Moskvada Müslüm Maqomayevin abidəsinin açılışı olub

Moskvada Müslüm Maqomayevin abidəsinin açılışı olub

15 Sentyabr 2011 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Rusiyanın paytaxtı Moskvada dahi azərbaycanlı ifaçı Müslüm Maqomayevin abidəsinin açılışı olub. "Anspress"in məlumatına görə, abidənin örtüyü ifaçının məşhur "Sən mənim melodiyamsan" mahnısının sədaları altında açılıb. Bu şərəfli işi Moskva rəhbərliyindən Lyudmila Şvesova və "Crocus İnternational" şirkətinin rəhbəri, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Araz Ağalarov həyata keçirib.

Daha sonra Azərbaycan və SSRİ-nin xalq artisti barədə ən xoş sözlər deyilib. İfaçının həyat yoldaşı Tamara Sinyavskaya abidənin qoyulmasında əməyi olan hər kəsə təşəkkür edib. Araz Ağalarov isə abidənin yerləşdiyi ərazinin M. Maqomayevin vaxtilə yaşadığı evə və Azərbaycanın bu ölkədəki səfirliyinə yaxın olmasından məmnun olduğunu bildirdi. A. Ağalarov qeyd edib ki, bu abidənin qoyulması ilə Müslüm Maqomayevin borcundan çıxmaq üçün kiçik bir cəhd edildi.

Daha sonra çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev abidənin qoyulması münasibətilə bütün Müslümsevərləri təbrik edib. O, bu abidəni Azərbaycan və Rusiya arasında dostluq abidəsi kimi səciyyələndirib.

Qeyd edək ki, abidənin müəllifi heykəltəraş, Rusiyanın xalq rəssamı Aleksandr Rukavişnikovdur.

Heç kim unudulmur, heç nə yaddan çıxmır.

Tofiq Əliyev

O.M.