"Mətbuat" firması teleradio işçilərini təltif etdi

"Mətbuat" firması teleradio işçilərini təltif etdi

29 Noyabr 2011 10:01
Bəyəndim (0) Bəyənmədim (0)
Həmin gecə "Qubadlıya gəl" çağırışı səsləndi

"Mətbuat" firmasının təşkilatı dəstəyi ilə Sumqayıtda Qubadlı ictimaiyyəti, ziyalılar, elm adamları, rəsmilərin iştirakı ilə "Azərbaycan mədəniyyəti inciləri" layihəsi çərçivəsində Qubadlı torpağının vətənpərvər oğlu, nəğməkar şair, 35 il dünya işığına həsrət qalan Təhməz Əvəzoğlunun anım günü keçirildi. Eyni zamanda layihə çərçivəsində şairin vəfatından sonra sayca dördüncü olan "Qubadlıya gəl" adlı kitabı və şairin sözlərinə bəstələnmiş mahnılardan, seçmə şeirlərdən ibarət diskin təqdimat mərasimi də oldu.

Tədbiri giriş sözü ilə gecənin aparıcısı tanınmış telejurnalist-aparıcı Mikayıl Güləddinoğlu açaraq, tədbirə təşrif buyuranlara şairin həyat və yaradıcılığı ilə bağlı dolğun məlumat verdi, AzTV-nin istehsalı olan "Təhməz Əvəzoğlu" sənədli filmindən fraqmentlər göstərildi.

Əməkdar artist Süleyman Zeynalov sözləri Təhməz Əvəzoğluna, musiqisi Seyran Əliyevə məxsus "Qubadlıya gəl" mahnısını ifa etdi. Respublika Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu çıxış edərək, Təhməz Əvəzoğlu

poeziyasının özəlliklərindən danışdı, layihə rəhbərliyinə nakam şairi anıb, yenidən poeziyasevərlərə təqdim etdiklərinə görə təşəkkürünü bildirdi. Gənc müğənni Məsumə Əliyeva şairin sözlərinə bəstəkar Əli Heydərin yazdığı "Biləydim" mahnısını ifa etməklə məclisə xüsusi ovqat bəxş etdi. Xanəndə Zakir Əliyev Təhməz Əvəzoğlunun qəzəllərindən ibarət muğam ifa etdi. O, çıxışını "Qaçaq Nəbi" xalq mahnısıyla yekunlaşdırdı. Əməkdar artist, aktrisa Mehriban Xanlarova şairin "Bu dünyaya niyə gəldim" şeirini özünəməxsus şəkildə tamaşaçılara təqdim etdi. Eyniadlı şeirə bəstəkar-müğənni Arif Səlimov bəstələdiyi mahnını ifa etdi. Aşıq İlhamın "Ad günüm" havası dinləyicilərin zövqünü oxşadı. Şairin nəvəsi balaca Təhməz babasının "Məmləkətim" şeirini əzbərdən söylədi və Təhməz irsinin gələcəkdə layiqli davamçısı olaraq nənəsi Hürzad xanımın əllərindən öpdü. Qubadlı rayon icra başçısının müavini Rasim Xalıqverdiyev, Qayalı kəndinin icra nümayəndəsi Novruz Fərzəliyev, dostu Şahsuvar İsmayılov şairlə bağlı çıxış etdilər, xatirələrini cözələdilər, onun insani keyfiyyətlərindən danışdılar. Gənc müğənni Vüsalə Əsgər şairin sözlərinə bəstəkar Elçin İmanovun caz üslubunda bəstələdiyi " Novruz bayramında" mahnısıyla məclisə xoş ovqat gətirdi. İctimai radionun diktoru Samir Bağiroğlu Təhməz Əvəzoğlunun "Ana" şeirini qonaqlara ərməğan etdi. Gənc müğənni Səbuhi Əliyev "Bülbül" adlı gözəl bir mahnıyla məclisi ovsunladı. Milli mənəvi dəyərlərimizin təbliğində xüsusi xidmətləri olan televiziya-radio işçilərinə "Azərbaycan mədəniyyəti incilərinin nümunəvi təbliğatçısı" mükafatı təqdim edildi. Az.TV QSC-nin prezidenti, millət vəkili Arif Alışanov, Mədəniyyət kanalının baş direktoru Cəmil Quliyev, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, İctimai televiziyanın baş direktoru İsmayıl Ömərov, İctimai radionun musiqi departamentinin rəhbəri musiqişünas Sevil Ələkbərova, Space TV-nin aparıcısı Mikayıl Güləddinoğlu, AzərTacın baş direktoru Aslan Aslanov qalib nominantlar olaraq mükafatlarına sahib çıxdılar.

Qeyd edək ki, "Qubadlıya gəl" kitabının redaktoru filologiya elmləri doktoru

Zemfira Vəliyeva, rəyçisi akademik Vasim Məmmədəliyevdir.

Layihə rəhbəri tədqiqatçı-musiqişünas Məmməd Əliyev, şairin oğlu Mail Mehralıyev çıxış edərək, layihədə əziyyəti olan hər kəsə - sənətçilərə, bəstəkarlara təşəkkürlərini bildirdilər və Təhməz Əvəzoğlu poeziya mükafatını qaliblərə təqdim etdilər. Qaliblər Ədalət Əsgəroğlu, Sayman Aruz mükafata görə layihə rəhbərinə minnətdarlıqlarını bildirdilər.

Sonda ölkə prezidenti İlham Əliyev cənablarına həsr olunmuş "Heydərin bəxşişi" mahnısıyla istedadlı müğənni Məsumə Əliyeva mərasimə yekun vurdu.

Qubadlı rayon icra hakimiyyətinin rəsmisi tədbirin yüksək səviyyədə keçirilməsindən məmnun qaldığını söylədi və layihənin axarlı olmasını dilədi.

Tədbirin informasiya dəstəyi "Oxu Məni" qəzeti idi.

Təki hamımız "Qubadlıya gəl" deyək, "Qubadlıya gedək" deməyək...

Alim Nəbioğlu

O.M.