Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ  (III Hissə )

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ (III Hissə )

27 May 2019 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Axundzadənin Qərb mədəniyyətinin təsiri ilə irəli sürdüyü ideyalarından biri də "millət" anlayışını gündəmə gətirməsi və ona tərif veməsidir. O, "millət" sözünü dini kimliyi əks etdirən "millət" anlayışı ilə deyil Avropa mütəfəkkirləri kimi, yalnız siyasi anlamdakı "millət" məfhumunu qəbul etmişdi. Məsələn, onun müxtəlif məsələlərlə bağlı vurğuladığı "ölmüş millət", "Əgər padişah millətin atasıdır və millət onun övladıdır", "bizim millətimiz" anlayışları artıq milli-dini bütünlükdən daha çox siyası anlamda işlədilmişdir. Xüsusilə, o, "Kəmalüddövlə məktubları"nda açıq şəkildə yazırdı ki, Avropa dövlətlərində olduğu kimi millət dedikdə dini mənsubiyyət deyil, yalnız vətən və el təəssüblüyü mənası nəzərdə tutulmalıdır. Başqa sözlə, Axundzadə avropalı mütəfəkkirlər kimi hesab edirdi ki, bir millətin əlamətləri dini xarakterli olmamalı, yalnız milli özünəməxsusluğu ifadə etməlidir. Bununla bağlı Tehranda nəşr olunan "Millət" qəzetinin redaktoruna yazdığı məqaləsində Axundzadə göstərirdi ki, "İran" millətinin əlaməti olaraq məscid şəklinin göstərilməsi doğru deyil. Axundzadə yazır: "Əgər "millət" sözündən məqsədin onun istilahi mənasıdırsa, əgər İran qövmünü nəzərdə tutubsansa, məscid İran qövmünə məxsus deyildir, bəlkə cəmi islam tayfaları məscid sahibidirlər". Axundzadə yazırdı ki, millətin əlamətləri hər bir xalqın öz keçmişi ilə bağlı olmalıdır: "İslamiyyətdən qabaqkı İran qövmünün əlaməti Cəmşid taxtı, İstəxr qalası kimi qədim padşahların asarıdır. İslamiyyətdən sonrakı ən böyük asardan biri isə Səfəviyyə padşahlarıdır ki, isnaəşərilik məzhəbinə İranda rəvac verib, onun müxtəlif tayfalarını vahid milət halında nizama salmışlar və İranın ayrıca, müstəqil dövlət olmasına səbəb olmuşlar. Beləliklə, İran millətini tanımaq üçün sən gərək qırmızı mahuddan olan on iki guşəli qızılbaş tacının şəkli kimi elə bir əlamət tapasan ki, bir tərəfdən qədim fars padşahlarına aid olsun, digər tərəfdən isə Səfəviyyə padşahlarını xatırlatsın". Birincisi, bu məqalədən hiss olunur ki, Axundzadə "millət" anlayışını yalnız Avropa alimlərinin baxışları əsasında qəbul edir. Bizcə, "millət" anlayışına avropalıların ortaya atdığı "millət" məfhumu çərçivəsində yüzdə-yüz, yanaşmaq doğru deyildir. Hər halda Qərb-Avropa xalqlarını "millət" edən əlamətlərlə, Şərq-İslam xalqlarını və o cümlədən də Türk-müsəlman xalqlarını "millət" edən əlamətlər arasında xeyli fərqlər mövcuddur. İkincisi, burada Axundzadə Qacarlar dövlətini "İran" adı altında ümumiləşdirir, hətta "İran milləti"ndən bəhs edir ki, bu "İran milləti"nin də sən demə, qurucusu şiəlik məzhəbinə əsaslanan Səvəfilər olsa da, onun keçmişi həm də İslamaqədərki "fars padşahları" ilə bağlıdır. Şübhəsiz, Axundzadənin "millət", o cümlədən "İran milləti" anlayışlarına bu cür baxışları yanlış olmuşdur. Çünki tarixən heç bir zaman "İran milləti", "İran qövmü" olmamışdır və yoxdur da. Əgər burada məqsəd bir çox Avropa alimlər tərəfindən uydurulmuş "İran", "Ariyan" anlayışları əsasında bir "millət" yaratmaqdırsa, o zaman eyni qayda da "Turan" anlayışı çərçivəsində də biz bu bölgənin xalqlarını "Turan milləti" kimi də ümumiləşdirə bilərik. Üstəlik, ən azı min il ərzində bu bölgənin hakim milləti Türklər, o cümlədən Azərbaycan türkləri olublarsa, deməli bu coğrafiyanın və onun xalqlarının "İran"dan çox "Turan" anlayışına sahib çıxması və "Turan milləti" kimi ümumiləşdirlməsi daha məntiqli olardı. Əgər Avropalı alimlər də "İran"ı deyil "Turanı" qəbul etsə idilər, o zaman şübhə etmirik ki, Axundzadə də islamaqədərki fars padşahlarını, irançı zərdüştizmi deyil turançı Göy Tanrıçılığı təbliğ edər, Turan-Türk padşahlardan bəhs edərdi. Üstəlik, "İran milləti"nin qurucusu hesab etdiyi Səfəvilərin "şiəlik" təəssübkeşliyinin əsil mahiyyətini dərk edərək İslam dini məsləsində də həssaslığını itirməzdi. Başqa sözlə, Axundzadə bəzi hallarda Qərb-Rus ideyalarının gözübağlı tərənnümçüsü olduğu üçün, oradan əsən küləklərin zəhərli olub-olmamasını müəyyənləşdirmədən hərəkət etmişdir. Məhz bunun nəticəsi olaraq da, bu bölgənin qədim və minilliklər boyu hakim olan Türk-Turan xalqlarının, onların adət-ənənələrini və dini-fəlsəfi dünyagörüşünün deyil, Avropalıların məqsədli şəkildə ortaya atdığı "İran", "Persian" anlayışları adı altında fars şahlarının, fars adət-ənənələrinin, fars dünyagörüşünün təbliğatçısına çevrilmişdir. Özü də bütün bunları edərkən də, məhz Avropanın "zəhərli" ideyalarına əsaslanmışdır. Hər halda Axundzadənin Qacarlar dövlətini "İran", "İran milləti" adı altında təktərəfli olaraq farslaşdırması, eyni zamanda İslam dinindən imtina edilərək zərdüştliyə ya da qeyri-islami təriqətlərə üz tutulması məsələlərində maraqlı olmasının kökündə Qərb-Avropa-Rus ideyalarının tərənnümçüsü olması dayanırdı (Bu məsələlərə aşağıda yenidən qayıdacağıq). Axundzadənin Qərb mədəniyyətinin təsiri altında müdafiə etdiyi ideyalar arasında konstitusiyalı dövlətin olması və dinin dövlətdən ayrılması məsələləri də xüsusi yer tutmuşdur. Qərb ideyalarının qızğın tərənnümçüsü olan Axundzadə hesab edirdi ki, Avropa maarifçilərindən Volter, Russo, Mönteskye, Mirabo və başqaları zülmü aradan qaldırmaq üçün, şaha müraciət etmək əvəzinə, xalqa üz tutaraq onları zalımlara qarşı mübarizəyə səslədiyi kimi, müsəlman ölkələrinin xalqları da eyni yolu tutmalıdırlar. "Hazırda Avropa ölkələrinin bir çoxunda mövcud olan konstitusiyalı dövlət quruluşu həmin filosofların fikirlərinin nəticəsidir", - deyən Axundzadə bu fikrini Mirzə Yusif xanın "Yek kəlmə" kitabına yazdığı rəy-məqaləsində inkişaf etdirmişdir. Mirzə Yusif xan həmin əsərində bəzi Avropa ölkələrində olduğu kimi, müsəlman ölkələrində də ədalətli şahın əliylə şəriətə əsaslanan konstitutsiyalı dövlətin qurulması fikrini irəli sürür. Həmin kitabı oxuyaraq öz rəyini bildirən Axundzadəyə görə yaxşı kitabdır, ancaq ölmüş millət üçün yazılmışdır. Avropalıların zalım krallarla mücadilə verərək konstitusiyalı dövlət yaratdıqlarını deyən Axundzadə, Mirzə Yusif xanın şəriət əsasında ortaya atdığı konstitusiyalı dövlət ideyasının gerçəkləşməsinin mümkünsüz¬lüyünü yazırdı: "Sizə elə gəlir ki, şəriət hökmlərinin köməyi ilə Fransa konstitusyonunu Şərqdə həyata keçirmək olar; yəni zülmü aradan qaldırmaq olar. Yox, qətiyyən belə deyil! Bu çətindir və mümkün olan iş deyil! Əməvilər və Abbasilər əsri şəriətə daha yaxın idi. Zülmün və despotizmin binasını islamiyyətdə əvvəlcə bunlar qoydular. Elə isə şəriət hökmləri var olduğu halda, zülm davam edir?!". Axundzadə yazır ki, çıxış yolu xalqın əlindədədir. Xalq özü şahı taxtdan salmalı və konstitusion dövlət yaratmalıdır: "Ədaləti yerinə yetirmək və zülmü aradan qaldırmaq ancaq yuxarıda dediyim şəkildə mümkündür; yəni millətin özü bəsirət və elm sahibi olmalı, ittifaq və yekdillik əsaslarını əldə etməli, sonra zalıma müraciət edərək deməlidir: Səltənət və hökumət büsatından əl çək!.. Ondan sonra, özü zamanın vəziyyətinə uyğun olaraq qanun qoyub konstitusyon yazmalı və ona əməl etməlidir. O zaman millət yeni həyat tapacaq və Şərq torpağı gözəl cənnət kimi olacaqdır". Bizcə, konstitusiyalı dövlətin olması məsələsində də Axundzadə Avropa mütəfəkkirlərini təqlid etməklə kifayətlənmiş, yəni Şərq xalqlarının, o cümlədən müsəlman Şərqi xalqlarının bu məsələdə özünəməxsusluqlarını dəyərləndirə bilməmişdir. Bu anlamda Axundzadə həmin məsələ ilə bağlı bir çox hallarda haqlı olmasına baxmayaraq, yeni bir söz demədiyi üçün ciddi uğur qazana bilməmişdir. Başqa sözlə, Axundzadə son əsrlərdə gerilikçi, lokal, sxolastik mahiyyətli müsəlman ölkələrində yaşananları tənqid etməkdə, eyni zamanda da Avropa ölklərinin müsbət cəhətlərinin mənimsənilməsi məsələsində haqlı olmaqla yanaşı, müsəlman xalqarının müsbət cəhətlərini görməzdən gəlməklə və Avropadan gələn bütün ideyaları ideallaşdırmaqla xətalara yol vermişdir. Məsələn, Axundzadəyə görə, konstitusiyalı dövlət üçün zəruri olan məsələlərdən biri dinin dövlətdən ayırı tutulması idi ki, o, bununla bağlı islamaqədərki türk dövlətlərində və islam dönəmindəki türk-müsəlman dövlətlərində həmin məsələnin incəliklə öz əksini tapdığını bilməsi lazım idi. Yəni Axundzadə yalnız 18-19-cu əsrlərdə mövcud olan türk-müsəlman dövlətləri Osmanlı ilə Qacarlarda ruhaniliyin ön planda olmasından nəticə çıxarmamalı idi. "Xalqla dövlət arasında ayrılığın əsil səbəbi ruhanilərdir. Nə üçün? Buna görə ki, ruhanilər xalqın ruhuna və təbiətinə o qədər müsələt olmuşlar ki, camaat onların dediklərinə sorğu-sualsız itaət edir, ürəyində dövlətə nifrət bəsləyir" - deyən Axundzadəyə görə, ruhanilər xalqın "pənahı"na çevrilib və nəticədə xalq dövlətə ikinci dərəcəli baxır. Üstəlik, dövlət məmurları ruhanilərin qarşısında özlərini nökər kimi aparırlar. Axundazadə yazır: "Xalqın mənafeyi, ölkə və vətənimizin abadlığı onu tələb edir ki, xalqla dövlət arasında birlik və mehribanlıq yaransın. Dövlət zahiri və həqiqi istiqlaliyyət əldə etsin. Təkcə özü xalqın pənahı olsun, ruhaniləri ölkəni idarə işlərində dövlətə şərik etməsin". Şübhəsiz, Axundzadənin sadaladığı bu müsbət cəhətlərin əksəriyyəti türk ya da türk-müsəlman dövlətlərində olmuşdur. Ancaq bütün bunları görməzdən gələn Axundzadə hesab edirdi ki, əgər müsəlman ölkələrinin dinə münasibəti dəyişməyəcəksə, onda onlar heç vaxt Avropa ölkələri kimi mədəni inkişaf səviyyəsinə qalxmayacaqlar. Bu baxımdan Axundzadəyə görə Avropada olduğu kimi, müsəlman ölkələri də vətəndşalara siyasi, hüquqi, mənəvi, dini sahələrdə azadlıq verməlidir: "Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə və onları ata-babasının və övliyanın qərar verdikləri şeylərlə kifayətlənməyə və bunlardan kənara çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməməyə məcbur edərsə, bu halda fərdlər yer əkən, məhsul toplayan və həç bir işi düşünmədən və fikir etmədən görən avtomatlar olarlar; və ya onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən dairədə dolanarlar və öz vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra yenə oyanıb həmən dünənki dolandığı dünyanın axırına qədər təkrar edərlər. Və bu biçarə atların hərgiz xəbəri olmaz ki, dünyada çəmənlər, otlaqlar, çayırlıqlar, çiçəkliklər, meşələr, dağlar və dərələr vardır; əgər bağlı olmasaydılar, dünyada gəzərdilər və o könül açan yerləri görərdilər və dünya nemətlərindən tamamilə faydalanmış olurdular". Bu məsələlərdə Axundzadə nə qədər haqlı olsa da, İslam dininə, Şərq mədəniyyətinə (İran-Ariyanları çıxmaqla), Türk adət-ənənələrinə qarşı həddən artıq radikallığı, Qərb mədəniyyətinə, Qərb ideyalarına isə aludəçiliyi özünü büruzə verir. Bir sözlə, Axundzadənin bu məsələlərdə ən böyük yanlışlığı Avropa xalqlarının dövlətçilik ənənələri ilə Şərq xalqlarının, o cümlədən müsəlman Şərqi xalqlarının (islamaqədərki dövrləri də nəzərə alaraq) dövlətçilik ənənələrini eyniləşdirməsidir. Hər halda konstitusiyalı dövlətin olması ya da dinin dövlətdən ayrı olması məsələsinin ən gözəl örnəkləri islamaqədərki və islam dönəmindəki əksər türk dövlətlərində mövcud olmuşdur. Hətta, Axundzadənin tərifləyib göylərə qaldırdığı Sasanlar dövlətində belə din, yəni zərdüşrlük-atəşpərəstlik dövlətdən ayrı olmadığı halda, əksər türk dövlətləri daim buna əməl etmişlər.

Faiq ƏLƏKBƏRLİ (QƏZƏNFƏROĞLU), AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Mediainfo.az