Macarıstanda Toğrul Nərimanbəyovun rəsmlərindən ibarət təqvim nəşr olunub

Macarıstanda Toğrul Nərimanbəyovun rəsmlərindən ibarət təqvim nəşr olunub

27 Yanvar 2012 19:13
Bəyəndim (0) Bəyənmədim (0)

Budapeştdə fəaliyyət göstərən yeganə diaspora təşkilatımız olan Macar-Azərbaycan Dostluq Cəmiyyəti ənənəvi olaraq 2012-ci il üçün Azərbaycan və macar dillərində təqvim hazırlamışdır. Builki təqvim görkəmli Azərbaycan rəssamlarından biri olan Toğrul Nərimanbəyova həsr olunub. Təqvimin hər səhifəsində rəssamın tanınmış əsərləri, onların adları və çəkilmə illəri göstərilmiş, son səhifəsində isə rəssamın tərcümeyi-halı və nailiyyətləri öz əksini tapmışdır. Bu rəsmlər arasında rəssamın avtoportreti, Bakının panoraması, Azərbaycan süfrəsi, muğam triosu, nağıllarımız, meyvələrimiz və başqa milli atributlarımız yer alıb. Hazırlanmış təqvim Macarıstanda yaşayan və təhsil alan azərbaycanlılara, macarlara, dövlət və qeyri-hökumət təşkilatlarına, biznes qurumlarına paylanıb.

Xatırladaq ki, Macar-Azərbaycan Dostluq Cəmiyyəti 1994-cü ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir. Üzvlərinin 90 faizi macarlardan ibarət olan bu cəmiyyət Azərbaycanın tarixi və bu günü, qədim adət-ənənələri, milli bayramları, dövlətimizin qazandığı nailiyyətlər barədə Macarıstan ictimaiyyətinə informasiya yaymağı qarşısına məqsəd qoymuşdur.

O.M.