"O boyda bəstəkara 10 manat pul verirlər…”

"O boyda bəstəkara 10 manat pul verirlər…”

24 Oktyabr 2017 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında" Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarında dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı bir hesabat ayı üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat müəyyən olunur. Habelə toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar müəyyən olunur. Bu qonorar şadlıq evlərinin, kafelərin, restoranların, barların və digər obyektlərin mülkiyyətçiləri tərəfindən ödənilir. Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir. Qonorarın məbləği əldə olunan gəlirdən faizlə yox, mütləq rəqəmlərlə göstərilməlidir.

AzVision.az dəyişikliklə bağlı müğənnilərin fikirlərini bölüşüb.

Elariz Məmmədoğlu dəyişiklikdən xəbərsiz olduğunu bildirib. "Belə bir dəyişiklikdən xəbərsizəm. Mən demək olar ki, daha çox öz mahnılarımı oxuyuram. Başqa bir müəllifin mahnlarından istifadə etmirəm. Buna görə də düşünmürəm ki, mənim üçün problem olacaq".

Müğənni Mətanət Əsədova və həmkarı Manaf Ağayev də məsələdən bixəbər olduqlarını deyiblər.

"Birinci dəfədir ki, bu haqda eşidirəm. Görək, necə olacaq",- M. Ağayev deyib.

Müğənni Cavanşir Məmmədov isə bildirib: "Bu, köhnə kəndə təzə dəb gətirmək kimi şeydir. Axı necə təyin edəcəklər ki, müğənni hansı toyda hansı mahnını oxuyub. Toy gözəl adətdir. Toy sahibi icazə verərmi ki, kasetə kimsə baxıb mahnını təyin etsin? Bizim gənclər Rəşid Behbudovu, Müslüm Maqomayevi hər gün görməlidirlər. Efir açılanda onların səsi gəlməlidir ki, nəvələrimiz tanısınlar. Soruşanda bu kimdir, cavab verə bilək. İstedadlı gənclərdən səviyyəli, bəstəkar musiqisi tələb edirik. Deyirik: oxuyun, öyrənin. Onda belə çıxır ki, 60-80 manata görə bəstəkar mahnılarını heç kim oxumasın? Əksinə bəstəkar mahnısı oxuyan müğənniyə 60 manat premya verməlidilər ki, sən bizim bəstəkarların mahnısını bilirsən".

Bəsətkar Tahir Əkbər isə ona hər manhısına görə 10 manat pul verildiyini deyib:
"O boyda bəstəkara 10 manat vermək ayıbdır. Müəllif Hüquqları Agentliyinin balansında dövlət tərəfindən bəstəkara ayrılmış pul olmalıdır. Belə bir dəyişiklik ara mahnılarına populyarlıq qazandıracaq. Ara mahnısı yazan adamın müəllif hüququ yoxdur. Desə ki, pul ödəyin, deyəcəklər səni heç kim tanımır. Onlara kim aparıb 60 manat pul verəcək?".