Pikassonun əsərləri milyon dollarlara satılıb

Pikassonun əsərləri milyon dollarlara satılıb

23 İyun 2011 20:34
854
Bəyəndim (0) Bəyənmədim (0)

Londonda Christies hərracında ispan rəssamı Pablo Pikassonun firçasına məxsus üç portret 67,6 milyon dollara satılıb. Rəssamın sevgilisi və modeli olan fransalı Mariya-Tereza Balteri təsvir etdiyi "Yatan qız" əsəri 21,7 milyon dollara alınıb.
2010-cu ildə "Yatan qız" naməlum kolleksiyaçı tərəfindən Sidney Universitetinə bağışlanmışdı. O şərtlə ki, şəkil hərraca qoyulsun və ondan alınan gəlir universitetin elmi tədqiqatlarına və inkişafına yönəldilsin. 1939-cu ildən əsər heç bir yerdə nümayiş etdirilməyib.
28,9 milyon dollara satılan "Mavi paltarda əyləşən qadın" əsərində Pikassonun başqa bir rəfiqəsi - fransalı rəssam və fotoqraf Dora Maar təsvir olunub. Pikassonun1944-1953-cü illərdə rəfiqəsi olan fransalı rəssam Fransuaza Jiloya həsr etdiyi "Fransuazın büstü" əsəri isə hərracda 17 milyon dollara satılıb.
Hərracda satılan şəkillər içərisində Pol Qoqenin "Vadi" əsəri 19 milyon dolllara, Pyer-Oqyust Renuarın "Çılpaq uzanan qadın" və Rene Maqrittin "Səyahət haqqında xatirələr" əsəri 8 milyon dollara alınıb. 21 iyunda Christies impresionistlər və müasir incəsənət hərracında 227 milyon dollar (140 milyon funt sterlinq) məbləğində lot satılıb.
Pikassonun fırçasından çıxmış və Mariya-Tereza Valterə həsr edilən "Büst və yaşıl yarpaqlar fonunda çılpaq qadın" portretinin qiyməti incəsənət nümunələrinin satışı tarixində 2010-cu ildə rekord müəyyən edib. Naməlum kolleksiyaçı Christies hərrac evində bu əsəri 106,5 milyon dollara alıb.

Könül Aypara