"Eurovision-2012" mahnı müsabiqəsi üçün Bakıya gələcək əcnəbilər üçün viza rejimi sadələşdirildi

"Eurovision-2012" mahnı müsabiqəsi üçün Bakıya gələcək əcnəbilər üçün viza rejimi sadələşdirildi

10 Fevral 2012 17:39
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin ölkənin beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Fərmanda viza verilməsi üçün əsas hesab edilə biləcək sənədlərin siyahısı verilib. Bu sərəncama əsasən, "Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu, Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd, yaxud "Eurovision-2012" mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd viza verilməsi üçün əsas hesab edilə bilər.
Fərmanda qeyd olunur bu fərmanın 1-ci hissəsində göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:
- "Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş iştirakçılar və nümayəndə heyətlərinin üzvləri - 2012-ci il aprelin 15-dən iyunun 1-dək;
- Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə "Eurovision-2012" mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər - 2012-ci il mayın 10-dan iyunun 1-dək.
Fərmanın 4-cü bəndinə əsasən, Nazirlər Kabineti "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn şəxslərə ölkənin beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələləri və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar ölkəmizə gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Yayımları Birliyinə və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli, bu məlumatın Nazirliyin, habelə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.
Fərmanda Dövlət Miqrasiya Xidmətinə "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə məlumat vermək tapşırılıb.

O.M.