Daxili İşlər Nazirliyi də “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlaşır

Daxili İşlər Nazirliyi də “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlaşır

8 Noyabr 2011 13:50
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün nazirin yanında müşavirə keçirildi

Azərbaycan Respublikası Daxili işlər Nazirliyi mətbuat xidməti məlumat verir ki, Noyabrın 8-də Daxili İşlər Nazirliyində 2012-ci ilin may ayında Bakı şəhərində keçiriləcək "Evrovision-2012" mahnı müsabiqəsi zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı nazir yanında əməliyyat müşavirəsi keçirilmişdir. Daxili işlər naziri general-polkovnik Ramil Usubov bildirmişdir ki, mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 19 may 2011-ci il tarixli Sərəncamı ilə YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın sədrliyi ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən müvafiq tədbirlər planı hazırlanmış, onun icrasına məsul qurumlar və konkret icra müddətləri müəyyən edilmişdir. Diqqətə çatdırılmışdır ki, bu möhtəşəm beynəlxalq tədbirin təşkilində Daxili İşlər Nazirliyinin də üzərinə mühüm vəzifələr düşür.
Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi polis general-mayoru Fazil Quliyev Daxili İşlər Nazirliyində planlaşdırılan hazırlıq işləri ilə bağlı məlumat vermişdir. Müşavirənin sonunda nazir R.Usubov ölkəmizin həyatında böyük ictimai hadisə sayılan bu tədbirlə bağlı ölkə Prezidentinin Sərəncamının icrasının təmin edilməsi, Təşkilat Komitəsinin iclaslarında qarşıya qoyulan məsul vəzifələrin həlli, müsabiqə ərəfəsində və dövründə paytaxtda ictimai asayişin və təhlükəsizliyin nümunəvi təmin olunması məqsədilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışmış, ayrı-ayrı xidmət sahələrinin rəhbərləri qarşısında konkret vəzifələr qoymuş, müvafiq tapşırıqlar vermişdir.

Musiqidə nümunə olduğumuz kimi qonaqpərvərlikdə də nümunə olmalıyıq...

Hafiz Əhmədov

O.M.