“Bu bizik” də Məhəbbət Kazımov anıldı

“Bu bizik” də Məhəbbət Kazımov anıldı

3 Fevral 2017 15:54
Bəyəndim (0) Bəyənmədim (0)

Hər həftənin birinci günü saat 20:00-da milli-mənəvi irsimizi efir vasitəsilə təbliğ edən "Dünya" TV-nin "Bu bizik" verilişi bu dəfə mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun yaradıcılığına həsr olunmuşdu. Verilişdə qonaq olan prezident təqaüdçüsü, xalq artisti aktyor Yasin Qarayev, yazar Zahir Abbas, müğənni Könül Kərimova və bir çox mahnıların müəllifi bəstəkar Cabbar Musayev Məhəbbət Kazımovun sənətindən, sənətdə keçdiyi yollardan danışdılar. Könül Kərimova "Mənə bir az ondan danış" mahnısını oxuyandan sonra aparıcı Fərqanə Gülağaqızı müğənniyə ünvanladığı "Məhəbbət Kazımov kim olub sizinçün" sualına Könül xanım belə cavab verdi:

" Məhəbbət Kazımov nəinki mənim üçün, bütöv xalqımız üçün böyük sənətkar idi. Həmişə demişəm, Məhəbbət Kazımov mənim yaradıcılığımda xüsusi dəyəri olan bir insan olub. Mən sevinirəm ki, o boyda sənətkarla bir yerdə iş birliyim olub və buna görə özümü xoşbəxt sanıram. Sənət ola bilər, sevilə bilərsən, amma hər kəsin sənət dünyasında bir dəstək olanı, təkan verəni olur. Sənət dünyamda insanlara tanınmağımda, bu sənətdə bir Könül olaraq meydana gəlməyimdə onun çox böyük dəstəyi olub. Tək oxumaqla iş bitmir. Duet ortaqlığından əlavə həmişə mənə dəstək olub, ürək-dirək verərdi, deyərdi ki, səhnəyə çıxırsan, ürəkli ol, səndən yoxdur, çox yaxşı oxuyursan və. s".

Yasin Qarayev mərhum sənətkarla yaxın dostluğundan, birgə keçirdiyi günlərdən danışdı. Məhəbbət Kazımovu 21-ci əsrin ən xoşbəxt müğənnisi sayaraq, onu xalq sevgisi, şöhrət baxımından Bülbülün xələfi adlandırdı.

Cabbar Musayev bildirdi ki, Məhəbbət Kazımovla elə bir yaxın ünsiyyəti olmasa da, ancaq həmişə bir-birlərinə salamları, hörmətləri olub. Qeyd etdi ki, Məhəbbət Kazımovun heç kimi təkrarlamayan gözəl səs tembri, yaddaşlardan silinməyən avazı, səsi olub. Xalqın musiqiçini bu qədər sevməsini canlı olaraq Məhəbbət Kazımovda gördüyünü qeyd etdi. Həmçinin bildirdi ki, həmişə Laçın deyəndə Məhəbbət Kazımov yada düşür, Məhəbbət Kazımov da deyəndə Laçın yada düşür.

Zair Abbas bildirdi ki, ömrünün 17 ilini Məhəbbət Kazımovla birlikdə keçirib. Onu vətənini çox sevdiyinə görə ən böyük azərbaycanlı adlandırdı. Yazar qeyd etdi ki, Məhəbbət Kazımov elini, obasını, torpağını, vətənini sevən, dostcanlı, dostluğa möhkəm bit insan idi.

Veriliş sonda Məhəbbət Kazımovla bağlı yadda qalan xoş xatirələrlə yekunlaşdı.

Verilişin aparıcısı Fərqanə Gülağaqızı Məhəbbət Kazımovun simasında kişi siması olduğunu söylədi. Sonda aparıcı Fərqanə Gülağaqızı Məhəbbət Kazımova həsr olunmuş bu verilişdə əməyi olduğuna görə yazar Zair Abbasa öz təşəkkürünü bildirdi.

Картинки по запросу Məhəbbət Kazımov

İsa Rəvan