Azərbaycan incəsənəti Avropada

Azərbaycan incəsənəti Avropada

6 İyul 2011 18:38
Bəyəndim (0) Bəyənmədim (0)

Opera və Balet Teatrının Mətbuat Xidmətindən Oxumeni.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Avropada ən mötəbər musiqi festivallarından biri olan Münhen Opera sənəti festivalının bədii rəhbəri cənab Lüdviq Baumanın dəvəti ilə bu festivalda iştirak etməyə hazırlaşır. Simfonik orkestr bu il Münhen Opera festivalında artıq dördüncü dəfə iştirak edəcəkdir. 2007, 2008 və 2010-cu illərdə simfonik orkestrimizin festivalda iştirakı həm festivalın təşkilatçıları, həm də musiqi tənqidçiləri və Almaniyanın KİV-ləri tərəfindən bəyənilmiş və yüksək qiymətləndirilmişdi. Orkestrin qastrol səfəri avqustun 4-dən 9-a kimi olan müddətə nəzərdə tutulmuşdur. Musiqiçilərimizin iştirak edəcəyi Qala-konsert avqustun 7-də baş tutacaqdır. Orkestrdə Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı Azərbaycan bəstəkarları - Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov və P.Bülbüloğlunun da musiqiləri səslənəcəkdir. Orkestrin çıxışını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Xalq Artisti, professor Cavanşir Cəfərov və Münhen Opera sənəti festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk idarə edəcəklər. Simfonik orkestrin Almaniyaya qastrol səfəri Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə baş tutacaqdır. Paytaxtımızın aparıcı musiqi kollektivlərindən biri olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrinin Almaniyada keçirilən bu nüfuzlu festivalda iştirakı orkestrin yüksək professional səviyyəsinin parlaq nümunəsi olmaqla yanaşı, həm də bütünlükdə respublikada akademik sənətin Avropa miqyasında artıq özünü təsdiq etdiyini bir daha sübut edir.

Musiqinin yeddi hərfi olsa da, bütün dillərdə başa düşülür...

Könül Aypara

O.M.