İKİ TƏNTƏNƏLİ YUBİLEYİ MƏKTƏB-STUDİYANIN ŞAGİRDLƏRİ QEYD ETDİLƏR

İKİ TƏNTƏNƏLİ YUBİLEYİ MƏKTƏB-STUDİYANIN ŞAGİRDLƏRİ QEYD ETDİLƏR

3 İyun 2018 06:54
Bəyəndim (0) Bəyənmədim (0)

Ü. Hacıbəyli adına BMA-nın böyük zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş Orta ixtisas məktəb-studiyasının şagirdlərinin konserti keçirildi.

Mediainfo.az-ın verdiyi xəbərə görə, tədbirdə giriş sözü ilə çıxış edən BMA-nın məktəb-studiyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova tariximizin şanlı və qürurverici salnaməsi olan Azərbaycan Xalq Cümhuriyyəti, eləcə də dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev haqqında məruzə edərək, konserti açıq elan etdi.

Daha sonra səhnədə bir-birinin ardınca məktəb-studiyanın şagirdləri maraqlı ifaları ilə dinləyicilərin zövqünü oxşaya bildilər. Konsertin proqramında həm Azərbaycan, həm də xarici ölkə bəstəkarlarının əsərləri yer almışdır. Bu əsərlər fortepiano, violin, violonçel, klarnet, fleyta, saksofon, eləcə də vokal sinfində təhsil alan şagirdlərin ifasında müvəffəqiyyətlə ifa olundu. Konsertin ilk, yaşca ən kiçik iştirakçısı Respublika və Beynəlxalq müsabiqələr laureatı Zərrin Şükürün R. Şumanın "Gənclik albomu"ndan "Kiçik romans" və A. Şmolun "Arzu" əsərini uğurlu ifa etməsi zalda alqışlarla müşayiət olundu. İkinci ifaçı-II sinif şagirdi Ləman Qasımovanın saksofonda ifası eyni müsbət təəssüratı yaratdı.

Növbəti dəfə dinləyicilər fortepiano ixtisası üzrə Respublika və Beynəlxalq müsabiqələr laureatı Danil Tyurinin virtuoz ifasına valeh oldular. Respublika müsabiqəsi laureatı Rəşad Abdullayevin fleytada mükəmməl ifası həm müəllimi, həm də dinləyicilərin alqışlarına səbəb oldu.

Konsertin növbəti iştirakçıları klarnet ixtisası üzrə Respublika müsabiqə laureatı Samuil Səlimov, violin ixtisası üzrə Respublika və Beynəlxalq müsabiqələr laureatı E. Hüseynov əvvəlki iştirakçılar kimi yenə də uğurlu ifaları ilə diqqəti cəlb edə bildilər. Mark Zençenkonun violonçeldə İ.S.Baxın süitasının ifası isə mükəmməlliyi ilə diqqətəlayiq idi. Fortepianoda Hüseyn Bədəlbəyli, Nurel Kərimova, Rəbiyə Gözəlova, Səriyyə Məmmədovanın həm Azərbaycan, həm də xarici ölkə bəstəkarlarının əsərlərinin ifaları ilə maraq doğurmağı bacardılar. V. Adığözəlovun "Bakı" mahnısı vokalçı L. Baxışovanın ifasında qənaətbəxş səsləndi. Konsertdə həmçinin iki skripkaçı-Nuradin Abdullayev və Beynəlxalq müsabiqələr laureatı Xədicə Mehdiyeva V. Montinin "Çardaş" əsərini duet şəklində ifa etdilər.

Konsertin sonu da maraqlı və qeyri-adi təşkil olunmuşdu. Səhnədə sözləri Gülər Əlvanqızı və Qabil Ədalətə, musiqisi isə BMA-nın məktəb-studiyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimovaya məxsus "Ulu bir sərkərdə, ulu bir öndər" kompozisiyası səsləndi. BMA-nın doktorantı Rüfət Piriyev və müəllifin müşayiətində səslənən kompozisiya-"Heydərimiz" mahnısı dinləyicilər tərəfindən sürəkli alqışlarla qarşılandı. Sonda "Ulu bir öndər" mahnısının sədaları altında bütün zal ayağa qalxaraq, səhnəyə gətirilən Azərbaycan Respublikasının üçrəngli bayrağını alqışladılar. Məhz sonuncu kompozisiya ilə yubiley konsertinə bayramsayağı rəng qatıldı.

Aytən MANAFOVA

Musiqişünas