Əbülfəs Qarayev Səməd Səmədovla bağlı narazılıqlara münasibət bildirib

Əbülfəs Qarayev Səməd Səmədovla bağlı narazılıqlara münasibət bildirib

14 Sentyabr 2011 17:28
Bəyəndim (0) Bəyənmədim (0)

"Kimsə bir başqasının oxumağını, oynamağını, piano ifa etməsini bəyənmir. Kimsə deyə bilər ki, mən ondan yaxşıyam. Bu, yaradıcılıqdır. Hər yaradıcı şəxsin öz yolu, öz üslubu, düşüncəsi mövcuddur. Onların hamısının yaşamağa və dəyərləndirilməyə haqqı var". Bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müğənni Ağasəməd (Səməd) Səmədovun bir neçə gün bundan əvvəl "Xalq artisti" fəxri adına layiq görülməsi ilə bağlı bəzi sənətçilər arasında narazılıqların yaranmasına münasibət bildirərkən deyib. Nazir qeyd edib ki, prezidentin qəbul etdiyi qərarlar hər kəsin yaradıcılığına verilən bir qiymətidir. Kiməsə əməkdar artist, kiməsə xalq artisti, kiməsə təqaüd verilir. Bütün bu qərarlara hörmətlə yanaşmaq lazımdır. Çünki hər bir insan öz yaradıcılığının bəhrəsini görür", - deyə o vurğulayıb.

Nazir bu cür narazılıqla bağlı şərh vermək istəyində olmadığını deyib: "Mən bu çıxışlara şərh vermək niyyətində deyiləm. Birincisi, cənab prezidentin sərəncamı var, heç kim bunu şübhə altına almamalıdır. Qərar verilib və bu, düzgün qərardır. Mən Səməd Səmədovu təbrik edirəm və ona yeni yaradıcılıq uğurları diləyirəm".

Qaliblər heç zaman mühakimə olunmur.

Tofiq Əliyev

O.M.