Fazil Zeynalovun kitabları nərş olunub - FRANSA VƏ KANADADA

Fazil Zeynalovun kitabları nərş olunub - FRANSA VƏ KANADADA

20 İyul 2016 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa və Kanadada "Azərbaycanın neft və qaz ehtiyatları: ölkənin regional enerji həbinə çevrilməsi" kitabı ingilis dilində nəşr olunub.

Məşhur "Connaissances et Savoirs" nəşriyyatının eyni vaxtda hər iki ölkədə dərc edilən kitabın müəllifi Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru Fazil Zeynalovdur. Kitab 6 fəsildən ibarətdir. I fəsildə Azərbaycanın dünyada ən qədim neft istehsalçısı olduğu qeyd edilir, ölkənin neft və qaz resurslarının istismarı tarixi əks etdirilir. Bu diyarın orta əsrlərdə qonşu ölkələrə neft ixrac etdiyi bildirilir, zəngin təbii resurslara və əlverişli coğrafi mövqeyə malik Azərbaycanın tarixi inkişaf yolu nəzərdən keçirilir. II fəsildə Azərbaycanın dünya neft sənayesinin inkişafına töhfələri xatırlanır, vurğulanır ki, dünyada neftə tələbatın artması ilə əlaqədar XIX əsrdə Azərbaycan neft sənayesi sürətlə inkişaf etməyə başlayıb və ilk texniki yeniliklər məhz bu ölkədə tətbiq edilib. III fəsildə neft sektorunun xarici sərmayəçilərin üzünə açılmasındann, Azərbaycanın "yeni Eldorado"ya çevrilməsindən söz açılır, Heydər Əliyevin enerji strategiyasının incəliklərindən bəhs edilir. Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məlumat verən müəllif onun müasir Azərbaycanın inkişafında rolunu xüsusi vurğulayır. IV fəsildə Azərbaycanda neft və qaz marşrutların diversifikası siyasətinə toxunulur, milli neft və qaz strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın regional enerji habınə çevrilməsi haqqında məlumat verilir. V fəsildə neft və qaz gəlirlərinin cəmləşdiyi Dövlət Neft Fondunun şəffaf və səmərəli fəaliyyəti, onun Azərbaycan xalqının sosial rifahının yüksəlməsində rolu, strateji əhəmiyyətli layihələri maliyyəlləşdirməsi işıqlandırılır. VI fəsildə isə Xəzər dənizinin hüquqi statusu məsələsinə toxunulur və sahilyanı dövlətlər arasında imzalanan Rəşt, Gülüstan, Türkmənçay, Moskva və Tehran müqavilələri təhlil edilir. Müəllif Xəzər dənizinin hüquqi statusu ilə bağlı Azərbaycanın mövqeyinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olduğunu əsaslandırır.

"Connaissances et Savoirs" nəşriyyatı kitabın dünyanın ali məktəblərində dərs vəsaiti kimi istifadə olunmasını tövsiyə edib. Nəşriyyat kitabı "Azərbaycan: Odlar Yurdu" devizi ilə satışa çıxarıb. Bu, tədqiqatçı-alim Fazil Zeynalovun Fransa və Kanadada nəşr olunan sayca 7-ci kitabıdır.

Mediainfo.az