"Burulğan” bədii filminin treyleri təqdim olundu - FOTOLAR

"Burulğan” bədii filminin treyleri təqdim olundu - FOTOLAR

28 İyul 2016 13:43
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Beynəlxalq Mətbuat Mərkəzində ENES.F productionun növbəti layihəsi olan "Burulğan" filminin treyleri mətbuat nümayəndələrinə təqdim olundu. Bildirildi ki, sözügedən film öz ssenarisi və süjet xətti ilə digər filmlərdən seçilir. Belə ki, film özündə müharibə, döyüş, sevgi və intiqam kimi süjet xətlərini birləşdirir.

Mətbuat konfransında filmin rejissoru və ssenari müəllifi Sevinc Səfərova bildirdi ki, film çəkilişi zamanı çox yüksək texnika və kameralardan istifadə olunacaq və filmin müəyyən hissəsi xaricdə lentə alınacaq. Keyfiyyət və professionallığın əsas məqsədləri olacağını qeyd edən rejissor xalq olaraq mübarizəni təkcə silahla aparılmasının əleyhinə olduğunu da xüsusi vurğuladı: "Azərbaycan xalqı olaraq mübarizəni təkcə silahla döyüşərək deyil eyni zamanda, mədəniyyətimiz, musiqimiz, idmanımız, filmlərimizlə aparmalıyıq. "Burulğan" bədii filminin ssenarisi də elə bu məqsədlə qələmə alınıb. Bədii filminin ssenarisi daxilində müharibənin günahsız körpələrə, qadınlara, qocalara bir sözlə, insanlığa verdiyi fəsadları göstərmək və Azərbaycan xalqının dinlərə hörmətlə yanaşan tolerant bir xalq olduğunu vurğulamaq, dinindən, irqindən asılı olmayaraq, azad sevgini, öz mədəniyyətimizi və Azərbaycan xalqının mərdliyini geniş şəkildə dünyaya göstərərək, səsimizi film vasitəsi ilə dünyaya duyurmağı qarşımıza məqsəd qoymuşuq".

Filmin digər ssenari müəllifi olan Ruslan Nadir mətbuata açıqlamasında bu layihənin ölkəmizə böyük uğurlar gətirəcəyindən danışdı. Bildirdi ki, film sentyabrın sonlarına yaxın tamaşaçılara təqdim olunacaq.

Filmdə əsas rolları Amin Əliyev, Cavanşir Hadıyev, Hacıbaba Məmmədov, ukraynalı aktrisa Nataliya Nikitina və digər aktyorlar canlandıracaqlar.

Filmin baş rollardan birinin ifaçısı Hacıbaba Məmmədov çıxışında bildirdi ki, filmin çəkilməsində əsas məqsəd bayrağımızın və ölkəmizin qüdrətini, modern Azərbaycanı dünyaya tanıtmaqdır. Onun çıxışından aydın oldu ki, filmin çəkilməsində əsas məqsəd bütün dünyaya lazım olan mesajları məhz bu film vasitəsi ilə çatdıraraq həm də Azərbaycanın film mədəniyyətini göstərməkdən ibarətdir.

Məlumat üçün bildirdək ki, filmin rejissoru Sevinc Səfərova Nyu York film Akademiyasında təhsil alıb. Bir neçə filmlərin müəllifidir.

Hazırladı: Könül Aypara