Eldar Qasımov və Nigar Camal "2011-ci ilin adamı" elan olundular

Eldar Qasımov və Nigar Camal "2011-ci ilin adamı" elan olundular

7 Fevral 2012 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

"Çingiz Mustafayev Fondu" və ANS Şirkətlər Qrupu tərəfindən "Eurovision" müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camala "2011-ci ilin adamı" mükafatı təqdim edilib. Tədbirdə çıxış edən ANS Şirkətlər Qrupunun vitse-prezident Seyfulla Mustafayev bu mükafatın 11-ci dəfədir verildiyini deyib. O bildirib ki, mükafat ilk dəfədir eyni anda iki şəxsə verilir: "Avropada Azərbaycan bayrağını qaldıran Eldar və Nigar bir rəmzə çevrildilər. Qalib gələn təkcə iki gəncin səsi deyildi, bu, hər birimizin birgə ucaltdığımız səs idi. Azərbaycan təbii ki, buna qədər də tanınırdı, amma etiraf edək ki, bu qələbə Azərbaycanı daha da məşhurlaşdırdı. Bütün Avropa Azərbaycan mədəniyyətini alqışlayırdı və bu qələbə məhz Azərbaycanın ayağına yazıldı, tarixə həkk olundu".

Daha sonra Eldar Qasımov və Nigar Camalın Düsseldorf səhnəsindəki qələbəsini əks etdirən video-çarx nümayiş etdirilib. E.Qasımov mükafata layiq görülmələrindən qürurlandıqlarını söyləyib. O bəyan edib ki, Azərbaycan növbəti illərdə də belə qələbələr qazanacaq. N.Camal da öz növbəsində təşəkkürünü bildirib və bu mükafatın çox dəyərli olduğunu vurğulayıb. "Çingiz Mustafayev Fondu" və ANS Şirkətlər Qrupu tərəfindən onların hərəsinə 2 min manat pul mükafatı verilib və saat hədiyyə olunub.
Məsul şəxslərin, diplomatik korpus nümayəndələrinin, tanınmış mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirin sonunda Eldar və Nigar onlara qələbə qazandıran "Running Scared"i ifa ediblər.

O.M.