Azərbaycanda ilk dəfə olaraq şair tənqidçi barədə kitab yazdı

Azərbaycanda ilk dəfə olaraq şair tənqidçi barədə kitab yazdı

29 Fevral 2012 00:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bu günlərdə şair-publisist Şahməmməd Şahməmmədovun "Şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti" adlı yeni bir kitabı işıq üzü görüb. Kitabda şair ədəbiyyatşünas tənqidçi Qurban Bayramov haqda və onun məqalələri barədə fikirlərini bölüşüb. Bu, Azərbaycan poeziyasında ilk belə haldır ki, şair tənqidçi barədə fikir yürüdür. Kitabı qələmə alarkən özünəməxsus bədii keçidlərdən istifadə edən Ş.Şahməmmədov yeni nəşr əsəri barədə düşüncələrini oxumeni.az-a bölüşərkən deyib: "Adətən tənqidçilər şairlər barədə fikir yürüdür. Şairlər də istər-istəməz bu tənqidi sükutla qarşılamalı olur. Mən ilk dəfə olaraq təhlil janrında tənqidçi Qurban Bayramov barədə araşdırma apardım. Tənqidçinin məqalələri fonunda onun şəxsiyyətini açmağa çalışdım. Məsələyə poeziya baxımından çox mənəvi-psixoloji aspektdən yanaşdım. Ümidvaram ki, bu kitab həm orijinallığı, həm də bədii-məntiqi tutumu ilə oxucuların marağına səbəb olacaq."

Qeyd edək ki, ədəbiyyatşünas tənqidçi Qurban Bayramov fəlsəfə elmləri doktorudur və Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına ədəbiyyat institutunun aparıcı elmi işçisidir.

Azərbaycan Yazıçılar Birliyinin və jurnalistlər ittifaqının üzvü olan Şahməmməd Şahməmmədov isə ədəbiyyatsevərlərə yaxşı tanışdır. Onun əsərləri mütəmadi olaraq Azərbaycan və rus dillərində nəşr olunur. Müxtəlif dövrlərdə qələmə aldığı "Xatirələr ocağının işığında", "Çaylar geri dönmür", "Dağlar, səndə nəyim qaldı", "Sevməsəydim yaşamazdım", "Настало время", "Ləngəbiz", "Yollar", "Yerlə göy arasında", "Mahnılar dünyası", "+994552010290", "O sevgini unutmaq olmur" və sair kitabları şer həvəskarlarının diqqətini çəkməkdədir. Heç təsadüfi deyil ki, oxucuların istəyi ilə şair Şahməmmədin "5 cildlik seçilmiş əsərləri" nəşr olunub. Qarabağ müharibəsinin iştirakçısı olan Şahməmməd Şahməmmədov həmçinin hüquq-mühafizə orqanı əməkdaşıdır, polis polkovnikidir. Onun Bakı polisi haqda qələmə aldığı "Həyəcan dolu 5 il" kitabı hər bir polis işçisinin stolüstü kitabıdır.

Xatırladaq ki, Şahməmməd Şahməmmədov "Araz", "Zərdabi" və "Qızıl Qələm" mükafatlarının laureatıdır.

O.M.