Səbinə Babayeva Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi seçildi

Səbinə Babayeva Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi seçildi

13 Fevral 2012 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Səbinə Babayeva Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi seçilib. Eurovision.az-ın məlumatına görə, Heydər Əliyev Sarayında 20.30-da başlayan və 3 saatdan artıq davam edən Milli Final gecəsinin sonunda münsiflər heyəti 5 ifaçı - Orxan Kərimli, Arzu İsmayılova, Fəqan Səfərov, Elton İbrahimov və Səbinə Babayevanın çıxışlarını dəyərləndirib.

Münsiflər heyətinə İsmayıl Ömərov (İctimai Teleradionun Baş direktoru), Tünzalə Ağayeva (müğənni), Zümrüd Dadaşzadə (musiqişünas), Zülfiyyə Xanbabayeva (müğənni), Mənzər Nurəliyeva (Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi), Faiq Sücəddinov (bəstəkar), Rauf Babayev (bəstəkar) daxildir.

Səsvermənin nəticələrini Azərbaycanın Eurovision Mahnı Müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova açıqlayıb və təmsilçimizə uğurlar arzulayıb.

"Odlar Yurdu"nun musiqiçiləri finalçılarımıza dəstək olub

Milli final gecəsi aparıcıların maraqlı rəqs kompozisiyası ilə açılıb. Milli rəqqaslarımız qaval rəqsi, xanəndələrimiz "Qarabağ şikəstəsi", Azərbaycanın Eurovision 2010 təmsilçisi Səfurə, Eurovision 2011-in qalibləri Eldar və Nigar öz ifaları ilə finalçılarımıza dəstək olub.

"Sevirəm səni, Azərbaycan"

Milli Final gecəsində Türkiyənin Eurovision 2012 təmsilçisi Can Bonomo və Maltanın Eurovision 2012-dəki ifaçısı Kurt Kalleya (Kurt Calleja) da çıxış edib.

Gözəl ifası, ritmik mahnısı ilə zalda alqışlarla qarşılanan Can Bonomo Eurovision 2012 mahnısının tezliklə hazır olacağını bildirib.

Maltanın Eurovision 2012 təmsilçisi Kurt Kalleya (Kurt Calleja) müsabiqədəki "This is the night" mahnısı ilə yanaşı, "Over and Over" mahnısını da ifa edib və "Odlar Yurdu"na "Sevirəm səni, Azərbaycan" deyərək səslənib.

Final şousu Eldar Qasımov, Nigar Camal, Can Bonomo, Kurt Kalleya və digər ifaçıların təqdimatında "Running Scared" mahnısı ilə başa çatıb.

Beləliklə, 2011-ci il noyabrın 28-də başlayan Milli Seçimlərdəki həyəcan bitdi. Qarşıda isə may ayında keçiriləcək Eurovision 2012 həyəcanı var.

May ayında məşəlini Azərbaycanda bizimlə birlikdə alovlandır!

O.M.