Bakı Ali Neft Məktəbinin tələbələri “O olmasın, bu olsun” operettasını səhnələşdiriblər

Bakı Ali Neft Məktəbinin tələbələri “O olmasın, bu olsun” operettasını səhnələşdiriblər

24 Oktyabr 11:20
31
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ali Neft Məktəbinin tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasını səhnələşdiriblər.

Oxumeni.az xəbər verir ki, operetta oktyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində oynanılıb.

Təqdimat mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov musiqili komediyanın bu il dünya üzrə quruda ilk neft platforması sayılan əfsanəvi Neft Daşları yatağının 70 illiyinə həsr olunduğunu söyləyib, yaradıcı kollektivə və operettada rol olan tələbələrə uğurlar arzulayıb. O bildirib ki, tamaşada ali məktəbin yerli tələbələri ilə yanaşı, əcnəbi tələbələri də çıxış edirlər.

“Bakı Ali Neft Məktəbi Azərbaycan üçün sadəcə neft-qaz mühəndisliyi sahəsində yüksəkixtisaslı mütəxəssislər deyil, həm də faydalı vətəndaşlar yetişdirməyə çalışır. Tələbələri ölkənin ictimai-mədəni həyatının fəal iştirakçısına çevirməyə səy göstəririk. Bu baxımdan, “O olmasın, bu olsun” operettası da onların həyatında xüsusi iz buraxacaq. Ümidvaram ki, tələbələrimiz bu məsuliyyətin öhdəsindən layiqincə gələcəklər”, - deyə rektor qeyd edib.

Sonra tələbələrin təqdimatında “O olmasın, bu olsun” operettası nümayiş olunub.

Musiqili komediyanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, bədii rəhbəri Bakı Ali Neft Məktəbinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyeva, konsertmeysteri Əməkdar müəllim Zülfiyyə Sadıqovadır.

Tamaşada baş rolları BANM-in tələbələri Murad Süleymanlı (Rüstəm bəy), Mahirə Əsədzadə (Gülnaz), Sənan Həsənzadə (Sərvər), Nazpəri İsfəndiyarzadə (Sənəm), Cavid Məcidov (Məşədi İbad), Əsəd Əsədli (Həsənqulu bəy), Orxan Sayidov (Rza bəy), Faiq Hacıbalayev (Həsən bəy), Kamil Nağızadə (Qoçu Əsgər), Ağaqardaş Camalov (Hambal), Kənan Sadıqov (Məşədi Qəzənfər), Aqşin Fətəliyev (Baloğlan) ifa ediblər.

Kütləvi səhnə və rəqslərdə Cavid Məmmədli, Ramil Əmirli, Rəşid Abbasov, Əbdül Bağırov, Ziya Yusifov, Cahan Qarayeva, Səidə Sədiyeva, Sədayə Ömərova, Zərifə Abdulova, Ləman Həsənli, Nəriman Tağızadə, İslam Temavov, Uğur Paşayev, Nəsrin Qədirli, Vahid İsmayılzadə, Ajua Chukvumelam Adedayo, Ezuma Ezinne Jessika, Ayajan Beisenbayeva, Inyama Somtochukvu Chidinma, Samuel Dum Ale Birigbo, Ekanem Umoh Friday iştirak ediblər.

Tələbələrin məharətli ifaları tamaşaçılar tərəfindən anşlaqla qarşılanıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)