Ceyhun Bayramov: Azərbaycanda təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Ceyhun Bayramov: Azərbaycanda təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

17 Oktyabr 2019 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

“Azərbaycanda təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil siyasəti sistemli və ardıcıl şəkildə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsili daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə ardıcıl olaraq dövlət proqramları qəbul edilir, sərəncamlar, fərmanlar imzalanır”. Bu fikirləri təhsil naziri Ceyhun Bayramov bu gün YAP İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.

C.Bayramov bildirib ki, dövlət siyasətində təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsinə və yeni şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən çoxsaylı proqramlar, sərəncamlar imzalanıb. 2019-cu ildə 50-si modul tipli olmaqla 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir. Nazir bildirib ki, təhsil müəssisələrindən 43-ü sentyabr ayının 15-nə qədər təhvil verilib. Digər 41 məktəbdə işlər ilin sonuna qədər yekunlaşacaq. C.Bayramov qeyd edib ki, təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsi və yenilənməsi sahəsində görülən işlərdən danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri qeyd olunmalıdır. Heydər Əliyev Fondunun xətti ilə 14 yeni məktəb binasının tikintisi, 8 məktəbin əsaslı təmiri həyata keçirilir.

“Eyni zamanda, dövlət proqramına uyğun olaraq bu il ərzində 257 məktəbdə təmir işləri görülüb. Ümumilikdə götürdükdə 2003-2018-ci illər ərzində ölkədə 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Nəticədə bir milyondan çox Azərbaycan şagirdinin təlim-təhsil şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb”, - deyə nazir vurğulayıb.

Oxumeni.az