"Eurovision-2012"-nin ikinci mərhələsinin biletləri artıq satışdadır

"Eurovision-2012"-nin ikinci mərhələsinin biletləri artıq satışdadır

5 Mart 2012 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Eurovision.az-ın məlumatına görə, may ayında "Bakı Kristal Zalı"nda keçiriləcək Eurovision Mahnı Müsabiqəsi 2012-nin ikinci yarımfinalının və ikinci yarımfinalın məşqinin biletlərinin satışına start verilib. İkinci yarımfinal şousu mayın 24-də, ikinci yarımfinalın məşqi isə mayın 23-də olacaq. Biletlər Eurovision.tv saytında online sistemdə satılır. Mayın 23-də keçiriləcək ikinci yarımfinalın əsas məşqi 30-50 AZN, mayın 24-də keçiriləcək ikinci yarımfinal (canlı şou) şousunun biletləri 90-150 AZN təşkil edir.

Saytda 57-ci Eurovision Mahnı Müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal Zalı"nın satışda olan yerlərinin də qeyd olunduğu foto-sxem yerləşdirilib.

Qeyd edək ki, mayın 22-də keçiriləcək birinci yarımfinalın və həmin mərhələnin əsas məşqinin biletləri fevralın 29-dan satışa çıxarılıb. Müsabiqənin iki yarımfinal şousunun biletləri 90-150 AZN, onların əsas məşqlərinin biletləri isə 30-50 AZN arasındadır. Jürinin səs verəcəyi finalın biletləri martın 12-dən (60-100 AZN), mayın 26-da keçiriləcək final konsertinin biletləri isə martın 15-dən (160-240 AZN) satışda olacaq.

Bir daha xatırladaq ki, Eurovision 2012 şousunun təşkil olunacağı arena "Bakı Kristal Zalı"nda məhz bu konsert üçün 20 minədək tamaşaçı yeri nəzərdə tutulur. Avropa Yayımları Birliyinin (EBU) qaydalarına əsasən, biletlərin bir hissəsi iştirakçı ölkələrin nümayəndə heyətləri, şounun sponsorları, Avropa Yayımları Birliyinin nümayəndələri üçün nəzərdə tutulur. Bundan sonra biletlərin digər hissəsi satışa çıxarılır. Satışdakı biletlərin 1/3 hissəsi beynəlxalq, digər hissəsi isə Azərbaycan auditoriyası üçündür. Satışdakı biletlər ölkələr arasında proporsional sayda bölünür. Alınan hər bilet həmin bilet sahibinin adına olmalıdır. Bir şəxs internet üzərindən bir ödəmə kartı ilə maksimum 4 bilet ala bilər. Ödəmələr MasterCard, Visa, American Express ödəmə kartları ilə aparılır. Lakin əldə olunan hər bir bilet konkret adamın adına rəsmiləşdirilməlidir və bu biletdən yalnız həmin şəxs istifadə edə bilər, onu digərinə verə bilməz. Bu zaman bilet alan şəxs barədə saxta məlumatların daxil olunması bileti etibarsız edəcək. Online satış zamanı müştəri biletin əldə olunmasını təsdiq edən elektron məktub alacaq. Bilet sahibləri elektron ünvana daxil olmuş vauçeri konsert ərəfəsində Bakıdakı satış köşklərinə verərək biletlərini əldə edəcəklər. Bu, saxtalaşdırmanın və qara bazar satışının qarşısını alacaq.

O.M.