"Qurban Bayramov-Şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti" kitabının yazılması  ilə bağlı müəllif rəyi və xatirələri...

"Qurban Bayramov-Şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti" kitabının yazılması ilə bağlı müəllif rəyi və xatirələri...

5 Mart 2012 13:13
Bəyəndim (1) Bəyənmədim (0)

"QURBAN BAYRAMOV - ŞƏXSİYYƏTİN BÖYÜKLÜYÜ,

BÖYÜKLÜYÜN ŞƏXSİYYƏTİ" kitabının yazılması ilə bağlı müəllif rəyi və xatirələri...

(Şahməmməd. "Qurban Bayramov - şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti",

Bakı, "MBM" nəş., 2011, - 428 səh.)

Özüm özüm haqqında çox yazmışam. Özüm özüm haqqında xatirələrimi dostlarımla, sirdaşlarımla çox bölüşmüşəm. Elə yazıçı, şair, hər bir qələm əhli özgələri barəsində yazanda da, haradasa özünü orada əks etdirmiş olur. Lakin mən hər şeyi incəliyinə qədər yaza bilməmişəm, xatirələrimin bütün detallarını ən yaxın adamlarla belə, bölüşə bilməmişəm.

İnana bilmirəm ki, ən böyük yazıçı, alim, mütəfəkkir, sadə insanlar bir insan ömrünün bütün anlarından, xatirələrindən söz aça bilsin. Bu heç cür mümkün də deyil. Xatirələrin içində elə xatirəlır var ki, onlar dağ selləri kimi daşır, bayram tonqalı kimi yanır, lakin ürəyinin döyüntləri arasında çırpına-çırpına qalır.

Axı nə edəsən, kainatı idarə edən qanunları, qüvvələri necə dəyişəsən? Bəzən sənə əziz olan bir insan haqqında böyük bir kitab yazırsan, ən əziz günləri, ən əziz anları ədəbiyyata gətirə bilərsən. Odu da sənin olur, tüstüsü də, qışqırığı da sənin olur, susması da... Amma bütün xatirələri orada aça bilmirsən, aça da bilməzsən!

Buradaca görkəmli şair Məmməd Arazın "Xatirələr" şeiri üzərində dayanmaq istəyirəm. Şeir altı bənddən ibarətdir. Şair ümumiləşdirilmuş şəkildə bir insan ömrünün acılı - şirinli xatirələrindən danışır, alışır-yanır və şeirin son bəndində bu dilemmanı belə həll etməyə çalışır:

.... Eh oyatdım mən onları çox nahaq yerə,

Udasıdır Onları da Yer - ürəyi buz.

Bir xatirəm köçəcəkmi xatirələrə?

Min xatirəm köçəcəkdir mənimlə əfsus!..

Bir xatirəsinin ürəklərə köçə biləcəyini öz-özünə sual verən şair, min xatirəsinin ürəyində dünyadan köçəcəyinə heyifslənir, qovrulur, insanın belə ağrılı yaşantılarını ürəyinə yük edir.

Elə xatirələr də olur ki, bütün məqamlar orada öz əksini tapır, yaşayır. Yenə də yazıla biləcək bəzi vacib səhnələr, incə məqamlar unudulur...

Mən bu gün yazdığım məqalədə bütün insan ömrümü açmaq fikrində deyiləm, bu barədə "Yollar" xatirə-romanımda yetərincə söhbət açmışam... Lakin "Qurban Bayramov - şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti" kitabımın yazılışı ilə bağlı keçirdiyim hissləri, düşüncələri, ömrümdən silinməz xatirələri, Qurban müəllimlə aramızda olan söhbətləri, keçirdiyim yaşantıları Xəzər dənizinin gümüşü sularında, qızılı sahil qumsallığında sığallanmış məqamları nəzərdən keçirmək, həmişə özümə ən böyük arxa hesab elədiyim oxucularımla bölüşmək istəyirəm...

Hər bir kitabın yazılışı, ərsəyə-hala gəlməsi müəllif ömrünün deyərdim ki, ən vacib, incə, ruhi vəziyyətlər keçirən məqamıdır ki, bunların əksəriyyəti "səhnə arxasında" qalır. İndi belə qənaətə gəldim ki, necə ki, ədəbiyyat tariximizdə məhz şairin, yazıçının ədəbiyyatşünas-tənqidçi barəsində ilk essevari tədqiqi-publisist janrında (bu janrın özü də ilk dəfədir bu formatda təqdim edilir) monoqrafiyanı yazıb ortaya çıxardım, qoy ilk dəfə yenə də, "Müəllifin öz kitabı haqqında rəy və xatirələri" şəklində oxucularıma mən müraciət eləyim... İndiyənə qədər elə bir müəllif tanımıram ki, risq eləyib özü öz əsəri barəsində bir növ rəy-xatirə yazıb hissilərini oxucuları ilə bölüşsün...

Gəlin qayıdaq 1998-ci ilə... Artıq, "Sovetlər" deyilən quruluş dağılmılşdı. Cəmiyyətdə tutduğu vəzifə kürsülərinə görə adamların ədəbiyyata nəsə gətirə biləcəyini hörümçək toruna bənzəyən qadağalar yox olmuşdu. Mən də belə vəzifə adamlarından biri idim. Yandırırdı içimi içimdəkilər. Ədəbiyyat adamları ilə istədiyim kimi görüşə bilmirdim. Tənqidçilər də belə fikir adamlarına, onların ara-sıra çətinliklə işıq üzü görmüş yazılarına lazımınca münasibət bildirə bilmirdilər.

1998-ci ildə, o dövrdə olduqca populyar olan "Tək səbir" qəzetində mənim haqqımda Qurban Bayramovun yazmış olduğu geniş ədəbi- tənqidi məqalə ilə qabaq-qənşər qaldım. Aramızda heç bir ünsiyyət olmamışdı. Onun mənim yazılarımdan da xəbəri olduğunu bilmirdim və ümumiyyətlə onu şəxsən tanımırdım. Ancaq yazdıqlarını oxumuşdum, imzasına bələd idim. O da yazılarımı oxusa da üzümü görməmişdi. Aramızda ədəbiyyatımızla bağlı söhbətlər də olmamışdı. Onu axtarmağa başladım. Axtarış məni Azərbaycan MEA-sının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna gətirib çıxardı. Bir neçə telefon söhbətindən sonra aramızda ilıq bir səmimiyyət yarandı. Ədəbiyyatımızla bağlı geniş söhbətlər etdik. Yavaş-yavaş onun simasında böyük bir ədəbiyyatçını, tənqidçini tanıdım. Mənə o da məlum oldu ki, o, həm bir filoloq-alim kimi, həm də bir insan kimi böyük bir şəxsiyyətdir...

Münasibətlərimiz gözəl bir dostluq münasibətlərinə çevrildi. Hər yazdığım yeni şerimi ona oxuyub fikirlərini öyrənirdim, şeirin daha təsirli, daha poetik olması üçün tövsiyyələrini alırdım. Həmçinin işıq üzü görmüş kitablarımı da ona çatdırırdım. Kitabları, ədəbiyyatın digər problemlərini, müasir poeziyamızın faktlarını müzakirə edirdik... Beləliklə, mən poetik fikrin deyilməsində daha cəsarətli olurdum...

Mənə o da məlum oldu ki, Qurban müəllim heç bir tənqidçidə müşahidə edilməyən qəribə bir təhkiyyə ustalığı ilə seçilən, böyük ədəbiyyatşünas-tənqidçi alim kimi ədəbiyyatda öz yeri olan şəxsiyyətdir. O, ədəbiyyata təzə iz gətirən böyük sənət adamları haqqında yazmaqla yanaşı, eyni zamanda yazmaq bacarığı olan "kimsəsiz" istedadlı yazarların axtarışında olmuşdur və onları taparaq ədəbiyyat dənizinin, gözqamaşdıran, parıldayan ləpələrinə qatmışdır, yeri gələndə onları təsadüfi tufanlardan qorumuşdur. Bununla da özünü istedadlı arxasızlara arxa bilmişdir...

Söhbətlərimizin birində ona bildirdim ki, "Seçilmiş əsərlər"imi nəşr etmək istə­yirəm. - Gözəl fikirdir - dedi və əlavə etdi ki, "Seçilmiş əsəşrlər"in yolunu səbirsizliklə gözləyir. 2009-cu ildə bu işi başa çagtdırdım və əl yazmalarını Qurban Bayramova verdim. Görüşlərimizdə mənim beş cilidlik "Seçilmiş əsərlər"imə toxunsaq da, hiss edirdim ki, nə isə Qurban müəllim fikirlərini tam axıra qədər çatdırmır, nəyi isə gizli saxlayır. Aramızda örtülü məqamlar, səssiz söhbətlər yaşamaqda davamn edirdi...

Bir gün məni yazıçılar üçün tikilmiş binada yerləşən evlərinə çağırdı... Mən zəngin kitabxanası olan, evinin bər-bəzəyi kitab stellajları, rəfləri olan ziyalı evinin sehrinə düşmüşdüm... Kitabları seyr etdim, müəyyən əsərləri vərəqlədim, sonra da, qələm əhlinə məxsus tərzdə yedik, içdik, xeyli şirin söhbətlər, incə-şux zarafatlar etdik, xatirələr söylədik... Görüşümüzün axırında öz qeydləri ilə "Seçilmiş əsərlər"imin əl yazmasını mənə qaytardı və əlavə etdi ki, qeydlərə bax, ağlına batanları nəzərə alıb, əsərlər üzərində işləyib, sonra redaktora təqdim edə bilərsən...

Mən belə də etdim və kitabın redaktorluğunu həmişə mənim kitablarımın redaktoru olmuş qələm dostum, şair-publisist Zülfüqar Şaxsevənlidən xahiş etdim.

Məmnuniyyətlə razı oldu və dedi ki, bu iş üzərində çalışmağı ön plana çəkəcək. Bir müddət sonra o "Seçilmiş əsərlər"in əl yazmalarını mənə qaytardı və dedi ki, nəışriyyata təqdim etmək olar. ..

Günlərin bir günü İsgəndər Etibarı, Qurban Bayramovu, Zülfüqar Şaxsevənlini, Tahir Taisoğlunu və digər dostlarımızı xanımları ilə birlikdə evimizə dəvət etdim, onlara layiq bir süfrə hazırlatdım... Gözəl bir gün - dostluq və həmkarlıq günü keçirdik. Məclis yekunlaşmaq ərəfəsində qonaqlara dedim ki, mənim "Seçilmiş əsərlər"imin beş cildliyi hazırdır və onun siqnal nüsxəsini Sizə təqdim etmək istəyirəm. Evə gedib siqnal nüsxələrini gətirdim.

Bu zaman Qurban müəllim sevinc və fərəh hissilə ayağa qalxdı, nüsxələri məndən alıb hamıya göstərdi, nüsxələr əldən-ələ gəzdi, hamı təbriklərini, sevinclərini bildirdi... Süfrə ətrafında pərvazlanan yeganə siqnal nüsxəsələrini Qurban müəllim xüsusi bir ərklə alıb cantasına qoyaraq dedi ki, əvvəl qoy mən oxuyum, fikrimi deyim sonra, Siz oxuyarsınız. Beləliklə də görüşümüzü yekunlaşdırdıq...

Mənim təzəcə çapdan çıxmış beş cildlik "Seçilmiş əsərlər"imin təqdim etmə mərasimi 2009-cu il 11 noyabrında İ.M.Əbilov Mədəniyyət mərkəzində oldu. Tədbirdə Respublikanın radio və televiziya əməkdaşları, mətbuat orqanlarının nümayəndələri, ziyalılar, yazıçılar, tənqidçilər, ədəbiyyatşunas alimlər, bəstəkarlar, müğənnilər və digər dostlar, həmkarlar iştirak edirdilər...

Xatırladım ki, təqdimatı İ.M.Əbilov adına mədəniyyət mərkəzinin direktoru Aidə Muradova açdı, ətraflı giriş sözü dedi və aparıcılığı yazıçı - jurnalist Alim Nəbioğluna həvalə elədi.O, mərasimdə söz demək istəyənləri səmimiyyətlə mikrafona dəvət edirdi. Çıxış edənlər bir-birini əvəz edirdi. Mərasimin şirin bir yerində alim, göprkəmli ədəbiyyatşünas-tənqidçi Qurban Bayramov söz istədi. O səhnəyə qalxdı. Əlində tünd qırmızı rəngdə, süni dəridən üz çəkilmiç bir kitab var idi. Haqqımda qəlbindən keçənləri söylədikdən sonra məni səhnəyə çağırdı və dedi: "Bu gün sənin beş cildlik "Seçilmiş əsərlər"inin təqdimatını keçirdirik. Mən sənə ikinci şad bir xəbəri söyləmək istəyirəm ki, mən Qurban Bayramov sənin yaradıcılığınla bağlı "Poyeziyanın sirri: çaylar geriyə axmır, dənizə can atır və yaxud, qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin poeportreti" adında ilk dəfə mini modern monoqrafiya janrında kitab yazmışam. Belə bir gözəl mərasimdə onu sənə təqdim etmək istəyirəm. Həmin tünd qırmızı kitabı mənə təqdim edib, hərarətlə əlimi sıxdı, üzümdən öpdü və əlavə etdi ki, çox danışmıram, ürəyimdən keçənlərin hamısı burada yazılmışdır.

Beləcə, təqdimat təqdimata qarışdı. Mən gözləmədiyim bir məqamla qarşılaşmışdım. Zalda əyləşənlər əl çalırdılar. Mən isə donub yerimdə qalmışdım. Üstümüzə gül-çiçək dəstələri səpilirdi... Mən mkitabı qəbul edib bircə bunu deyə bildim ki, "Çox sağ olun, Qurban müəllim!" Keçib yerimizdə əyləşdik. Hər şeyi unutmuşdum, mərasimin necə davam etdiyini sanki görə bilmirdim. Dizlərimin üstündə monoqrafiyanın adını dönö-dönə oxuyurdum: "Poyeziyanın sirri: çaylar geriyə axmır, dənizə can atır və yaxud, qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin poeportreti..."

Kitabın bu poetik adı məni düşündürməyə başladı.

-Poeziyanın sirri!

-Çaylar geriyə axmır, dənizə can atır...

-Qəlbini nar təkin kağıza sıxan şair Şahməməddin poeportreti!..

Ürəyimdən aşağıdakı sətirlər keçdi "İnsan ömrü də geriyə qayıtmır, öz məqam yerinə tələsir". Düşündüm ki, bəlkə Qurban Bayramov bu fikri öz ədəbi-bədii tənqidinin məhək daşından keçirərək monoqrafiyaya belə ad seçib. Düşüncələr məni rahat buraxmırdı. Axı bu tezlikdə monoqrafiya necə hazır olmuşdu? Eyni zamanda düşündüm ki, yəqin mənim yaradıcılığımla bağlı bu monoqrafiyanı Qurban müəllim çoxdan işləyirmiş...

Mərasim sona çatdı. Mən bir dəstə güllə, təqdim olunmuş kitablarla, bir də həyat yoldaşım Yəmən xanımla evə gəldim.

Tələsik monoqrafiyanı vərəqlədim. 103 səhifə idi. Düşünməyə başladım, 103 səhifəlik monoqrafiyada Qurban müəllim mənim yaradıcılığımla bağlı görən nələrə toxunub? Monoqrafiyanı kitab rəfinə qoydum. Sonra monoqrafiyanı dərk edə-edə, yenidən dönə-dönə oxudum...

Monoqrafiyanı ürəyimdə, fikrimdə alt-üst etdim. Düzünü deyim ki, özümü tanımadım. Ədəbiyyatşünas-tənqidçi alim mənim şeirlərimi elə açmışdı, elə mətləblərə, əlçatmaz sirlərə toxunmuşdu ki, bəlkə də mən şeiri yazanda heç Qurban müəllimin təhlili səviyyəsində düşünməmişdim...

Bu gün Qurban Bayramovun monoqrafiyasını təhlil etmək fikrində deyiləm. Bu istəyimə az-çox dərəcədə "Qurban Bayramov: şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti" essevari tədqiqi-publisistik monoqrafiyamda nail olmuşam. Lakin məndən qabaq "Poeziyanın sirri..." mini-modern monoqrafiyası tanınmış ədəbiyyat adamlarının, söz sahiblərinin diqqətini cəlb eləmişdi. Mətbuatda ardıcıl məqalələr yazıldı. İlk yazını filologiya elmləri doktoru, professor Aydın Dadaşov yazdı. Sonra da mətbuatda filologiya elmləri üzrə fəlsəfə doktoru Sona xanım Xəyalın, "Mətbuat" firmasının direktoru Emin Axundun, şair Qələndər Xaçınçaylının imzaları, siyasi elmlər üzrə fəlsəfə doktoru, şair Tahir Taisoğlunun məktubu göründü. Daha sonra...

Daha sonra oxucuların xahişi ilə monoqrafiya qəzet səhifələrində təkrar nəşr edildi. Sözlərini şifahi deyib, yazıya çevirməyənlər də, sadəcə susanlar da var idi... Bu özü də təbiidir. Həmişə yeni bir əsər haqqında susanlar da olub, danışanlar da. Məni düşündürən isə bu monoqrafiya ilə əlaqədar Qurban Bayramova yazılı şəkildə minnətdarlığımı bildirməyin formasını tapmaq idi. İlk öncə ona məktub göndərmək istədim. Sonra fikrimi dəyişdim. Ədəbi ictimaiyyətin bundan xəbəri olmayacaqdı...

Sonra geniş məktub hazırlayaraq mətbuatda dərc etmək fikrinə düşdüm. Məktubu hazırladım, onu oxuyanda gördüm ki, alim, ədəbiyyatşunas-tənqidçi Qurban Bayramovun ədəbiyyatımız qarşısında fədakarlığını, gördüyü misilsiz işləri, onun tənqidçi cəsarətini, şəxsiyyətinin bəzi xarakterik xüsusiyyətlərini tam aça bilməmişəm.

Düşündüm ki, Qurban müəllimə ünvanlanmış ürəkdən gələn sözlərlə, sadə bir məktub şəklində olmamalı idi. Qurban müəllimlə bağlı yazdığım məktub da, onun adı da ürəyimdə şəkildən-şəklə düşürdü. Bu məktubu, qədimlərdə deyildiyi kimi, bu naməni "sahibnamə" adlandırdım. Namənin sahibi Siz idiniz, yəni məktub-namə Sizə ünvanlanırdısa, onun sahibi də Siz idiniz. Sonra fikrimi cəmləyib daha aktual, müasir ad seçmək üzərində düşündüm. Tarixdən bizə yadigar qalmış "Şahnamə", "Şikayətnamə", "Dəhnamə" və s. məni bu fikirdən uzaqlaşdırdı. Onun da fikirləşdim ki, yazacağım bu əsərin əsl sahibi hər bir halda siz Qurban müəllim olacaq, "sözünün ağası Qurban kişi!". Nə isə, xəyalımdan bir ad da keçirdi-"Ədəbi-estetik dialoq: "Səda və əks-səda"". Bu da son deyildi, düşünürdüm ki, Sizin ədəbi portretinizi canlandıran bir əsər yazım.

Əsərin hansı janrda olacağnı düşünürdüm. Kitabın ilkin variantı üzərində işləməyə, materaillar toplamağa başladım. Bu müddət ərzində Qurban müəllimlə dəfələrlə görüşdüm. Bu görüşlərdə onun daxili aləmini açmaq, ədəbiyyata həsr etdiyi ömrü göstərmək üçün gizli-gizli, ona bildirmədən materiallar toplayırdım. Bununla yanaşı, onun yazdığı kitabları, əsərləri, tənqidi məqalələri də kitabxanalarda oxumağı unutmadım. Lakin kitabın yazılmasına başlaya bilmirdim. Çünki onun haqqında bildiklərim elə bil azlıq edirdi...

Növbəti dəfə məzuniyyətə çıxdım və düşündüm ki, bu əsəri (kitabı) yazmaq üçün nəhayyət ki, əlverişli imkan var. Yazmağa başladım. Məzuniyyət başa çatdı, əsər isə yox...

Yayın isti günlərində bir neçə günlüyə mən, həyat yoldaşım Yamən xanım, Qurban Bayramov, onun həyat yoldaşı Nərgiz xanım (həmişə mən ona bacı demişəm) bizim dəniz kənarında, Nardaran səmtində olan bağa istirahətə getdik. Qadınların öz işləri, öz qayğıları var idi... Biz isə günün əlverişli məqamlarında dəniz kənarında gəzintiyə çıxar, söhbətləşər, xatirələr ümmanına cumar, ədəbiyyatımızın problemlərini, yaradıcılıq məsələlərini müzakirə edərdik. Hərdən də mavi Xəzərin lacivərd ləpələrinə baş vurar, sarışın saçlı sahil qumlarında dincəlirdik...

Sualların çoxunu mən verirdim. Qurban müəllim də ürəkdən, bir az da şairanə coşqu ilə danışar, məsələlərə şərh və izah verərdi... Mənim əsas məqsədim hiss etdirmədən yazmağa başladığım kitab üçün geniş məlumatlar toplamaq idi... Aldığım cavabların lazım olan yerlərini yaddaşımın lentinə köçürdürdüm. Evə qayıdan kimi ağ vərəqlərə yazıb saxlayırdım. Bu zaman Qurban müəllim də özü ilə götürdüyü notebooku işə salar, elmi işlərilə məşğul olardı... Bir gün ona mənsub olduğu nəsli, keçmişi, yadda qalan xatirələrlə bağlı sual verdim. Qurban müəllim çox geniş məlumat verdi. Onun verdiyi məlumatlar, ictimai, ədəbi-estetik məzmunlu olduğundan roman-xatirə xarakteri daşıyırdı. Söhbətin çox böyük bir hissəsi mənim yazdığım kitabla bağlı olmadığından Qurban müəllimdən xahiş etdim ki, xatirələri ilə bağlı geniş bir əsər yazsın. Dedim ki, nə qədər ki, həyatda yaşayırıq, Allah bizə nə qədər ki, ömür verib, bütün bildiklərimizi əsər halına çevirib, yaşatmalıyıq. Ürək döyüntülərimiz kəsildikdən sonra başqalarından bizim bildiklərimizi soran olmayacaq. Məmməd Araz demişkən: xatirələrimiz də bizimlə köç edib, gedəcək. Qurban müəllim mənimlə razılaşdı. Lakin bu günə qədər öz nəsl səcərəsi, nəslinin görkəmli adamları, valideynləri, qohumları ilə bağlı hələ ki, yazmadığı üçün heyfislənir, başı bir sıra elmi işlərdən ayazıyan kimi bu işə gec-tez başlayacağını söylədi...

Onu deyə bilərəm ki, Qurban müəllimin ürəyində böyük bir xatirə - roman, özü də ictimai, sosial, ədəbi mühitlə çox əlaqədar, çox mətləblərdən xəbər verən məzmunlu bir xatirə-roman yaşayır. İnanıram ki, Tanrı ona belə bir əsəri yazıb-yaratmağa həm imkan, həm də sağlam bir ömür bəxş edəcək...

Qurban müəllim hardansa duymuşdu ki, mən onun barəsində kitab üzərində işləyirəm. Daha gizli saxlamağın yeri deyildi.. Söhbətlərimizin bir yerində Qurban müəllim bildirdi ki, elə bilirəm Sizin mənim haqqımda yazdığınız kitab, əslində ədəbiyyata yeni bir nəfəs gətirəcək, tamamilə yenilik olacaq. O, bir az fikrə gedib, bildirdi ki, həmişə tənqidçilər yazarlar - yazıçılar, şairlər haqqında əsərlər yazıblar. Yazıçılar isə imkanları olsa da, tənqidçilər haqqında tutarlı bir əsər yazmamışlar, ara-sıra münasibət bildirmişlər... Bu əsər ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyacaq, şair tənqidçi haqqında tutarlı bir əsər ortaya qoyacaq! Sonra soruşdu ki, əsərin adı necə olacaq, onu hecə təsəvvür edirsən? Susdum, cavab vermədim. Xeyli düşündükdən sonra o, dedi ki, yaz, ancaq çap etməyə tələsmə. Qoy mən də onu oxuyum, əlavə və düzəlişlərimi edim, sonra sən onu yenidən oxuyarsan, birlikdə müzakirə etdikdən sonra çapa başlamaq olar. Mən razılaşdım. Sonra ondan xahiş etdim ki, arxivini bir müddətlik mənim ixtiyarıma versin. O dedi şəhərə qayıdan kimi arxivimin qapları sənin üzünə açıq olacaq...

Şəhərə qayıtdıqdan sonra Qurban müəllim arxiviylə, kitabları, kitanbnxanası, qəzetlərlə və jurnallarla məni tanış etdi. Bunlarla tanış olduqdan sonra əsəri yazmağa davam etdim.

Kitabın nəzərdə tutduğum adını dəyişməli oldum. Ürəyimdə kitabın adını "Qur­ban Bayramov - şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti" kimi adlandırdım.

Artıq kitab üzərində işimin ikinci ili idi. Kitabı yekunlaşdırmağa hazılaşırdım. Mənə məlum oldu ki, "Səməd Vurğun"un ev muzeyində ədəbiyyatşunas-tənqidçi Qurban Bayramovun 65 illiyinin keçirilməsi nəzərdə tutulur. Bildim ki, bu alimin 65 illiyi ilə əlaqədar yeni faktlar, münasibətlər üzə çıxacaq və bu məqamı əldən buraxmaq olmazdı...

Səməd Vurğunun ev muzeyinə onu tanıyan və tanımayanlar, ədəbi ictimaiyyətimizin, elmimizin ən tanınmış nümayəndələri yığılmışdılar...

Mərasimi filologiya üzrə fəlsəfə doktoru, vurğunşunas alim Aslan Salmansoy aparırdı. O, Qurban müəllimi 65 illiyi münasibəti ilə təbrik etdi, ədəbiyyatşünas- tənqidçi kimi böyük və səmərəli yaradıcılıq yolu keçdiyini bildirdi, onu ən görkəmli vurğunşünas alimlər - Mustafa Quliyev, Mir Calal Paşayev, Əzəl Dəmirçizadə, Məmməd Arif, Məmməd Cəfər, Bəxtiyar Vahabzadə, Cəlal Abdullayev, Vaquf Vəliyev, Famil Mehdi, Yaşar Qarayev, Həbib Babayev, Fəridə Vəlixanova, Rafiq Vəkilov kimi vurğunşünas ziyalılar sırasında səciyyələndirdi. Mən sevinirdim ki, haqqında yazdığım ədəbiyyatşunas-tənqidçi alim Qurban Bayramovun adı, imzası belə böyük şəxsiyyətlərin arasında, sırasında idi...

Yubliyara Azərbaycan Respublikası Baş Nazirinin müavini, xalq yazıçısı, filologiya elmlər doktoru, professor Elçin Əfəndiyev, Prezident Aparatı yanında İdarəetmə Akademiyası Dillər kafedrasının müdiri, filologiya elmlər doktoru, professor Akif Bayramov, Azərbaycan Yazıçılar Birliyi, AMEA-nın Ədəbiyyat İnstitutu, Azərbaycan Ziyalılar Birliyi, Qarabağ Ağsaqqallar Şurası və digər təşkilatlar, Ağdam ziyalıları, dostlar, tanışlar teleqramlar, təbriklər ünvanlamışdı.

Sonra ilk təbrik sözlərini Səməd Vurğunun nəvəsi, Respublika Mədəniyyət və Turizm Nazirliyinin Səməd Vurğun Ev Muzeyinin direktoru, "Səməd Vurğun fondu"nun prezidenti Aygün xanım Vəkilova söylədi. Aygün xanım Qurban Bayramova "Səməd Vurğun mükafatı" diplomunu, onun oğlu, dahi şairin nəticəsi, onun adını daşıyan Vurğun isə Səməd Virğunun portretini əks etdirən xalçanı, pul mükafatını yubliyara təqdim elədi.

Daha sonra ardıcıllıqla filologiya üzrə fəlsəfə doktoru, tanınmış şair Firuzə xanım Məmmədli, Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun həmkarlar ittifaqının sədri, elmilər doktoru Asif Rüstəmli, fəlsəfə doktoru Şöhlət Səlimbəyli, Dövlət mükafatı laureatı, ədəbiyyatşünas - tənqidçi, doktor-professor Nizaməddin Şəmsizadə, dilçi alim, doktor-professor Qəzənfər Kazımov, AMEA-nın "Elm" nəşriyatının direktoru, ədəbiyyatşünas-tənqidçi, elmlər doktoru Şirindil Alışanlı, ədəbiyyatşünas-tənqidçi, filologiya elmləri doktoru, yazıçı-publisist, professor Rəhim Əliyev, filologiya elmləri üzrə fəlsəfə doktoru Elçin Mehdiyev, şair və ədiblərdən xalq şairi, professor, kafedra müdiri Nəriman Həsənzadə, görkəmli yazıçı, Əməkdar jurnalist, Cəmil Əlibəyov, Musa Yaqub, İlyas Tapdıq, Oqtay Rza, Yusif Nəğməkar, Şahməmməd, Şöhlət Əfşar, Yusif Həsənbəy, Ənvər Əhməd, İslam Sadıq, tanınmış yazıçı-jurnalist Əli İldırımoğlu, "Kredo" qəzetinin baş redaktoru, şair, yazıçı-publisist Əlirza Xələfli, mədəniyyət xadimi Nahid Hacızadə, "Mərhəmət elçisi" jurnalının baş redaktoru Şakir Əhmədli, ədəbiyyatşünas-tənqidçi fəlsəfə doktoru İslam Qəribli, tənqidçi-tərcüməçi, görkəmli şərqşünas, prof. Məsiağa Məhəmmədi, yazıçı-publisist Fidan Şəmsizadə, Qurban müəllimin böyük dayısı, ağsaqqal, ziyalı Qulu Quliyev, Ağdam ziyalısı İnqilab həkim Mamedov, ictimai xadim, tanınmış dövlət işçisi İsa Qaraşov və s. yoldaşlar görkəmli alim, böyük şəxsiyyət, qayğıkeş insan, həyatda silinməz izləri olan, köklü-budaqlı bir nəslin sevimlisi Qurban Bayramov haqqında sətirlərə sığmayan, yaddaşlardan silinməyən ürək sözlərini söylədilər, bir alim kimi onun daxili aləmini açdılar, ona "Fədakar alim", "Elm fədaisi" fəxri diplomları təqdim olundu, Avropa Nəşr Evinin "Qızıl medal"ı ilə mükafatlandırıldı...

Mən isə sakitcə öz qeydlərimi aparır, diktafonum da öz işini görürdü... Bilirdim ki, deyilənlər yazdığım kitabın daha da zənginləşməsinə təkan olacaq. Və beləliklə, kitabımın ikinci fəslini təbii olaraq "Vurğunşünas alim - Səməd Vurğunun ev muzeyində" adlandırdım, bu hadisəni, yəni yubiley tədbirini ədəbi-reportaj qismində olduğu kimi oxucularıma təqdim eləməyə çalışdım...

Ümumiyyətlə, "Qurban Bayramov-şəxsiyyətin böyüklüyü və böyüklüyün şəxsiyyəti..." kitabı, "Səda və Əks-səda" essevari tədqiqi-publisistika əsərini dörd fəsilə bölündü:

Birinci fəsil !Fədakar alim ömrü"; ikinci fəsil "Vurğunşünas alim - Səməd Vurğunun ev muzeyində"; üçüncü fəsil "Düşüncələr... Düşüncələr... Düşüncələr..."; dördüncü, sonuncu fəsil isə "Poeziyanın sirri..."

Sonuncu fəsil əslində, Qurban Bayramovun mənim yaradıcılığım barəsində yazdığı mini monoqrafiyanın təkrar nəşridir. Bunu onunla əsaslandırdım ki, mənim bu kitabım Qurban müəllimim bu kitabına - S Ə D A S I N A Ə K S-S Ə D A D I R. Fikirləşdim ki, axı, barəsində söz açdığım kitabı əziz oxucularım niyə əziyyət çəkib axtarsınlar? Buyurub, elə burada oxusunlar...

Məzmunu ilə yanaşı, kitabın tərtibatında da, müəyyən yenilik etməyə cəhd etdim, əsərdə adları keçən ədəbi şəxsiyyətlərin şəkillərini mümkün qədər, elə məqamındaca əks etdirməyə müvəffəq oldum, qoy, onları görməyən gənc oxucularım heç olmasa şəkillərini görsünlər, bu ədəbi, ictimai şəxsiyyətlər barəsində əyani təsəvvürləri olsun. Mənə elə gəlir ki, bizim müasir kitab nəşri işində bu cəhət də yenidir, ilk dəfə tətbiq olunur...

Bu əsərimdə başqa bir yeni üsul da tətbiq elədim. Qurban müəllimin ədəbi-tənqidi düşüncələri, ədəbi prosesə münasibəti barədə təsəvvür yaratmaqdan ötəri onun bir neçə məqaləsini olduğu kimi kitaba saldım, həm də, AMEA-nın Aspirantura şöbəsinin arxivindən onun 1970-ci ildə qələmə aldığı və itirilmiş hesab etdiyi ilk məqaləsini də tapıb ilk dəfə burada dərc elədim. Bu məqalə 1969-cu ildə "Gənclik" nəşriyatında görkəmli şair-alim, filologiya elmlər doktoru, professor Qasım Qasımzadənin çap edilmiş "Aşıq gördüyünü çağırar" ədəbi-tənqidi məqalələrini əhatə edən kitabına Qurban müəllimin aspiranturaya qəbul üçün yazdığı elmi-nəzəri referat və bu referata 60-70-ci illərin görkəmli tənqidçisi, prof. Məsud Əlioğlunun 1970-ci ildə yazdığı "Qurban Bayramovun "Aşıq gördüyünü çağırar"" referatı xüsusunda rəy"indən ibarət idi ki, bu rəy də ilk dəfə elmə gələn bir gəncin yazısına verilmiş ilk rəy təkin qiymətlidir.

Həmcinin, burada Qurban müəllimin yaradıcılığı barədə bir sıra görkəmli ədəbiyyatşünasların məqalə və rəyləri, ona həsr edilmiş şeirlərin bir qismi də ilk dəfə cap edilir.. Kitabı Qurban Bayramovun Xalq yazıçısı Bayram Bayramovun 90 illiyinə həsr olunmuş, "Ədəbiyyat qəzeti"ndə dərc edilmiş (2009) "Karvan yolunun fatehi" əsəri ilə yekunlaşdırmağı qərara aldım. Əslində, bu məqalənin özü də, həm Qurban müəllimin yaradıcılığının, həm də müasir ədəbi mühitin hadisəsi idi...

Kitab hazır olduqdan sonra fleş-kartla onu kompyuterdə oxumaq üçün Qurban Bayramova qardaşım oğlu Muradla göndərdim. O kitabı Qurban Bayramovun işlədiyi notebooka köçürdü. Belə etməkdə məqsədim o idi ki, o kitabı oxusun, əlavə və dəyişikliklərini etsin. Kitab bir sözlə, çapa tam hazır olsun.

Bir gün Qurban müəllim məni yanına çağırdı və dedi ki, çox yaxçşı yazmısan, mənim elə bir əlavəm və iradım yoxdur. Kitabın hansı janırda qeydə alınması məsələsini Qurban müəllimlə müzkirə etdik. Qərara gəldik ki, janr "essevari tədqiqi- publitistika" adlandırmalıdır. Bu janrin özü də yeni idi , həm də kitabın məzmununa, yazı manerasına, mənim üslubuma tamamilə uyğun gəlirdi və həm də bu janırda ilk kitab idi ki, yazılmışdı...

Mən kitaba şair-tənqidçi münasibətləri fonunda bir qədər də əlavələr edib, onun son variantını kitaba redaktor olmasını təmanna etdiyim filologiya üzrə fəlsəfə doktoru, Qurban müəllimin yaradıcılığına yaxından bələd olan vurğunşünas-alim, tekstoloq Aslan Salmansoya təqdim etdim. O, işini başa çatdırdıqdan sonra kitaba mütəxəssis rəyi almaq üçün şair-publisist, tanınmış yazıçı-jurnalist Əli Rza Xələfliyə verdim. Hər iki mütəxəssisə - Aslan Salmansoya, Əli Rza Xələfliyə, ümumiyyətlə bu kitabın ərsəyə gəlməsində zəhməti və xidməti olan bütün qələm dostlarıma, şəxsən Qurban müəllimin özünə təşəkkürümü bildirirəm...

İndi, əziz oxucu! Mənim qələmə aldığım "Qurban Bayramov - şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti" kitabı qarşındadır və əsas söz Sizlərindir!!.

Amma bir məsələni də qeyd edim ki, kitab elə ilk yayılma dalğasında artıq fikir, münasibət, rəy doğurmaqdadır... "Həftə içi" (Qələndər Xaçınçaylı) və "Oxu məni.az" (Azərbaycan dilində), "Trend.az" (rus dilində) internet saytlarında geniş yayıldı. Bu işdə zəhməti olanlara təşəkkürümü bildirirəm.

Əsər ilə bağlı müəllif rəyi, müəllif xatirələri isə buradaca yekunlaşdı. Ola bilsin ki, nələrisə unutmuşam. Nələri unutmuşamsa, bunlar üçün üzr istəyirəm...

Və bir daha qeyd edirəm, qələmə aldığım essevari tədqiqi-publisist, ədəbi-estetik monoqrafiyanın ədəbiyyatımızda yaşanan uzaqlı-yaxınlı, qaranlıqlı-işıqlı, acılı-şirinli sədası alim, ədəbiyyatşünas-tənqidçi Qurban Bayramovun ədəbi baxışlarından, ədəbi şəxsiyyət və simasından gəldi, əks-sədası isə məndən, şair-publisist Şahməmməddən! Əgər marağınıza səbəb olarsa, özümü olduqca məmun hesab edərəm!..

Dünyaca məşhur Ernest Heminqueyə görə "hadisənin mahiyyəti onun görünən səthində deyil, səthin görünməyən altındadır"; bunu Aysberq (ingiliscə "Iceberg") üslubu adlandırdılar. Mən də çalışdım ki, Qurban müəllimin şəxsiyyəti və yaradıcılığı fonunda müasir ədəbi-tənqidimizin görünən və görünməyən tərəflərini göstərə bilim...

Və sonda demək istəyirəm ki, həyatda heç kəs böyüksüz olmasın, insanlar şəxsiyyətini, mənəviyyatını itirməsin! Qurban müəllim haqda yazdıqca onun şəxsiyyətinin böyüklüyünü, böyüklüyünün şəxsiyyətini belə gördüm, o ürəyimdə beləcə rişə atdı...

Allah Sizi qorusun, Qurban müəllim!

Yəqinim oldu ki, ədəbi prosesimiz Sizin kimi şəxsiyyətlərsiz keçinə bilməz!..

Müəllif rəyimi Sizin sözlərinizlə qurtarmaq istəyirəm: "Qalxdığımız yerdə qala bilək, "narsizm" xəstəliyinə tutulub yuvarlanmayaq!! Bir də, Allah bizi yaman dərdlərdən, paxıllardan və "boz" şeirlərdən qorusun!!"

Qoy Sizin bu arzularınız ədəbi mühitimizin amalı olsun! Amin!

Bir də, "İncil"dən keçən bu sözləri oxucularıma xatırladıram: "Siz hansı ölçü ilə ölçsəniz, Sizin üçün də eyni ölçü ilə ölçüləcək!.."

ŞAHMƏMMƏD,

Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin və

Respublika Jurnalistlər Birliyinin üzvü, Araz-Ali Ədəbi,

"Qızıl qələm","Həsən bəy Zərdabi" mükafatları laureatı.