"Eurovision 2012" Bakıda saat 24:00-da başlayacaq
"Eurovision-2012" Mahnı Müsabiqəsi
Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da başlayacaq. Məlumata görə, müsabiqənin
icraedici rəhbəri Yan Ola Sand "Eurovision" yarışmasının bir qayda
olaraq axşam saat 9-da başladığını bildirib. Bu da Bakı vaxtı ilə gecə saat 12
deməkdir, yəni saat 00:00.
Yan Ola Sand "Eurovision-2012"
Mahnı Müsabiqəsinin səsverməsinin şounun son 15 dəqiqəsində həyata
keçiriləcəyini deyib: "Bu qərarı verməkdə məqsəd tamaşaçıların fikrini
şoudan yayındırmamaqdır. Son iki ildə yeni səsvermə üslubunu sınadıq. Səsvermə
prosesi bütün şou boyu həyata keçirildi, amma gördük ki, bu tamaşaçıların şounu
yaxşı izləmələrinə mane olur. Qərara gəldik ki, bu ildən etibarən şounun
sonundakı 15 dəqiqəlik səsverməni bərpa edək. İştirakçıların qiymətləndirilməsi
50 faiz tamaşaçı səsverməsinə, 50 faiz isə münsiflər heyətinə aiddir".
Qeyd edək ki, "Eurovision 2012" Mahnı Müsabiqəsi 22, 24 və 26 may
2012-ci il tarixlərində Bakıda baş tutacaq. 22 mayda keçiriləcək birinci
yarımfinalda 18 ölkə - Çernoqoriya, İslandiya, Rumıniya, Albaniya, Belçika,
Latviya, İsveçrə, Finlandiya, Yunanıstan, Moldova, Kipr, Avstriya, Danimarka,
Rusiya, San Marino, İsrail, İrlandiya və Macarıstan iştirak edəcək.
24 mayda keçiriləcək ikinci yarımfinalda 19 ölkə - Serbiya, Niderland,
Portuqaliya, Makedoniya, Belarus, Malta, Ukrayna, Ermənistan, Bolqarıstan,
İsveç, Gürcüstan, Sloveniya, Estoniya, Türkiyə, Slovakiya, Xorvatiya, Norveç,
Litva, Bosniya-Hersoqovina iştirak edəcək.
Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və qalib ölkə kimi
Azərbaycan 26 mayda baş tutacaq final mərhələsində birbaşa iştirak
edəcək.
Yalnız qalib ölkə bütün Avropanı bir şəhərə yerləşdirə bilər...
Günel Həbib
O.M.