"Belə çıxır ki, Azərbaycan bütün büdcəsini "Eurovision"a xərcləyir"

"Belə çıxır ki, Azərbaycan bütün büdcəsini "Eurovision"a xərcləyir"

25 Yanvar 2012 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012" mahnı müsabiqəsinin İşçi Qrupunun rəhbəri və icraçı prodüseri Adil Kərimlinin APA-ya müsahibəsi:

- Azərbaycanda möhtəşəm "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıqlar hansı mərhələdədir?
- Ölkəmizdə uzun müddətdir bu müsabiqəyə hazırlıq gedir və hazırlıq işlərini çox müsbət qiymətləndiririk. Avropa Yayım Birliyinin nümayəndələri dəfələrlə Bakıda olublar, hazırlıq prosesinin müxtəlif tərəflərinə dəfələrlə baxılıb və müzakirə olunub, planlar tutulub. Sonuncu səfərlərində işlərin plan üzrə vaxtından qabaq getdiyini söylədilər. Ümumi plan üzrə olan prosesi iki həftədən çox qabaqlaya bilmişik, işlər daha tez icra olunur. Hazırda yaradıcı heyət şounun ssenarisi, səhnə həlli üzərində çox ciddi işlər aparır. Artıq bizim konsepsiya üzrə hazırlanmış motto və loqo hazırdır, son tamamlanma işləri bitib. Yaxın günlərdə bu ictimaiyyətə təqdim olunacaq. Fikrimcə, bu çox uğurlu bir konsepsiyadır. Şounun artıq başlanğıcı hazırdır. Eyni zamanda ssenari üzərində iş aparılır. Şou ayrı-ayrı hissələrdən ibarətdir - giriş hissə, açılış şousu və aralıq hissələr. Ümumilikdə isə şəhərimizdə gedən hazırlığa nəzərə salsaq görərik ki, ayrı-ayrı sahələrdə çox böyük həvəslə çalışırlar. Hər kəs bu işə öz töhfəsini vermək istəyir. Təbii ki, bu işdə "Eurovision" fan-klublarının, gənclərin marağını daha çox görürük. İstər gündəlik fəaliyyətlərində, istər sosial şəbəkələrdə, ayrı-ayrı müzakirələrdə vətəndaşlardan həqiqətən də böyük bir dəstək hiss edirik. Buna görə də hər birinə təşəkkür edirik. Hazırlıq prosesi çox uğurla gedir və inanırıq ki, Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi bütün Avropa auditoriyasının və gələn qonaqların ürəyincə olacaq.
- Sizcə, "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi məkanla bağlı məsələdə gecikmirik?
- Köhnə təcrübəyə nəzər salsaq, qətiyyən gecikmirik. Bu günə qədər nəzərdə tutulan işlərin hər biri vaxtında icra olunub, hətta vaxtından da qabaq icra olunub. Yaxın günlərdə üç məkandan birinin seçilməsi gözlənilir. İnanırıq ki, Avropa Yayım Birliyinin nümayəndələri bu yarış üçün ən yaxşı yeri seçəcək. Çalışacağıq ki, seçilən məkanda kifayət qədər hər kəsin marağına səbəb ola biləcək televiziya şousu hazırlayaq.
- Ötən həftə Azərbaycanda keçiriləcək mötəbər müsabiqəyə gələcək ölkələrin sayı açıqlandı və çox sevindirici haldır ki, paytaxt Bakıda iştirakçı ölkələrin sayı baxımından rekord göstərici təkrarlanacaq. Azərbaycan 43 ölkədən gələcək çoxsaylı qonaqları qəbul etməyə hazırdırmı və qonaqların yerlə təminatı məsələsi necə həll olunacaq?
- Dəfələrlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qonaqların qəbulu və yerləşdirilməsi ilə bağlı açıqlamalar olub. Şəhərimiz çoxsaylı turistlərin qarşılanması və çox rahat yerləşdirilməsi üçün bütün infrastruktura malikdir. Rekord sayda iştirakçının olması isə həmin ölkələrin Azərbaycana, şəhərimizə, mədəniyyətimiz və musiqimizə olan marağıdır. Hər kəs Azərbaycanda keçiriləcək "Eurovision" mahnı müsabiqəsinə qatılmaq, öz mədəniyyətini, musiqisini, dəyərlərini bizimlə bölüşmək arzusundadır. Bu təbii ki, çox sevindirici haldır. Ümumilikdə "Eurovision" tarixində üçüncü dəfədir ki, müsabiqəyə bu sayda ölkə qatılır. İtaliya, Macarıstan, Avstriyanın, eyni zamanda son 3 ildə müsabiqədə iştirak etməyən Çernoqoriyanın qayıdışı bizi ikiqat sevindirir. İstəyirik ki, bu cür həvəs və maraqla ölkəmizə gələn qonaqları, nümayəndə heyətlərini, mədəniyyət işçilərini, musiqiçiləri özümüzə layiq formada qarşılayaq və onlar həm şoudan, həm qonaqpərvərliyimizdən razı qalsınlar. Buna heç bir şübhəmiz yoxdur. Aparılan hazırlıq işləri, istər xalqımızın mədəniyyəti, qonaqpərvərliyimiz imkan verir ki, hər kəs Odlar Yurdundan razı qayıtsın.
- Ötən həftə müsabiqənin səhnəsini hazırlayacaq "Brainpoll GmbH" şirkətinin əməkdaşları Bakıya gəldilər. Onların tövsiyələri nədən ibarət oldu və üç məkandan hansında şounun daha yüksək səviyyədə təşkili mümkün sayılır?
- Bu, "Brainpoll" şirkətinin verəcəyi qərar deyil, Avropa Yayım Birliyinin nümayəndələri və eyni zamanda Məşvərət Qrupunun birgə verəcəyi qərardır. Baxılan üç yerdən tam olaraq bütün müasir standartlara cavab verən, yerləşdiyi yerin gözəlliyinə, texniki infrastrukturuna, istədiyimiz şounun reallaşdırılmasına verdiyi imkanlara görə "Baku Crystall Hall" zalı daha üstün hesab olunur. Yaradıcı heyətin hər biri "Eurovision-2012"nin keçirilməsi üçün məhz bu yerin təsdiqlənməsini arzulayır. Amma hər şeyi gedən proseslər göstərəcək. Həmin ekspertlər də məhz "Baku Crystall Hall"ın layihəsini daha çox bəyəniblər, orada imkanlar daha genişdir. Bu yer daha məqbul və üç məkan arasında daha uğurlu variant hesab olunur.
- Təcrübədən görmüşük ki, "Eurovision"un keçirildiyi hər şəhər bu möhtəşəm müsabiqəyə uyğun hazırlanır. Yəni şəhəri plakatlar, bannerlər şəhəri bəzəyir, nəqliyyat vasitələrinin üzəri müsabiqənin ev sahibliyini xatırladan bu cür vasitələrlə bəzədilir. Bakıda bu prosesə nə zaman başlanması nəzərdə tutulur?
- Bakıda da bu prosesin icrası üçün müəyyən planımız var. Bu planın icrası üçün hazırlıq prosesi gedir. Yəqin ki, tezliklə şəhərimiz "Eurovision" ab-havasına bürünər. Hər bir küçəmizdə, parkımızda, bütün məkanlarda, ictimai yerlərdə "Eurovision" əhval-ruhiyyəsi hiss olunacaq, bayram əhvalı həm bizim, həm şəhərimizə gələn qonaqların ürəyincə olacaq.
- Nümayəndə heyətləri üçün xüsusi avtomobillərin, "Shutlle-bus"ların gətirilməsi prosesinə başlanıb. Ümumiyyətlə, "Eurovision-2012" ilə bağlı müxtəlif aksessuarların hazırlanması prosesi nə yerdədir?
- Bizim nəzərdə tutduğumuz və üzərində gedən iş ondan ibarətdir ki, bundan öncə iştirak etdiyimiz "Eurovision" mahnı müsabiqəsinin keçirildiyi ölkələrdə təşkil olunmuş hazırlıq prosesləri bizim ev sahibliyimizdə daha da artıq olsun ki, əskik olmasın. Təbii ki, buna bizim ötən illərdə qazandığımız təcrübəmiz imkan verir. İştirak etdiyimiz hər mahnı müsabiqəsində ev sahibliyinin müsbət və mənfi tərəflərini görmək imkanımız olub. Təbii, biz istərdik ki, bu dəfə müsbət tərəflər daha çox olsun və hər hansı boşluq qalmasın. Nümayəndə heyətlərinə daha rahat şərait yaratsaq, onlar şouda o qədər gözəl və rahat iştirak edəcəklər. Bunun üçün əlimizdən gələni edirik. Eyni zamanda, nümayəndə heyətləri üçün nəqliyyatın təşkili, "Shutlle-bus"ların gətirilməsi, "Eurovision" obyektləri arasında birbaşa avtobus reyslərinin açılması və s. nəzərdə tutulur.
- Müzakirə obyektinə çevrilən digər məsələ Azərbaycanın bu müsabiqəyə külli miqdarda vəsait ayırması xəbəridir. Bununla bağlı istər beynəlxalq, istər yerli KİV-də fantastik rəqəmlər səslənir.
- Ənənəvi olaraq "Eurovision"a ev sahibliyi edən ölkə müsabiqə bitdikdən sonra xərclənmiş büdcəni tam olaraq hesablayıb mediaya və ictimaiyyətə açıqlayır. Təbii ki, biz də hətta iştirakçı ölkə kimi bu günə qədər olan büdcəmizi hər zaman açıqlamışıq və layihənin şəffaflığını qorumuşuq. Bu ənənəyə sadiq qalaraq, bu il ev sahibi olan ölkə kimi də büdcəni layihədən sonra açıqlayacağıq. Amma indi dəqiq bir rəqəm söyləmək olmaz. Ölkələrin keçirdiyi şoudan, etdiyi ev sahibliyinin keyfiyyətindən asılı olaraq, bu büdcə aşağı-yuxarı bir az dəyişsə də, adətən bəlli və bir-birinə yaxın rəqəmlər olur. "Eurovision" mahnı müsabiqəsinin ümumi bir büdcəsi var. Bundan az miqdar xərcləsən, şounu keçirmək mümkün deyil, həddindən çox da vəsait xərcləsən, israfçılıq olar. Əmin ola bilərsiniz ki, adi bir kağıza belə maksimum qənaət etməyə çalışırıq, hər bir qəpiyimizi hesablayırıq. Eyni zamanda dediyim kimi, bu qənaət simiclik həddində olmamalıdır. Biz layiqli ev sahibliyi etmək üçün Avropa auditoriyasını təəccübləndirən, hər kəsin sevə-sevə izləyəcəyi şou təşkil etmək üçün simiclik etməməliyik. Ötən il Düsseldorfda müsabiqənin keçirilməsi üçün 47 milyon avro xərclədi və bu da təxminən 50 milyon manat edir. Milyardlarla bağlı deyən rəqəmlər isə məsuliyyətsiz çıxışlardır. Belə çıxır ki, Azərbaycan bütün büdcəsini "Eurovision"a xərcləyir. Məntiqlə baxıb, düşünsünlər. Bu günə qədər hazırlıq prosesində çox cüzi vəsait xərclənib. Büdcənin xərclənməsi səhnə və şounun hazırlanması, işıqlandırma, səs avadanlıqları alınması və onların gətirilməsi, şəhərin bəzədilməsi, nəqliyyat vasitələrinin gətirilməsi və sairdən sonra başlayır. Bu işlərdən başı çıxan insan ötən illərə nəzər salaraq xərclənən vəsaiti müəyyənləşdirə bilər. Bu məsələni bu qədər şişirtmək gülüncdür və absurd rəqəmləri səsləndirənlərin bu işdən başı çıxmır.
- Azərbaycana gələcək 42 ölkə arasında Ermənistan da var. Ötən illərə nəzər salsaq aydın görünür ki, istənilən "Eurovision" yarışmasında Ermənistan Azərbaycana qarşı müxtəlif təxribatlar həyata keçirib. İstər mahnılarında, istər ərazilərinin təqdimatında bu təxribatlara yol veriblər. Hətta Norveçdə Ermənistandan olan nümayəndə "Telenor Arena"ya qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağı ilə daxil olub. Azərbaycanda ermənilərin bu cür təxribatlarının qarşısı necə alınacaq?
- Bizim fəaliyyətimiz qeyd etdiyiniz yönümlü təxribatların qarşısını almaq yox, kimliyindən və hansı ölkədən gəlməsindən asılı olmayaraq, qonaqların təhlükəsizliyinin təmin olunması, onların fəaliyyətinə münbit şəraitin yaradılmasından ibarətdir. "Eurovision"a qatılan ölkənin nümayəndə heyətlərinin fəaliyyətinə gəldikdə isə, Avropa Yayım Birliyinin qoyduğu qaydalarla riayət olunur və əgər bu qaydalardan kənara çıxma halı varsa, Avropa Yayım Birliyi həmin qeyri-qanuni qaydalara zidd fəaliyyətlə bağlı ölçü götürür. Bu günə kimi məsələ belə olub. Ölkəsindən asılı olmayaraq kim bu qaydalara əməl etməsə, hər hansısa qayda pozuntusuna yol versə, yenə də Avropa Yayım Birliyi həmişə olduğu kimi obyektiv, ədalətli qərar verəcək.
- Yanvarın 25-də keçiriləcək açar təqdim etmə mərasiminin beynəlxalq kütləvi informasiya vasitələrində işıqlandırılması nəzərdə tutulurmu?
- Yəqin ki, bu mərasimi bütün Avropa auditoriyası izləyə biləcək. Maraq göstərənlər çoxdur, gəlmək istəyən hər bir qonağın üzünə qapılarımız açıqdır. Xarici mediadan, telekanallardan çoxlu müraciətlər var. Mərasimi "Eurovision" mahnı müsabiqəsinin rəsmi internet saytı vasitəsi ilə bütün tamaşaçılar da izləyə biləcəklər.
- EBU rəhbərliyi yanvarın 25-də keçiriləcək mərasimə qatılacaq. BU ərəfədə "Eurovision-2012"nin keçiriləcəyi məkanın təsdiqlənməsi mümkündürmü?
- Biz arenanın təsdiqini yaxın vaxtlar üçün nəzərdə tuturuq. Son olaraq bir daha baxılmış üç yerdən birinin seçilməsi məsələsi gündəmdədir. Bir daha həmin məkanlara baxış keçiriləcək. Təqdim olunmuş yerlərdən biri son baxışda təsdiq olunmalıdır. Yəqin ki, bu məsələ ilə bağlı çoxsaylı suallar ünvanlayan jurnalistləri və fanatları çox intizarda saxlamayacağıq.

O.M.