələbələr qrup yoldaşları üzərində də ayrı-ayrı əzələ kateqoriyalarının işini və xüsusiyyətlərini öyrənə bilərlər.

Təlim prosesində virtual və əlavə reallığa keçidin daha bir üstünlüyü mobillikdir. Dəstlər tədris siniflərində olsa da, universitet şəhərciyinin istənilən hissəsindən serverlərə qoşulmaq mümkündür. İstənilən tələbə öz planşeti və əlavə reallığın köməyilə lazımi materialları öyrənə, ev tapşırıqlarını yerinə yetirə, öz biliyini artırmaqla məşğul ola bilər. Bundan əlavə, şəbəkə texnologiyaları qrup layihələri və təcrübələrinin həyata keçirilməsini sadələşdirir.

Nəhayət, maliyyə aspekti də əhəmiyyət kəsb edir. Elektronikanın alınması universitetə bir tələbə üçün 10 Avstraliya dollarına başa gəlir, kağız dərsliklərdən istifadə zamanı isə bu məbləğ 100 dollar təşkil edib. Proqram təminatı lisenziyalarının topdan alınması xərclərini də azaltmağa imkan verib. Əgər eksperiment uğurlu sayılarsa, yeni texnologiyalar bütün anatomiya kurslarına yayılacaq, daha sonra isə onun digər fənlərin tədrisində də tətbiqi istisna olunmur.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)