Ermənilər aşıq sənətini mənimsəmək istədilər

Ermənilər aşıq sənətini mənimsəmək istədilər

25 Noyabr 2011 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 23-də İndoneziyanın Bali adasında UNESCO-nun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitənin növbəti - altıncı sessiyası öz işinə başlayıb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycanı UNESCO yanında Daimi Nümayəndəliyin birinci katibi Anar Kərimov, ekspert-musiqişünas Sənubər Bağırova, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günay Əliyeva təmsil ediblər.

Sessiyanın birinci günündə qeyri-maddi mədəni irsin təcili qorunma siyahısına nominasiyalar müzakirə olunub. Nominasiyalar arasında Ermənistanın iki nominasiyası - "Erməni aşıq məhəbbət romansı ənənəsi" və "Erməni su festivalı Vardavar" müzakirəyə çıxarılıb. Müzakirə zamanı Azərbaycan nümayəndəsi Ermənistanın təqdim etdiyi nominasiyaların Konvensiyanın müvafiq meyarlarına cavab vermədiyini, aşıq sənətinin Ermənistan tərəfindən mənimsəndiyi və nominasiyada Dağlıq Qarabağla bağlı təxribat xarakterli istinadların olduğunu iştirakçıların diqqətinə çatdırıb. Qeyd edilənlərin Konvensiyanın müvafiq müddəalarına zidd olduğu və UNESCO-nun əsas prioritetlərindən olan mədəniyyətlərarası dialoqa və qarşılıqlı anlaşmaya töhfə vermədiyi vurğulanıb. Ermənistan nümayəndəsinin izahatlarına baxmayaraq, komitənin əksər üzvləri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyərək Ermənistanın iki nominasiyasının qeyri-maddi mədəni irs üzrə təcili qorunma siyahısına daxil edilməsinin əleyhinə çıxış ediblər. Beləliklə, komitənin müvafiq qərarına əsasən sözügedən iki nominasiya qəbul olunmayıb.

Ermənilər aşıq sənətinə aşıq olsalar da, onu mənimsəyə bilmədilər...

Fuad Borçalı

O.M.