"Gəlirik, gedirik, heç bir müsbət nəticə də yoxdur"

"Gəlirik, gedirik, heç bir müsbət nəticə də yoxdur"

11 Noyabr 2011 13:41
Bəyəndim (0) Bəyənmədim (0)

"Uzun müddətdir, fəaliyyətində problemlər yaranan Azərbaycan Kinematoqrafçılar İttifaqı iflic vəziyyətindədir". Bunu APA-ya açıqlamasında ittifaqın I katibi, xalq artisti Rasim Balayev deyib. O bildirib ki, ittifaqın fəaliyyətində heç bir yenilik yoxdur və hər şey olduğu kimi davam edir: "Heç bir iş yoxdur. Gəlirik, gedirik, heç bir müsbət nəticə də yoxdur. İstəmirik bağlansın, amma desələr ki artıq bitdi, dağılışıb gedəcəyik. Əlimizdən artıq heç nə gəlmir".

İttifaqın fəaliyyətinin davam etməsi üçün bütün lazımi addımların atıldığını deyən Rasim Balayev bundan sonra hansısa addıma ehtiyac olmadığını qeyd edib: "Əlimizdən gələni etmişik. Bütün lazımi instansiyalara yazılı müraciətlər göndərdik, hələ də nəticə yoxdur. Qərar vermək vaxtıdır. Məsələnin bu qədər uzun sürməsi narahat doğurur".
Rasim Balayev Kinematoqrafçılar İttifaqının maddi tərəfdən çox sıxıntılı halda olduğunu bildirib.
Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin müdiri Cahangir Məmmədov isə açıqlamasında ittifaqın gələcək taleyinin onlardan asılı olmadığını deyib: "Kinematoqrafçılar İttifaqı ictimai təşkilatdır, nazirliyə heç bir aidiyyəti yoxdur. Biz ittifaqın fəaliyyətinə də təsir edə bilmərik. Nazirliyik yalnız tabelikdə olan təşkilatlara cavabdehdir".
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqına Rüstəm İbrahimbəyov sədrlik edir. İttifaqın təşkilatçılığı ilə bir neçə il həyata keçirilən "Şərq-Qərb" Beynəlxalq Kinofestivalı da maddi vəsaitin olmaması səbəbindən son iki ildir baş tutmur.

Görünür, Kinematoqrafçılar İttifaqının ssenarisində faciəvi sonluq yazılıb...

Hafiz Əhmədov

O.M.