Azərbaycanın əməkdar artisti Sevil Xəlilova vəfat etdi

Azərbaycanın əməkdar artisti Sevil Xəlilova vəfat etdi

29 Noyabr 2011 11:01
806
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından verilən məlumata görə, teatrın aktrisası, əməkdar artist Sevil Xəlilova dünyasını dəyişib. Aktrisa ötən gün saat 18:00 radələrində 58 yaşında vəfat edib. Aktrisanın ölüm səbəbi hələlik dəqiq məlum deyil. Onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal olunur. Aktrisa ilə vida mərasimi bu gün yaşadığı mənzildə (Əlibəy Hüseynzadə küçəsi, 16) olacaq. Aktrisa Novxanıda ailə qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Sevil Rza qızı Xəlilova 10 yanvar 1953-cü ildə Bakıda anadan olub. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası nəzdindəki "kino aktyoru" kursunun axşam şöbəsində (1969-1970) oxuyub, 1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olub. Hələ tələbə ikən Akademik Milli Dram Teatrında N. Hikmətin "Şöhrət və ya unudulan adam" psixoloji dramında Professorun qızı rolunu ifa edib. Aktrisa 1974-cü ildən təyinatla Akademik Milli Dram Teatrında işləməyə göndərilib. Ötən illər ərzində milli və dünya klassiklərinin, müasir Azərbaycan və əcnəbi dramaturqların əsərlərinin tamaşalarında oynayıb. S. Dağlının "Kölgələr pıçıldaşır" tamaşasında Çeşmə, Anarın "Şəhərin yay günləri" tamaşasında Qumru, C. Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşasında Zəvvar, S. Rəhmanın "Əliqulu evlənir" tamaşasında Humay, B. Vahabzadənin "Kimdir haqlı?" tamaşasında Məlahət, İ. Əfəndiyevin "Büllur sarayda" tamaşasında Səadət, Anarın "Təhminə və Zaur" tamaşasında Mədinə, B. Brextin "Üç quruşluq opera" tamaşasında Kitti, S. Rəhmanın "Nişanlı qız" tamaşasında Zərifə, S. Vurğunun "Vaqif" tamaşasında Gülnar, J. Rasinin "Fedra" tamaşasında Enona, Elçinin "Poçt şöbəsində xəyal" tamaşasında Züleyxa, Ə. Əmirlinin "Köhnə ev" tamaşasında Mələk, X. Qocanın "Hərənin öz payı" tamaşasında Xədicə xala, H. Cavidin "Afət" tamaşasında İlçay, Mir Cəlalın "Dirilən adam" tamaşasında Telli, C. Məmmədquluzadənin "Ölülər" tamaşasında Məşədi Orucun anası, İ. Şıxlının "Ölüləri qəbiristanlıqda basdırın" tamaşasında Güləndam, A. Şaiqin "Eloğlu" tamaşasında Cəvahir xanım rolunu oynayıb. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb. Bunlardan İ. Əfəndiyevin "Atayevlər ailəsində" Mehrican, M.F.Axundovun "Hacı Qara"sında Sona, Ə. Məmmədxanlının "Şərqin səhəri"ndə Nataşa, A.Məmmədovun "Kişilər"ində Səlimə, R. Kaşkauasın "Yağışlı gecə"sində Auşra, Anarın "Ötən ilin son gecəsi"ndə Gülarə, R. Qasımovanın "Yollar görüşəndə"sində Rahidə, A. Qəhrəmanovun "Müsabiqə"sində Sevinc və digər obrazları qeyd etmək olar.
Sevil Xəlilova teatr sənətindəki xidmətlərinə görə, 1986-cı il iyun ayının 23-də Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

O.M.