2017-ci il Gülyaz və Gülyanaq Məmmədova bacıları üçün uğurlu olub

2017-ci il Gülyaz və Gülyanaq Məmmədova bacıları üçün uğurlu olub

30 Dekabr 2017 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Başa çatmaqda olan 2017-ci il Azərbaycanın tanınmış sənətçilərinin həyatında nə ilə yadda qalacaq? Məsələ ilə əlaqədar "Oxu məni" qəzetinə və "Medianfo. Az" `saytına açıqlama verən Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova bacıları 2017-ci ilin yaradıcılıq baxımından həyatlarında özünəməxsus şəkildə uğurlarla yadda qalacaqlarını söyədilər. Gülyaz xanım: "Ən önəmlisi oğlum Ramazanın bu il Azərbaycan Dövlət İncəsənət Universitetini uğurla başa vurması oldu. O hazırda magistraturaya hazırlaşır. Ana üçünsə bundan böyük səadət ola bilməz. Başa çatmaqda olan il yaradıcılıq baxımından həyatımda müəyyən izlər buraxıb. Bu il Opera və Balet teatrının səhnəsində tamaşaya qoyulan "Leyli və Məcnun"da Leyli, "Aşıq Qərib"də Şahsənəm,"Arşın mal alan"da Telli obrazlarını canlandırmışam. Bu tamaşalarda tərəf müqabillərim isə müvafiq olaraq Səbuhi İbayev, İlkin Əhmədov və Elnur Zeynalov olub. Bundan əlavə tar çalan Mehman Mikayılovla birgə Füzuliyə həsr olunan"Kamil aşiq", həmçinin "Telli sazım"konserti ilə tamaşaçılar qarşısında çıxış etmişəm. Təbii ki, bu ilki uğurlarımızdan biri də Qəbələ beynəlxalq festivalında iştirak etmək olub".

Gülyaz və Gülyanaq Məmmədova bacıları başa çatmaqda olan ildə həmçinin ATV telekanalında baş tutan "Tanıdım səni" layihəsində münsiflər kimi iştirak ediblər. 8 ay ərzində bacılar istedadlı gənc ifaçıların üzə çıxarılmasına öz töhfələrini vermiş, onlara dəyərli məsləhətlərlə yardım etmişılər. Gülyaz xanımın sözlərinə görə gənc istedadlar arasında düzgün seçim etmək olduqca çətin və məsuliyyətlidir. O: "Layihədə istedadlı gənc ifaçılar iştirak edirdilər. Onlarında arasından seçim etmək, əm yaxşısını üzə çıxarmaq olduqca çətin və məsuliyyətli bir ış idi. Ona görə də heç bir iştirakçının qəlbini qırmaq istəmirdik. Bizdən olsaydı onların hamısını qalib elan edərdik",-deyir.

Gülyaz xanım həmçinin ən böyük uğurlarından birinin də Gülyanaq xanımla birgə bu ilin oktyabr ayının 20-22-də Türkiyədə böyük Azərbaycan şairi Bəxtiyar Vahabazadənin və Əhməd Karakoçun xatirəsinə həsr edilən "Türk dünyasında iz buraxanlar" ədəbi bədii tədbirdə iştirak etmələri olduğunu söylədi.TRT Avaz telekanalı ilə canlı yayım edilən bu möhtəşəm tədbirdə Gülyaz və Gülyanaq Məmmədova bacılarının çıxışları dəfələrlə alqışlarla qarşılandı. Necə deyərlər bu beynəlxalq tədbirdəki çıxışlarını Gülyaz və Gülyanaq Məmmədova bacılarının nəinki Azərbaycan, həm də türk dünyası musiqisevərləri qarşısında verdikləri yaradıcılıq imtahanı, başa çatmaqda olan ildə qazandıqları uğurların zirvəsi hesab etmək olar.

Təbii ki, hər bir xanəndənin yaradıcılığında kliplər özünəməxsus bir iz buraxır. Bu baxımdan başa çatmaqda olan ildə Gülyaz Məmmədovanın ifasında "Qısqanıram" klipi çəkilib. Gülyaz Məmmədova: " Bu ilki uğurlarımdan biri də "Qısqanıram" klipi ilə bağlıdır. Klipin sözlər Tağı Sadiqindır, bəstəkarı isə Alım Nəbiöğludur. Klipi Zamiq Əliyev çəkib",-deyir.

Gülyaz Məmmədova özü ilə bərabər oğlu Ramazanın da uğurlarından bir ana kimi qürurla danışır. O deyir ki, professional musiqi həyatında ilk addımlarını atan və ifa etdiyi estrada mahnıları ilə artıq musiqisevərlərin qəlbini fəth etməyə başlayan Ramazan bir çox konsert proqramları ilə çıxış edib. Tanınmış xanəndənin sözlərinə görə, hazırda Ramazanın ifasında "Gecədən səhərə kimi"klipi şəkilir. Ramazan xalası Gülyanaq Məmmədova ilə birlikdə duet oxuyub. Ramazanın özünəməxsus şirin bir ifa tərzi var və onun gələcəkdə tanınmş estrada ifaçılarından biri kimi tanınacağı şübhə doğurmur. Bəs Ramazanın anasından fərqli olaraq estrada janrını seçməsi nə ilə əlaqədardır? Bu sualımıza cavabında Gülyaz Məmmədova: " Ramazanın səs tempi estrada janrına daha çox uyğundur. Ona görə də seçimi də estra janrı oldu. Tanınmış sənətkarlar Ramazanın gələcəkdə bu sahədə uğur qazanacağını söyləyirlər. Hər halda mən də Ramazanın estrada sahəsində uğurlar qazanacağına inanıram. Amma bir sirri də açım: Ramazanın ifasında xalq musiqimiz də yaxşı alınır. Mən ona, onun gələcəyinə inanıram",-deyir.

Təbii ki, bütün analar kimi Gülyaz xanım da oğul evləndirmək, qucağında nəvə tutmaq arzusundadır. Lakin Xalq artisti bu məsələdə Ramazanı tələsdirmək niyyətində deyil: "Ramazan hələ magistratura oxuyacaq, estrada müğənnisi kimi püxtələşəcək. Ona görə də onu bu məsələdə tələsdirmək niyyətində deyiləm".

Gülyaz Məmmədova gələcək planlarından isə danışmaq istəmir. O deyir ki, adətən planlarından danışarkən bunun düşər-düşməzi olur və ona görə əksər hallarda bu mövzuda susmağa üstünlük verir.

Xalq artisti Gülyanaq Məmmədovanın yaradıcılıq uğurlarından danışmazdan əvvəl onu deyək ki, başa çatmaqda olan ilin ilk günlərində onun şəxsi ailə həyatında yadda qalan bir hadisə baş verib. Belə ki, Xalq artisitinin 4-cü övladı, oğlan uşağı dünyaya gəlib. Bu səbəbdən bir müddət səhnədən uzaq düşsə də bu amil onun yaradıcılığına ciddi şəkildə təsir etməyib. İlboyu bir şox rəsmi və qeyri-rəsmi tədbirlərdə çıxış edən Gülyanaq Məmmədova bununla da tamaşaçılar qarşısında özünəməxsus şəkildə yaradıcılıq imtahanı vermiş olub. Təbii ki, Gülyanaq Məmmədovanın da yaradıcılıq zırvəsi onun ifasında çəkilən və tamaşaçılara təqdim edilən "Giley" klipi olub. Klipin bəstəkarı Sevinc Tofiqqızı, sözləri isə şair Məhsimindir. 2017-ci il sentyabr ayının 12-dü beynəlxalq Mətbuat Mərkəzində baş tutan klipin təqdimatı həqiqətəndə olduqca möhtəşəm keçdi. Klipin təqdimatında respublikamızın tanınmış sənətçiləri də iştirak edirdilər və onlar öz çıxışlarında həm Gülyanaq Məmmədova, həm də klipi ərsəyə gətirənlər haqqında yüksək fikirlər səsləndirdilər. Mübaliğəsiz demək olar ki, "Giley" klipi xalq artistinin digər klipləri ilə müqayisədə daha həzin, daha kədərli bir təsir bağışladı və musiqisevərləri dərhal özünün sehrinə saldı.

Gülyanaq Məmmədovanın başa çatmaqda olan ildə bir çox uğurları olub və tamaşaçıları rəngarəng konsert proqramları ilə sevindirib. Bu baxımdam Xalq artistinin Qəbələ beynəlxalq festivalında, həmçinin yuxarıda qeyd etdiyimiz kimi Türkiyədə keçirilən və türk dünyasının iki böyük şairi Bəxtiyar Vahabzadə və Əhməd Karakoçun xatirəsinə həsr edilən "Türk dünyasıda iz buraxanlar "tədbiri həyatındaki ən böyük hadisələrədən biri kimi qalacaq

Gülyanaq Məmmədova: "Türkiyədə keçirilən bu möhtəşəm tədbirin hələ də təsiri altından çıxa bilməmişəm. Biz Türkiyədə dəfələrlə olmuşuq və orada çoxsaylı tədbirlərdə iştirak etmiş, konsertlər vermişik. Amma Türkiyəyə hər gedişimiz bizim üçün bir bayram olub. Hərd dəfə də türkiyəli tamaşaçılar qarşısında konsert verərkən özümüzü xoşbəxt hesab etmişik. Çünki Türkiyə ilə Azərbaycan ulu öndər Heydər Əliyevin dediyi kimi "bir millət, iki dövlətdir"lər. Ona görə də türk dünyasının iki böyük şairinin Bəxtiyar Vahabzadə və Əhməd Karakoçun xatirəsinə həsr olunan tədbirdə konsert proqramı ilə çıxış etməyimiz bu möhtəşəm tədbirə dəvət edilməyimiz bizim üçün bir qürur mənbəyi oldu",- deyir.

2017-ci ildə Gülyaz və Gülyanaq Məmmədova bacılarının həyatında baş verən önəmli hadisələrdən biri də onların "Qız qalası" ansamblını yaratmaları və onunla uğulu çıxış etmələridir. "Qız qalası" anasamblının bədii rəhbəri Vüqar və İlqar Yusifov əkiz qardaşlarıdırlar.

Gülyanaq Məmmədova da növbəti ildə yaradıcılıq baxımından bəzi planlarının olduğunu söylədi: " Planlarımız və arzularımız şoxdur. Ancaq bu barədə dəqiq bir şey deməkdə çətinlik çəkirəm. Çünki sabah nə olacağını öncədən söyləmək olduqca çətindir".

Biz də öz növbəmizdə "Oxu məni" qəzeti və "Mediainfo.az" saytı adından Xalq artistləri, bənzərsiz ifaları ilə nənki respublikamızda, həm də türk dünyasında və beynəlxalq aləmdə yüz minlərlə musiqisevərin qəlblərini fəth edən Gülyaz və Gülyanaq Məmmədova bacılarına 2018-ci ildə daha böyük uğurlar arzu edirik.

Əziz Mustafa