Afaq Bəşirqızından ürəkdağlayan oğurluq açıqlaması

Afaq Bəşirqızından ürəkdağlayan oğurluq açıqlaması

20 May 2019 16:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bir dəfə çox ac idim. Uşaqlar hamısı məktəbə kolbasa-çörəklə gəlirdilər. Mən də uşaqlıqda kolbasanı çox sevirdim. Mən Zivər xanımın çantasından 5 manat götürdüm, getdim mağazadan kolbasa aldım…

Bu sözləri xalq artisti Afaq Bəşirqızı AzTV-nin "Ağ-qara" verilişində "Ac uşağa görə oğurluq edərsinizmi?" sualını cavablandırakən deyib.

Gözləri dolmuş halda hadisəni nəql edən dəyərli aktrisa bildirib ki, o vaxtlar atası xəstəxanada imiş:

"Biz o vaxt "Almaz" qızıl mağazasının yanında yaşayırdıq. Atam (Bəşir Səfəroğlu - N.İ) xəstəydi, Mərkəzi Klinikada yatırdı. Evimizə tez-tez analığımın qohumu gəlib-gedirdi, adı Zivər idi. Mən Zivər xanımın çantasından 5 manat götürdüm, getdim mağazadan kolbasa aldım, doğratdırdım və onu gətirib atamın kitab şkafında gizlətdim. Bir gün o kolbasadan yedim, səhərisi göm-göy göyərmişdi, iylənmişdi.

Vaxt keçdi, mən Afaq oldum. Montində "Saatlı ev" deyilən yer var. Eşitmişdim ki, Zivər xanım orada satıcıdır. Getdim ora, Zivər xanımın yanına. Əvvəlcə məni tanımadı, sonradan yadına düşdü, artıq o da yaşlanmışdı.

Dedim ki, Zivər xanım, uşaq olanda sənin çantandan 5 manat götürmüşdüm və dedim ki, indi o pulu sizə qaytarmağa, əvəzini çıxmağa gəlmişəm.

Dedi ki, Afaq, onu bilmişdim və sənə də halal eləmişdim. Etiraz elədim, dedim ki, yox, belə olmaz. Yəni sözümün canı budur ki, aclığıma dözə bilməmişəmsə, başqa uşağın aclığına heç dözə bilmərəm. Bütün uşaqlara görə istənilən riskə gedərəm".