Yaşar Nuri ölkə rəhbəri tərəfindən mükafatlandırılıb

Yaşar Nuri ölkə rəhbəri tərəfindən mükafatlandırılıb

1 Sentyabr 2011 19:25
Bəyəndim (0) Bəyənmədim (0)
Ad günü üçün ən böyük hədiyyəni aktyora Prezident bağışladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif edilənlər siyahısına xalq artisti Yaşar Məmmədsadıq oğlu Nuriyevin adı da həkk olundu. Ölkə rəhbəri Yaşar Nurini Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə mükafatlandırıb.

Onu da əlavə edək ki, fitri istedada malik olan Yasar Nuri 1951-ci il 3 sentyabr tarixində Bakı şəhərində anadan olub. O, görkəmli komediya aktyoru, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycan Respublikasının Xalq Artisti, Prezident təqaüdçüsüdür.

Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub. Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib.

10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza TəhmasibƏliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib. İnstitutda, fakültədə, kursda Yaşar qeyri-formal lider olub. Tələbəlik çağlarında hamı ondan çox şey gözləyib, hamı onu "hazır aktyor" sayıb. İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s. obrazları yaradıb.

1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət edən Yaşar müəllim institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Yaşar Nuri Milli Dram Teatrında işlədiyi gündən indiyədək repertuarda olan bir çox tamaşalarda iştirak edib.

Sentyabr ayının 3-də 60 illik yubileyi olan Yaşar müəllimə ilk hədiyyəni prezident Ilham Əliyev təqdim etdi. Biz də "Oxu Məni" kollektivi olaraq "Jurnalistlərin dostu"nu yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, ona müqəddəs nemət olan cansağlığı arzulayırıq!

Könül Aypara