Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub - FOTO

Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub - FOTO

29 Dekabr 2014 15:55
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir keçirilib. Apa -nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri və RAGB fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev Leyla Əliyeva adından qonaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edərək təşkilatın ötən ildəki fəaliyyətindən, keçirdiyi tədbirlərdən və humanitar aksiyalardan danışıb: "2014-cü il Azərbaycan üçün çox uğurlu keçdi. Ölkəmiz üçün fəxr ediləsi bir çox səbəblər var. 2015-ci ildə Azərbaycan Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Əminəm ki, gələcəkdə Azərbaycan digər qlobal layihələrdə də fəal iştirak edəcək".

Emin Hacıyev 2014-cü ilin RAGB üçün uğurlu keçdiyini söyləyib: "Təşkilatın təşəbbüsü ilə bir sıra yeni layihələr həyata keçirildi. İldən-ilə RAGB üzvlərinin sayı artmaqda davam edir. Bu gün keçirdiyimiz tədbirdə Rusiyanın 70 regionundan RAGB üzvü iştirak edir. RAGB Rusiya Federasiyasının ali təhsil müəssisələri, ictimai birlikləri ilə əməkdaşlıq edir. Bütün bunlar Rusiyanın müxtəlif guşələrindən olan azərbaycanlı gəncləri bir təşkilatda birləşdirməyi bacaran Leyla Əliyevanın sayəsində mümkün olub".

Tədbirdə çıxış edən Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun müavini İlqar Hacıyev RAGB üzvlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edərək Leyla Əliyevaya mərasimin təşkilinə görə təşəkkürünü bildirib. Daha sonra Moskva ali məktəblərinin azərbaycanlı tələbə klublarının nümayəndələri çıxış ediblər.

Tədbirin sonunda qonaqlara "Azərbaycan" ansamblının təqdimatında milli musiqi və rəqs nömrələri təqdim olunub.

Mediainfo.az