“Heydər Əliyev Fondu Azərbaycanın vizit kartıdır”

“Heydər Əliyev Fondu Azərbaycanın vizit kartıdır”

10 May 2019 13:49
Bəyəndim (0) Bəyənmədim (0)

"Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın vizit kartıdır. Bu gün postsovet məkanında bu cür effektli işləyən ikinci bir təşkilat yoxdur".

Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu ONA-nın Moskva müxbirinə müsahibəsində Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Mixail Şvıdkoy bildirib.

Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyini, Fondun bu illər ərzində fəaliyyətini qiymətləndirən M.Şvıdkoy Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, elminə çox ciddi qayğı ilə yanaşdığını söyləyib: "Bu gün onun adını daşıyan Fondun əsas fəaliyyət sahəsi də məhz Heydər Əliyevin daim diqqətdə saxladığı sahələrdir. Heydər Əliyev Fondu 15 il ərzində çox şeylər edib. Bu illər ərzində Fond təkcə bu və ya digər sərgini, incəsənəti, kitab nəşrini, elmi layihələri dəstəkləməyib, fond dünyada müasir Azərbaycanın obrazını yaratmağa yardım edib. Bu olduqca vacibdir. Azərbaycandan kənarda, dünyanın bir sıra ölkələrində, o cümlədən Rusiyada həyata keçirilən bir sıra geniş miqyaslı layihələrin adı Heydər Əliyev Fondu ilə bağlıdır. Bu gün Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın vizit kartına çevrilib".

M.Şvıdkoyun fikrincə, MDB məkanında Heydər Əliyev Fondu qədər fəaliyyət göstərən ikinci bir təşkilat yoxdur: "15 il ərzində Heydər Əliyev Fondunun başında Mehriban xanım Əliyevanın olması onu göstərir ki, mədəniyyətin, təhsilin, elmin inkişafına dəstəyə, Azərbaycanın müsbət obrazının yaradılması üçün görülən işlərə ölkə rəhbərliyi, prezident İlham Əliyev tərəfindən necə əhəmiyyət verilir. Hesab edirəm ki, postsovet məkanında Heydər Əliyev Fondu qədər fəaliyyət göstərən ikinci bir təşkilat yoxdur. Əminəm ki, Heydər Əliyev Fondu bu gün Azərbaycan üçün Höte İnstitutunun Almaniya üçün, "Alyans Frans"ın Fransa üçün oynadığı qədər əhəmiyyətli rol oynayır. Bütün hallarda Azərbaycanın ölkə mədəniyyətini, tarixini tanıdan, Azərbaycan haqqında bütün dünyada müsbət təsəvvür yaradan çox effektli işlək aləti var. Fikrimcə, Heydər Əliyev Fondunun UNESCO kimi nüfuzlu təşkilatla fəal əməkdaşlıq etməsi onu göstərir ki, Fond bu gün öz ölkəsinin müsbət imicini yaradan dünyanın nəhəng milli təşkilatları ilə eyni sırada dayanır".

M.Şvıdkoyun fikrincə, Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından da çox önəmlidir: "Fondun Rusiyada həyata keçirdiyi tədbirlər, geniş miqyaslı humanitar layihələr iki ölkə arasındakı dostluq və mehriban qonşuluq əlaqələrinin möhkəmlənməsinə təkan verir. Mənə elə gəlir ki, bu gün Azərbaycan və Rusiya arasındakı münasibətlər üçün Heydər Əliyev Fondunun fəaliyyəti çox önəmlidir. Ona görə ki, Fond Azərbaycan mədəniyyətini Rusiyada təmsil edir. Nəzərə alsaq ki, Rusiyada çoxlu sayda azərbaycanlılar yaşayır, bu gün Fondun Rusiya azərbaycanlılarına mədəni və humanitar layihələrin həyata keçirilməsində dəstəyi yüksək səviyyədə hiss olunur".