Ermənilərə səs verən azərbaycanlılar MTN-ə çağırıldılar

Ermənilərə səs verən azərbaycanlılar MTN-ə çağırıldılar

16 Sentyabr 2011 03:42
Bəyəndim (0) Bəyənmədim (0)
"Eurovision-2009"-da 43 azərbaycanlı erməni təmsilçiləri İnqa-Anuş üçün SMS yollamışdı

Sayca 57-ci dəfə keçiriləcək "Eurovision" mahnı yarışmasına az vaxt qalır. 22 may günü Bakıda yarımfinal mərhələsi ilə müsabiqəyə start veriləcək. Azərbaycan debütantlardan sayılsa da, artıq aktivində 1 qızıl medalı var. Bu isə yüksək göstərici sayılır.

Ölkəmiz müsabiqədə 5-ci dəfə təmsil olunacaq. Ötən illər ərzində Azərbaycanda "Eurovision"la bağlı bir çox maraqlı hadisələr yaşanıb. Onlardan ən diqqət çəkəni 2009-cu il yarımfinal mərhələsi idi. Belə ki, ölkə əhalisinin 43 nəfəri erməni təmsilçilərinə səs vermişdi. O zaman bu ictimaiyyət və rəsmilər tərəfindən birmənalı qarşılanmadı. Faktla Milli Təhlükəsizlik Nazirliyi maraqlanmağa başladı. Səs verənlərin şəxsiyyəti müəyyənləşdirildi və hər biri MTN-ə çağırıldı. Onlardan şifahi və yazılı izahat alındı. O dövrü xatırlayan Rövşən Nəsirov bunları söylədi: "Mənə dedilər ki, səndə milli ruh yoxdur. Bu gün ermənilərə səs verirsənsə, sabah metronu da partlada bilərsən. Məndən izahat alındı." Rövşən Nəsirovu sorğu-sual edən MTN nümayəndəsi Ceyhun Süleymanov fakta bu cür aydınlıq gətirdi: "Azərbaycanla Ermənistan arasındakı münasibətlərin bugünkü vəziyyətini nəzərə alsaq, bu cür profilaktik tədbirlər məqsədəuyğundur. Biz ona heç bir təzyiq göstərmədik, sadəcə, məsələnin səbəbi ilə maraqlandıq. Söhbət etdik və onun vətəndaş mövqeyini ayırd etməyə çalışdıq." Rövşən isə hərəkətini belə əsaslandırdı: "Əvvəla, mən hakimiyyətə etiraz əlaməti olaraq ermənilərə səs verdim. İkincisi, mən ona qarşı idim ki, ölkəmi iranlı Araş təmsil etsin. Bundan başqa, mənə elə gəldi ki, ermənilərin mahnısı daha yaxşıdır. Mən onlara ancaq yarımfinalda cəmi bir SMS göndərmişəm."

Ötən illərin hadisələrini istər-istəməz təbəssümlə xatırlayırsan. Axı öhdəlikləri qəbul edərək "Eurovision" müsabiqəsinə qatılan bir ölkə onun şərtlərinə əməl etməlidir. Başqa sözlə desək, vətəndaşların kimə səs verməsinə məhdudiyyət qoyulmamalıdır. O ki qaldı ermənilərə, onlara görə narahat olmağa dəyməz. Başqasının mahnılarını oğurlayaraq özünə "musiqi mədəniyyəti" yaradan bir xalqın nümayəndəsi qalib ola bilməz. Çünki oğurluq mal həmişə ucuz satılır...

Könül Aypara

O.M.