Bakıda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı başlayıb

Bakıda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı başlayıb

19 Sentyabr 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 18-də Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan festivalın açılışında çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylini Allahın Azərbaycan xalqına misilsiz bir töhfəsi olduğunu deyib. Nazir vurğulayıb ki, onun yaradıcı irsi təkcə öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün çox dəyərli mənəvi sərvətdir: "Zaman keçdikcə Üzeyir sənəti dünya xalqları tərəfindən daha çox sevilir, onun əsərləri heç bir sərhəd tanımır. Builki festivalın proqramı olduqca zəngindir. Festivalda Azərbaycanla yanaşı, Rusiya, Böyük Britaniya, ABŞ, Avstriya, Koreya Respublikası, Macarıstan, Almaniya və digər ölkələrdən görkəmli ifaçılar, musiqi kollektivləri iştirak edirlər".

Festivalın açılış mərasimində Elnarə Kərimovanın rəhbərlik etdiyi "Buta" kamera xorunun ifasında Ü. Hacıbəylinin, digər yerli və xarici bəstəkarların əsərlərindən parçalar səslənib. "Buta"nın ilk ifasında Böyük Britaniya musiqişünası Conatan Ratbonenin aranjmanında Ü. Hacıbəylinin "Leyli və Məcnun" operasından xalq artist Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın solistliyi ilə bir parça ifa edilib.

"Buta" kamera xoru Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2010-cu ilin noyabrında yaradılıb. Xorun əsas məqsədi Azərbaycan xor musiqisini və müxtəlif dövrlərə aid olan dünya musiqi nümunələrini milli və beynəlxalq festivallarda, müxtəlif tədbirlərdə ifa edib respublikamızı layiqincə təmsil etməkdir.

Qeyd edək ki, Üzeyir Hacıbəyli adına III Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Festival sentyabrın 30-dək davam edəcək.

Heç kim unudulmur, heç nə yaddan çıxmır.

Tofiq Əliyev

O.M.