"Şahnaz”ın Raziyəsi

"Şahnaz”ın Raziyəsi

13 Oktyabr 2017 20:01
Bəyəndim (0) Bəyənmədim (0)

Sənətkar unudulmur, əsl sənətkar həmişə yaşayır. Sənətkar efirlərdə görünsə də, görünməsə də parlaq ifaları qulaqlarda hər zaman səslənir, xatırlanır. Belə sənətkarlardan biri də əməkdar artist, Prezident təqaüdçüsü Raziyə xanım Şirinovadır. Oxuduğu "Qatar"ı, "Şahnaz"ı ilə, zəngulələri, opera səhnəsində yaratdığı parlaq obrazları ilə yaddaşlara əbədi iz salan Raziyə Şirinova. Bu gün həmin sənətkar xanımın ömür və sənət yoluna işıq tutaraq bir daha sənətkar xanımı siz oxucularımıza təqdim edirik.

1973-cü il. Ölməz bəstəkarımız, xalq artisti bəstəkar Şəfiqə Axundova Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda dərs dediyi zaman auditoriyadan gələn "Qatar" muğamının tilsiminə düşür. Həmin səsin sahibi ilə maraqlanır. Deyirlər ki, Gədəbəyli qızıdır oxuyan. Şəfiqə xanım tərəddüdlə: "ola bilməz, Gədəbəy aşıqlar oylağıdır, ozanlar yurdudur, oradan qadın xanəndə çıxmayıb" - deyir. Raziyəni otağına dəvət edir. Həmin ildə də Şəfiqə xanımın "Gəlin qayası" operası Opera və Balet Teatrında tamaşaya hazırlanırdı, opera təsdiqlənmişdi. Beləcə, tələbə qız 1974-cü ildən "Gəlin qayası" operasında Tutu, Əmiqızı, Hərəmi obrazlarını yaradır. Dirijor, xalq artisti Rauf Abdullayevin köməkliyi ilə uğurlu çıxışları hər yerə səs salır. Sənət və mənəvi müəlliməsi, xalq artisti Gülxar Həsənova, tarzən Bəhram Mansurov, xalq artisti Canəli Əkbərovun təkidi və dəstəyi ilə "Şah İsmayıl" operasında Ərəbzəngi obrazını yaradır. Raziyə xanımın obrazlar qalereyasına "Leyli və Məcnun" operasında Leyli və Məcnunun anası, "Aşıq Qərib" operasında Şahsənəm, "Əsli və Kərəm" operasında Əsli, "Vaqif" operasında qarı kimi əsas, baş obrazları daxil olur və peşəkarların qiymətini alır. 1980-ci ildən 2006-cı ilə qədər opera səhnəsində fasiləsiz çalışır. Qeyd edək ki, Raziyə xanım sənətə bəstəkar Bəxtiyar Kərimovun "Çiçək" ansamblı ilə gəlib. Sonralar xalq artisti Ceyran Haşımovanın rəhbərlik etdiyi "Lalə qızlar" ansamblının solisti kimi Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Əhməd Bakıxanovun, Əhsən Dadaşovun, Baba Salahovun rəhbərlik etdiyi ansambllarda da çalışaraq mahnılar lentə aldırıb, xarici qastrol səfərlərində olub. Asəf Zeynallı adına musiqi texnikumunda bir il Seyid Şuşinskidən dərs alıb. Xanəndənin potensial imkanlarını Əhməd Bakıxanov üzə çıxardıb və həyat yoldaşı, əməkdar artist, tarzən Rafiq Məmmədovla ailə həyatı qurmalarına xeyir-dua verib, toyun ağsaqqalı olub. Seyid Şuşinskidən "Bayatı-Kürd" muğamının sirlərinə yiyələnib və onu lentə aldırıb. İfaları bu gün "Qızıl Fond"da qorunur, saxlanılır.

Onu da qeyd edək ki, 2006-cı ildə Opera və Balet Teatrından işdən çıxandan sonra fəaliyyətini Mədəniyyət Fondunun "Sönməyən ulduzlar" Assosiasiyası ilə bağlayıb və fondun hazırladığı "Solğun çiçəklər" tamaşasında Pəri, "Ər və arvad" tamaşasında Minnət rolunu yaradıb və bu iki tamaşa bu gün də fondun tamaşa repertuarındadır. Raziyə xanım dünya şöhrətli Zeynəb Xanlarova, Arif Babayev, Canəli Əkbərov, Gülxar Həsənova, Baba Mahmudoğlu kimi sənətkarlarla bərabər opera səhnəsində aparıcı rolları, muğam partiyalarını oynayıb.

2005-ci ildən Prezident təqaüdçüsüdür. 2006-cı ildə isə "əməkdar artist" fəxri adı ilə təltif olunub. Eyni zamanda Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına layiq görülüb.

Əməkdar artist 1988-ci ildən bu günə qədər əsgərlər qarşısında çıxış edir. Ən qaynar döyüş nöqtələrindən tutmuş paytaxtımızda yerləşən hərbi hissələrdə, hospitallarda konsertlər verib və bu gün də bu mötəbər ənənəni davam etdirir.

Raziyə xanımın yaradıcılıq imkanlarını genişləndirmək üçün ona mane olan sığındığı evin darısqallığıdır. Ancaq buna baxmayaraq yorulmadan öz üzərində çalışır. Efirlərdə ara-sıra görünsə də, qəlblərdə həmişə yeri var Raziyə xanımın. Çünki hələ də o "Qatar", "Şahnaz" qulaqlarda səslənir.

Alim Nəbioğlu

İsa Rəvan